Millət vəkili AXCP qərargahının partladılmasının ciddi araşdırılmasını tələb etdi

Hazırda oxunan: Millət vəkili AXCP qərargahının partladılmasının ciddi araşdırılmasını tələb etdi

42793

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a  eksklüziv müsahibə verib, onu təqdim edirik:

-Partiyanın İdarə Heyətinin ötən iclasında  təhsil sistemindəki mövcud durumdan çıxış yolları barədəki təkliflərinizin qəbuledilməz olduğu iddiası var. Yəni hakimiyyət Sizin təklif etdiyiniz kimi müəllimlərin maaşın 3 dəfə qaldıran, dövlət universitetlərini özəlləşdirən deyil axı.

-Bizim təkliflərimiz təhsil siteminin yenidən qurulmasına və mövcud problemlərin aradan qaldırılmasına hesablanıb. Biz özümüzdən yeni heç nə kəşf etməmişik ki, nəsə də qəbuledilməz bir şey təklif edək. Biz Qərb dünyasının keçdiyi yolu xatırladırıq sadəcə. Əgər iqtidar doğrudan da təhsildə ciddi islahatlar aparmaq istəyirsə, bunun alternativi yoxdur. Buna görə də təhsilə vəsait qoyulmalıdır. Dövlət dövlət ali məktəblərinin saxlanması yükündən azad olunmalıdır. Dövlət nəinki dövlət universitetlərinə pul ayırmalı deyil, əksinə, universitetlər dövlətin büdcəsinə vəsait ödəməlidirlər, həmin vəsaitlər hesabına da orta məktəb müəllimlərinin əmək haqları artırılmalıdır.

-Dövlət universitetlərin özəlləşdirilməsi özbaşınalığa yol açmaz ki?

- Təbii ki, özəlləşdirildikdən sonra da dövlət həmin universitetlərə nəzarət etməlidir ki, özbaşına qərarlar verilməsin, təhsil haqları və digər ödənişlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilsin. Mən bir daha təkrar edirəm ki, bu qədər dövlət universitetinin olması mənasızdır və bir tərəfdən də yenilərini yaradırlar. Yalnız bir- iki xüsusi təyinatlı akademiyalar istisna olunmaqla qalan bütün dövlət universitetləri, hətta bir çox xüsusi təyinatlı akademiyalar da özəlləşdirilməlidir. Baxın, vəziyyət necədir. Nə qədər iddia olunsa da ki, orta təhsil pulsuzdur, reallıq tamam başqadır. Ancaq kağız üzərində orta təhsil pulsuzdur.Universitetə daxil olan istənilən bir şəxsdən soruşun, görün o repetitor yanına getmədən universitetə daxil ola bilərdimi? Yəni biz nə qədər dansaq da ölkədə orta təhsil də faktiki olaraq pulludur. Bu da aztəminatlı ailələrin büdcəsinə çox ciddi ziyan vurur.

-Dediklərinizin hamısı elə səhiyyə sistemində də var.

-Tamamilə haqlısınız. Sevindirici hal odur ki, nəhayət uzun illərdən sonra 15 il bundan qabaq qəbul olunmuş “İcbari sığorta haqqında” qanun indi tətbiq olunmaq üzrədir və bununla bağlı Nazirlər Kabineti hərəkətə keçmək qərarı verib. Bu bizim seçki platformamıza da illər uzunu daxil edilmişdi ki, eyni qaydada səhiyyə obyektləri də özəlləşdirilməlidir və icbari tibbi sığorta tətbiq olunmalıdır ki, maddi vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşımız yüksək keyfiyyətli səhiyyə xidməti ala bilsin. Bu gün əhalinin böyük əksəriyyəti müayinə, müalicə və əməliyyat üçün xaricə üz tuturlar və Azərbaycana müxtəlif yolxucu xəstəliklərlə, qan viruslarıyla  qayıdırlar. Parlamentin sonuncu iclasında mən də orda bu məsələyə toxundum,hörmətli həmkarımız Qənirə xanım da. Artıq gizlətmək mümkün deyil ki, ölkə əhalisinin 10 faizi “Hepatit C”virusuna yoluxub. Düşünürəm ki, bununla bağlı həyəcan təbili çalınmalıdır. Bu xəstəliyin müalicəsi həddindən artıq bahadır və ildə orta hesabla 20 min dollar vəsait lazım olur.  Bu barədə əhali də ciddi məlumatlandırılmalıdır. Bununla yanaşı səhiyyə sistemində də ciddi islahatlar aparılmalıdır. Mən seçki kampaniyası dövründə də dəfələrlə səsləndirmişdim ki, niyə rayonlarda tikilən diaqnostika mərkəzlərini dövlət tikməlidir axı? Yəni sadəcə Səhiyyə Nazirliyi bəyan etməlidir ki, filan rayonda filan səviyyəli xəstəxana, klinika və ya diaqnostika mərkəzinə ehtitac var, bununla bağlı tender və ya hansısa formada müsabiqə elan oluna bilər ki, sahibkarlar xaricdə yatırdıqları vəsaiti gətirib öz iqtisadiyyatımıza və öz millətimizə xərcləsinlər, hamı da bundan qazansın.

-Ukrayna hadisələrinə ölkədəki bütün siyasi və ictimai quruluşlar münasibət bildirsə də rəsmi Bakı hələ ki, seyr etməklə kifayətlənir. Bu da balanslaşdırılmş susqunluqdur?

-Buna ilk reaksiya verənlərdən biri elə bizim partiya oldu. Bəyan etdik ki, Azərbaycan hökuməti Ukraynanın yeni hökumətinə dəstək verməli və ölkənin ərazi bütövlüyünə öz dəstəyini ifadə etməlidir. Amma iqtidarın reaksiya verməməsini də mən sözün doğrusu normal qəbul edirəm. Xatırladaq ki,90-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal olunanda biz rəsmi Kiyedən hər hansı formada elə bir xüsusi dəstək görmədik. Biz o vaxt heç bir beynəlxalq tribunada Ukraynanın hayqırtısını, etirazını eşitmədik. Yəni o vaxt Ukrayna bizə görə Rusiya ilə üz-üzə gəlməkdən çəkindi. Əlbəttə, xarici işlər nazirimiz bəyan elədi ki, biz Ukraynadakı problemlərin sülh yoluyla həllini istəyirik və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Yəni Ukraynanın hər zaman bizə dediyini biz də eyni formada onlara deyirik. Halbuki Ukrayna böyük dövlət olduğundan daha çox şey edə bilərdi, ona görə də bizim kimi kiçik dövlətin Ukraynanın  bizə etdiyindən arıq nəsə etməsini “Don Kixot”luq hesab edərdim.

-Son vaxtlar hamını təriqətlərə bölmək cəhdləri sezilir və hətta lətifəyə də çevrilib bu məsələ.Sizi də hansısa təriqətin üzvü kimi təqdim etmək həvəsinə düşüblərmi?

-Mənim siyasi fəaliyyətim o qədər şəffafdır ki, kimlərinsə məni nədəsə ittiham etməsi mümkünsüzdür və hətta belə həvəsə düşənlər də fikirləşirlər ki, bu cür ittihamlar irəli sürsələr, gülünc duruma düşərlər.  Ata-babamız şiə müsəlmanıyıq. Amma şəxsən mənim özüm üçün şünni-şiə söhbəti yoxdur. Yaxud mənim üçün təriqətlərin də fərqi yoxdur.  Yalnız o təriqətlər ki, ekstremizmə meylənirlər, mən buna qarşıyam. Mən heç nə nurçuluğa qarşıyam, nə sələfiliyə, nə vahhabiliyə, əgər onlar doğrudan da siyasətə bulaşmaq istəmirlərsə, ekstremizmə yuvarlanmırlarsa, zorakılığa meyl etmirlərsə, o zaman  kim hansı təriqətə qulluq edir etsin. Məsələn, Qənirə xanım çıxış edərək bildirdi ki, onu nurçuluqda itiham edirlər. Doğrusu, bu məni çox narahat elədi.Mən bunu çəkinmədən deyirəm ki, Qənirə xanım qanıyla, canıyla, bütün varlığıyla bu millətə bağlı bir adamdır. Millət üçün bütün gücünü, enerjisini və potensialını əsirgəməyən bir adamı nurçuluqda itiham etmək ədalətsizlik və qanunsuzluq bir yana, ən böyük günahdır. Amma hətta onun da istər nurçularla, istər başqa təriqətin daşıyıcılarıyla da çox gözəl əlaqələri də ola bilər. Burda qəbahət axtarmağın özü qəbahətdir.

-Bayaq təhsildən danışanda mən qəsdən ölkədəki bütün türk okullarının və hətta Qafqaz Universitetinin SOKAR-a verilməsini demədim. İndi təriqət davasından və Türkiyədə yaşananların fonunda ölkədəki bütün türk yönətimli məktəblərin bu quruma verilməsinin mənası nədir?

-SOKAR-ın tərkibində bir akademiya da açıldı, əslində heç buna da ehtiyac yox idi. O boyda Dövlət Neft Akademiyası var. Məhz orda təhsilin səviyyəsini qaldırmaq lazımdır. Biz bilirik ki, orda təhsilin səviyyəsi heç də ürəkaçan deyil. Təbii ki, narahatçılıq məhz ordan qaynaqlanır ki, SOKAR özünə buna paralel ali məktəb açıb. Amma həmin Neft Akademiyasının rektorunun iqtidara nə qədər yaxın adam olmasına baxmayaraq bu problemin üstünə getmək lazım idi, nəinki yeni məktəb açmaq. Mən hesab edirəm ki, Dövlət Neft Şirkəti gedib nefini çıxarmalıdır, onun təhsillə nə işi var7 Təbii ki, ayrı-ayrı xeyriyyəçilik tədbirləri keçirə bilər, ayrı-ayrı elmi araşdırmalar, tələbələrin xaricdə təhsil almasına görə müəyyən qrantlar üçün vəsait ayıra bilər. Bu tamam başqa məsələdir.

-Jurnalistlərin siyasilərə  “Siz Müsavat başqanlığına ən real və layiq namizəd kimi görürsünüz” sualına cavab istəməsinə çox vaxt cavab verməkdən boyun qaçırmaq üçün deyirlər ki, bu başqasının daxili işinə qarışmaqdır. Ancaq biz bununla razı deyilik, sadəcə cəmiyyətin rəyini öyrənmək istəyirik, kimisə nəyəsə təhrik etmirik ki.

-Mən Müsavatın rəhbərliyində olan insanları tanıyıram və onların çoxunun xarakterinə də bələdəm. Müsavatın üzdə olan və görünən namizədləri içərisində iqtidarla normal münasibətlər qurmaq gücündə olan, digər müxalifət partiyaları ilə əməkdaşlıq qurmaq imkanı olan Qubad İbadoğludur. Amma istənilən halda bu yalnız Müsavat partiyasının özünün qəbul edəcəyi qərardan asılı olcaq. Digər partiyalar da bu seçimə hörmətlə yanaşmalıdır.

-AXCP-nin qərargahının partladılmasına partiyanızın münasibəti necə oldu?

-Hesab edirəm ki, doğrudan da burada bir təxribat ola bilər. Bir çox hallarda kimlərinsə əzabkeş obrazının yaradılması da həm ayrı-ayrı xarici qüvvələrə, həm iqtidara, həm daxildəki qüvvələrə sərf edə bilər. Amma sözün doğrusu mən o binanın sahibinin verdiyi açıqlamanı mətbuatdan izlədim, çox təəssüf hissi keçirdim. Bu adam deyir ki, mən vaxtilə seçkinin nəticələrini kənara qoyub seçki protokollarını cıraraq saxta protokol yazmışam. Yəni bu adam seçkinin nəticələrini saxtalaşdırdığını açıqdan-açığa bəyan edir. Bu da bilirsiniz ki, birbaşa hakimiyyəti mənimsəmədir. Yəni bu xalqa qarşı ən ağır cinayətdir. O deyir ki, başqaları bunu pulla edirdi, amma o bircə xahişlə edib bunu. Bütün bunlar həmin adamın xarakterini və hansı mənəvi keyfiyyətlərə sahib olmasını ortaya qoyur. İkincisi, bu adam öz qardaşının səsini yazıb və bunu da mətbuata ötürüb. Qardaşı da Azərbaycan xalqı haqqında çox təhqiramiz ifadələr işlədərək milləti küçə qadınlarıyla müqayisə edib. Amma o bu ifadələri işlədəndə qarşı tərəfdən buna heç bir etiraz bildirilmir. Bu da artıq ailədəki mənəvi durumun göstəricisi hesab oluna bilər. Deməyim odur ki, bu cür mənəvi keyfiyyətlərə malik insanları cəmiyyətin ciddi qəbul eməsi anlaşılan deyil. O biri tərəfdən də müvafiq dövlət orqanları orda baş verən partlayışın səbəblərini ciddi şəkildə araşdımalıdırlar. Deyilənə görə partlayış qaz sızmasından baş verib. Sual olunur, o qaz balonunu ora kim qoyub? Binanın sahibi də deyib ki, burda qaz balonu olmayıb. Mən də bir millət vəkili kimi tələb edirəm ki, bu məsələ mütləq ciddi araşdırılsın və buna aydınlıq gətirilsin, olaya hüquqi qiymət verilsin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin