Məlum olduğu kimi, dünən Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı yürüş keçirilib. Yürüş zamanı Türkiyənin dövlət bayrağının yandırılması bir daha göstərdi ki, bu ölkədə radikal milliyyətçilik və dözümsüzlük təkcə marginallaşmış qrupların deyil, bütövlükdə ictimai-siyasi mühitin mühüm elementinə çevrilməkdədir.
Belə aksiyalar heç bir halda təsadüfi emosional davranış, fərdi təəşbbüs kimi qiymətləndirilə bilməz. Türkiyə bayrağının yandırılması birbaşa olaraq, uzun illər formalaşdırılmış ideoloji xəttin nəticəsidir.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA
Radikalizm dövlət və cəmiyyət səviyyəsində
Baş verən hadisə ilk növbədə Ermənistan cəmiyyətində radikallığın, millətçi və hətta faşizmə yaxın ideoloji meyillərin nə qədər dərin kök saldığını nümayiş etdirir. Əslində, bu radikallığın hansı həddə olduğu Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Çünki xalqımızın başına ermənilərin Qafqaza köçürülməsindən sonra – son iki yüz il ərzində misli görülməmiş müsibətlər gəlib.
Soyıqırımlarla yanaşı, deportasiyalar, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi abidələrin dağıdılması, tarixi faktların saxtalaşdırılması kimi erməni radikalizminin saymaqla bitməyən nümunələri mövcuddur. Bütün bunlar eyni ideoloji xəttin müxtəlif təzahürləridir. İrəvanda baş verən son olay da bu zəncirin növbəti halqası kimi qiymətləndirilməlidir.
Təxribatın siyasi mahiyyəti
Hər hansı dövlətin bayrağının yandırılması beynəlxalq praktikada açıq-aşkar təxribat və qarşıdurmanı dərinləşdirməyə yönəlmiş addım kimi qəbul olunur. Bu, nə ifadə azadlığıdır, nə də demokratik hüquqlar çərçivəsində izah edilə biləcək davranışdır. Əksinə, bu cür addımlar regionda onsuz da həssas olan münasibətləri daha da gərginləşdirməyə xidmət edir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu hadisə spontan şəkildə deyil, təşkil olunmuş tədbir çərçivəsində baş verib. Bu isə məsuliyyət məsələsini birbaşa Ermənistan hakimiyyətinin üzərinə yönəldir.
Bəli, Ermənistan tərəfi və bəzi dairələr bu kimi halları “ifadə azadlığı” ilə əsaslandırmağa çalışsa da, bu arqument reallıqla uzlaşmır. Çünki ifadə azadlığı nifrətin, düşmənçiliyin və zorakılığa çağırışların legitimləşdirilməsi demək deyil. Bayraq yandırılması konkret olaraq bir dövlətə, xalqa qarşı yönəlmiş simvolik təhqirdir. Beynəlxalq hüquq praktikasında da bu cür hallara birmənalı yanaşma mövcuddur.
Digər tərəfdən, iddia olunduğu kimi, bu addım sadəcə bir radikal milliyətçinin təşəbbüsü olsa idi, ən azından hüquq-mühafizə orqanları tərəfindən müdaxilə olunardı. Ancaq məlum videoda bayrağı yandıran şəxsə hər hansı müdaxilə bir yana, gözün üstə qaşın var deyən də çıxmır. Bu isə səssiz razılıq kimi qiymətləndirilməlidir.
Susqunluğun doğurduğu suallar
Bu məsələdə səsini çıxarmayan təkcə Ermənistan hüquq-mühafizə orqanları deyil. Türkiyə mediası da bu hadisə qarşısında böyük ölçüdə susqun qalıb. Adətən regionda baş verən xırda hadisələrə belə geniş reaksiya verən Türkiyənin bəzi media orqanlarının bu məsələdə passiv mövqe sərgiləməsi suallar doğurur.
Xüsusilə də yandırılan bayraq – Türkiyə xalqı üçün ən həssas məsələlərdən biri, qırmızı xəttdir. Amma hər fürsətdə Azərbaycanı hədəf almağı yaddan çıxarmayan Türkiyənin bəzi media resursları, deyəsən bu məsələdə danışmağı, yazmağı “yaddan çıxarıblar”. Belə görünür ki, Türkiyədəki erməni sevdalıları bu məsələdə də öz sözünü deyib, medianı susdurmağı bacarıblar.
Bakı-Ankara xətti: dəyişməz strateji kurs
Həmin şəxslərin kim olması Azərbaycan cəmiyyəti üçün sirr deyil. Çünki bu fiqurlar Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərini hər zaman biri-birindən fərqli istiqamətlər üzrə təqdim etməyə çalışıblar.
Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri bir-biri ilə sıx bağlıdır və eyni geosiyasi kontekst daxilində formalaşır. Bu yanaşma həm Bakının, həm də Ankaranın rəsmi siyasətində açıq şəkildə ifadə olunur.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Antalya Diplomatiya Forumunda açıq şəkildə bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır və bu proses Azərbaycanla sıx koordinasiya şəraitində həyata keçirilir.
Göründüyü kimi, Ankara Bakı ilə münasibətlərdə strateji müttəfiqliyi prioritet hesab edir və regionda baş verən proseslərə də məhz bu prizma ilə yanaşır. Bu Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında qurulan dostluq, qardaşlıq münasibətləri ilə sıx bağlıdır. Məhz iki liderin qardaşlığı ölkələrimiz arasında əlaqələrin əsasını təşkil edir.
Son dövrlərdə keçirilən beynəlxalq platformalarda, o cümlədən Antalya Diplomatiya Forumunda liderlərin görüşü və müzakirə olunan məsələlər bir daha göstərdi ki, Bakı-Ankara xətti regionda əsas strateji sütun olaraq qalır.
Radikalizmin açıq göstəricisi və məsuliyyət zərurəti
İrəvanda baş verən bayraq yandırılması hadisəsi təkcə emosional aksiya və ya təsadüfi davranış kimi qiymətləndirilə bilməz. Bu olay Ermənistan cəmiyyətində uzun illər ərzində formalaşmış radikal ideoloji mühitin açıq göstəricisidir və mövcud siyasi-ictimai xəttin açıq təzahürüdür.
Dövlətlərin bayraqlarına qarşı yönəlmiş bu cür addımlar beynəlxalq münasibətlər sistemində qarşıdurmanı dərinləşdirən, etimadı sarsıdan və regional sabitliyə zərbə vuran davranışlar kimi qəbul olunur. Buna görə də baş verən hadisəyə hüquqi və siyasi qiymətin verilməsi, məsul şəxslərin müəyyən olunaraq cəzalandırılması və analoji halların qarşısının alınması üçün real və sistemli tədbirlərin görülməsi vacibdir.
Əhməd Muradov, Bizim.Media































































































