Ermənistanın Armavir vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yanacaq daşıyan yük avtomobili konteyner daşıyan yük qatarı ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə "Cənubi Qafqaz Dəmir Yolu" ASC "Sputnik Ermənistan"a məlumat verib.
Hadisə bu gün saat 11:55-də Dalarik stansiyasında qeydə alınıb. Qəza nəticəsində dəmir yolunun kontakt şəbəkəsi və lokomotiv ciddi zədələnib.
Ermənistan Daxili İşlər Nazirliyinin ilkin məlumatında qəza zamanı xəsarət alanların olmadığı bildirilsə də, sonradan Səhiyyə Nazirliyi bir nəfərin yaralandığını təsdiqləyib. Xəstəxanaya yerləşdirilən şəxsin (ehtimala görə, yük maşınının sürücüsü) baş nahiyəsindən xəsarət aldığı və vəziyyətinin orta-ağır olduğu, həyatı təhlükəsinin tapılmadığı bildirilib.
Baş vermiş qəza səbəbindən bu gün saat 14:25-ə planlaşdırılan İrəvan-Gümrü sərnişin qatarının reysi təxirə salınıb. Dəmir yolu şirkəti yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Bizim.Media
































































































