“Murovdağ əməliyyatı ordunun onurğa sütununu sındırmağa hesablanmışdı”

Hazırda oxunan: “Murovdağ əməliyyatı ordunun onurğa sütununu sındırmağa hesablanmışdı”

46119

Mühacirətdə olan polkovnik, müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov Moderator.az-a müsahibə verib, onu təqdim edirik:

-Atəşkəsin 20 ilinin tamam olması günündə hansı hisləri keçirdiniz?

-Hər şeydən öncə atəşkəsdən danışarkən onun hardan və niyə əmələ gəldiyini araşdırmaq lazımdır. 4 iyun qiyamından sonra qısa bir müddətdə 6 rayon işğal olundu. Müharibə gedə-gedə 36 batalyon AXC batalyonları adı altında ləğv edildi. Əsas məqsəd də Surət Hüseynovun vurulub sıradan çıxarılması və hakimiyyət üçün real təhlükədən ən birincisini neytrallaşdırmaq idi. Xatırladım ki, o vaxt nəinki bütün güc strukturları, hətta Müdafiə Nazirliyi də Surətin tabeliyinə verilmişdi. Azərbaycan tarixində belə bir şey olmamışdı. Surət Hüseynov da bir neçə dəfə Vahid Musayevi müdafiə naziri təyin etmək istədi, Heydər Əliyevsə onu kənarlaşdırdı. Heydər Əliyev əmin idi ki, hakimiyyətdə möhkəmləndikdən sonra səfərbərlik elan edərək qış əməliyyatına başlamaqla həmin işğal altında olan torpaqları azad edəcək. Yadınızdasdırsa noyabrda Heydər Əliyev səfərbərlik elan elədi və bu iş icra başçıları ilə hərbi komissarlıqlara tapşırılmşıdı. Yəni səfərbərlik üçün lazım olan heç bir hazırlıq aparılmamışdı. Həmin səfərbərlikdən bir ay sonra uğursuz qış əməliyyatına başlanıldı. Təkcə Kəlbəcər istiqamətindəki hərbi əməliyyatlarda 5 minədək əsgər və zabitimiz ya güllədən, ya da donvurmadan həlak oldu.

-Həmin vaxt siz özünüz hansı vəzifədə idiniz?

-Mən onda müdafiə nazirinin müavini idim. Amma o vaxt hansı ki, Müdafiə Nazirliyində keçirilən kollegiyaya nazir müavinlərini də yığımışdılar, orda mən çıxış edərək qətiyyətlə bu əməliyyatın martın ortalarınadək təxirə salınmasını təklif elədim. Bildirdim ki, ləğv olunan batalyonların əvəzinə yeni qüvvələr cəlb edilməli və səfərbər olunan batalyonları briqadalara bölərək korpus səviyyəsində ən azı 4-5 ay hazırladıqdan sonra döyüşə atmaq olar. Hələ kollegiyadan öncə onun kabinetində bu məsələ müavinlərlə bir yerdə müzakirə olunanda müdafiə naziri ilə aramızda münaqişə yaşandı və dedi ki, sən niyə bizə mane olursan, Ali Baş Komandan bizə göstəriş verib ki, dekabrın ortalarında qış əməliyyatına başlayaq. Bir nazir müavini də əvvəlcədən hazırlanmışdı ki, kollegiyada çıxıb desin ki, biz tam hazırıq və ermənilərə divan tutacağıq. Hətta müavinlərdən biri ayağa qalxaraq dedi ki, mən 3 gün ərzində Füzuluni götürəcəm, 7 gün ərzində də Zəngilanı və hətta lazım gəlsə əmrinizi gözləyirəm ki, Zəngəzura da keçim.

-Hansı müavin idi?

-Adını çəkmək istəmirəm, Allah rəhmət eləsin, gəlib böyrümdə oturanda buna dedim ki, heç utanmırsan danışdıqlarından, belə qoçaqsansa niyə o zaman həmin mövqelərdən geri çəkilirdin? Yazıq-yazıq qayıtdı ki, İsa, mənə bərk-bərk tapşırıblar ki, dura ayağa, belə danış. Yəni qış əməliyyatı belə bir səviyyədə hazırlanmışdı. Bu əməliyyat Birinci Qarabağ müharibəsi  tarixində ən uğursuz və faciəli bir əməliyyat kimi silahlı qüvvələrimizin tarixinə yazıldı. Məhz bu əməliyyatdan sonra Heydər Əliyev anladı ki, onu aldadıblar və bu müharibə uzanaraq onun hakimiyyətinə real təhlükə yarada bilər. Əslində 94-cü ilin 12 mayında qüvvəyə minmiş atəşkəsin təməli məhz uğursuz qış əməliyyatında qoyuldu və məqsəd də Rusiya hərbi dairələrinin dəstəyi ilə silahlı qüvvələrin döyüş ruhunu sarsıtmaq idi. Yəni əgər Xocalı qırğını mülki əhalidə vahimə yaratmağa hesablanmışdısa, Murovdağ əməliyyatı ordunun onurğa sütununu sındırmaq niyyətiylə dekabra salınmışdı.

-Atəşkəs bizə nə verdi, nə aldı?

-Atəşkəs tamam başqa şeydir. Dünya hərb tarixində atəşkəslər o zaman baş tutur ki, regionda epidemiya yayılmaması üçün tərəflər bir neçə günlük meyitləri basdırmaq, əsirləri, girovları dəyişdirmək üçün razılığa gəlirlər. Yəni atəşkəs sazişi qısa bir müddət üçün keçərli ola bilər. İkincisi də tərəflərdən birinin məğlubiyyəti nəticəsində atəşkəs sazişi imzalana bilər. Yəni məğlubiyyəti qəbul edərək sülh sazişi imzalayırsan. Əslində Azərbaycan bu sazişlə torpaqlarının işğalıyla razılaşdığını, alçaldıcı sülhə hazır olduğunu ortaya qoyur. Aradan keçən 20 il də göstərdi ki, bizimkilər atəşkəsə imza atmaqla torpaqları işğaldan azad etmək üçün deyil, onu unutdurmaq niyyəti güdüblər. Halbuki atəşkəsdən dərhal sonra qısa müddət ərzində  bütün ölkəni müharibə ovqatına kökləyərək yenidən hərbi əməliyyatlara başlamaq lazım idi. Amma əvəzində bizdə nələr baş verdi? Atəşkəsdən sonra hakimiyyət erməniləri unudub düşdü daxildə düşmən axtarışına və 94-cü ilin oktyabr, 95-ci ilin qanlı mart hadisələri törədildi. Bundan sonra isə müharibənin od-alovundan keçmiş zabitlərin kütləvi surətdə ordudan tərxis olunmasına başlanıldı.

-Bir müddət öncə saytımıza müsahibənizdə demişdiniz ki, Rusiyanın nə ordusu var, nə iddia olunan hərbi gücü. Amma bu ilki 9 may paradı öz möhtəşəmliyi və bu günədək üzə çıxarılmayan silahların nümayişi ilə yadda qaldı.

-Sualınıza sualla cavab vermək istəyirəm. Siz Azərbaycanda da keçirilən paradı gördünüzmü? Yəni parada baxanda adam özünə belə sual verir ki, yaxşı, bəs nəyi gözləyirsiniz, gedin torpaqları işğaldan azad edin də. Yəni deməyim odur ki, sülh dövründə silah nümayişi tamam başqa şeydir, səngərdə və müharibə meydanlarındakə əzələ nümayişi tamam başqa şey. Bu gün Rusiyanın hərbi gücü ilə ona rəqib olan NATO-nun hərbi gücünü hətta müqayisə etmək istəyənlərin halına acıyıram. NATO=da olan müasir hərbi texnologiyalar və modern silahlar Rusiyada yoxdur və heç 20 ildən sonra da olması mümkün deyil. Təkcə Gürcüstandakı əməliyyat zamanı Rusiya 19 təyyarə, 200-dən artıq müasir tank itirdi. Çeçenistan müharibəsi nə tez yaddan çıxdı? Artıq ən müasir rus ordusu çeçenlərlə bacara bilmirdi və rus əsgərinin canına bir vahimə düşmüşdü. Bu gün Rusiya dünyanı sadəcə əlində olan nüvə silahı ilə şantaj edir. Bölgədə ən güclü quru qoşunları Türkiyədədir. Bunu Rusiyanın özü də qəbuil edir.

-Ukrayna ilə bizdən fərqli olaraq yaxından təmasdasınız və prosesləri həm özünüz müşahidə edir, həm də lazımı məlumatlar əldə etmək imkanınız var. Ukraynada baş verənləri vətəndaş müharibəsi adlandırmaq olarmı?

-Bunu heç bir halda vətəndaş müharibəsi adlandırmaq olmaz. Baş verənlər sadəcə separatçıların və Rusiya tərəfindən kriminal ünsürlərin cəlb edildiyi bir münaqişədir.

-Mayın 25-dəki prezident seçkilərindən sonrakı Ukraynanı nə gözləyir?

-Bu gün ən real namizəd milyarder Poroşşenkodur və bu günki rəy sorğuları onun ən azı 40 faiz səs toplayacağını göstərir. Poroşşenko 3 gün idi ki, Almaniyada idi və qayıtdıqdan sonra Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiyaya meydan oxudu və Putinin planlarına boyun əyməyəcəklərini, separatçılarla heç bir danışıqlara gedilməyəcəyini, lazım gəlsə sonadək vuruşacaqlarını bildirdi. Mən tez-tez orda olan dostlarla əlaqə saxlayıram. Donbasın şaxtaçıları deyir ki,əgər Donetsk Rusiyaya birləşsə, biz ayağa qalxacağıq. Yəni onlar qəti şəkildə Rusiyaya birləşməyin əleyhinədirlər. Hətta orda yaşayan ruslar da anlayırlar ki, Rusiyaya birləşmək onlara bədbəxtlikdən savayı heç nə verməyəcək. Amma insanlar canlarını dişlərinə tutub emosiyaların soyumasını gözləyirlər. Ona görə də hesab edirəm ki, 25 may seçkilərindən sonra yeni Ukrayna prezidenti daha hazırlıqlı və təşkilatlanmış şəkildə separatizmə qarşı amansızlıqla mübarizə aparacaq.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin