Dostluq pafoslu çıxışlarla ölçülmür - Qardaşlıq sınağında Aygün Attarın prinsipial mövqeyi

Hazırda oxunan: Dostluq pafoslu çıxışlarla ölçülmür - Qardaşlıq sınağında Aygün Attarın prinsipial mövqeyi

641247

Azərbaycanla Türkiyə arasındakı münasibətlər təkcə diplomatik sənədlərə, iqtisadi layihələrə və siyasi bəyanatlara sığmayan, tarixin sınaqlarından keçərək möhkəmlənən qardaşlıq münasibətləridir. Bu münasibətlərin gücü ortaq dilimizdən, mədəniyyətimizdən, milli yaddaşımızdan və hər iki xalqın bir-birinin sevincini də, ağrısını da özününkü hesab etməsindən qaynaqlanır.

Lakin qardaşlığın həqiqi dəyəri yalnız xoş günlərdə deyil, çətin sınaqlar qarşısında bəlli olur. Məhz belə məqamlarda kimin bu münasibətlərin möhkəmlənməsinə ürəkdən xidmət etdiyi, kimin isə Azərbaycan sevgisinin sadəcə sözdə olduğu üzə çıxır.
 

Türkiyədə zaman-zaman Azərbaycana qarşı müxtəlif ittihamların səsləndirildiyi, ölkəmizin maraqlarını hədəfə alan kampaniyaların aparıldığı heç kəsə sirr deyil. Belə hallarda Azərbaycan-Türkiyə qardaşlığının mahiyyətini anlayan, dezinformasiyaya qarşı mövqeyini açıq şəkildə ortaya qoyan insanların davranışı xüsusi əhəmiyyət daşıyır.


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim, professor Aygün Attarın son açıqlaması da məhz bu baxımdan diqqətəlayiqdir.

Ötən həftə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı Aygün Attarın sosial şəbəkə hesabında yazdıqlarına nəzər salaq:

“Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz! Dünən Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyası ilə bağlı bir neçə söz demək istəyirəm: Biz bu filmi əvvəllər də görmüşük.

Qısa bir araşdırma apardım və məlum oldu ki, həmin şəxslər(!) eyni bəhanə və eyni şüarlarla hələ 21 yanvar 2011-ci ildə də səhnəyə çıxmışdılar. İndi isə, 15 illik fasilədən sonra – 3 oktyabr 2026-cı ildə, yəni Türk Dövlətləri Təşkilatı Günündə onlar yenidən ortaya çıxıblar. Aydındır ki, yenə eyni ssenari gündəmdədir. Ey Türkiyə, ey Azərbaycan – biri ürək, bir can Vətənim– sizcə, bunlar sadəcə təsadüfdürmü?”, - deyə o qeyd edib.

Aygün Attar susmağı deyil, həqiqəti müdafiə etməyi seçdi

Aygün Attarın fikirləri Azərbaycan-Türkiyə münasibətlərinə yönələn mümkün təxribatların mahiyyətinə diqqət çəkən prinsipial mövqedir. Professorun “Heç kim Türkiyə-Azərbaycan qardaşlığını poza bilməz!” bəyanatı bu münasibətlərin siyasi maraqlardan və gündəlik mübahisələrdən daha yüksəkdə dayandığını ifadə edir.
 

Onun hadisələrin tarixçəsinə nəzər salaraq eyni şəxslərin 21 yanvar 2011-ci ildə də oxşar şüarlarla gündəmə gəldiyini, 15 illik fasilədən sonra – 3 oktyabr 2026-cı ildə yenidən ortaya çıxdığını xatırlatması isə diqqəti mühüm məqama yönəldir: baş verənləri yalnız ayrı-ayrı hadisələr kimi qiymətləndirmək kifayət deyil, onların mümkün məqsədlərini və əsl niyyətlərini də araşdırmaq lazımdır.


Göründüyü kimi, Aygün Attar emosional reaksiyalarla kifayətlənmir, ictimaiyyətə məlum olan faktları müqayisə edir, hadisələrin zaman baxımından üst-üstə düşməsinə diqqət çəkir və insanları düşünməyə çağırır.

Dostluq mükafatla deyil, mövqe ilə ölçülür

Azərbaycanın dostu olmaq fəxri ad, siyasi titul və ya rəsmi tədbirlərdə iştirakla bitmir. Bu anlayışın arxasında məsuliyyət, prinsipiallıq və qarşılıqlı hörmət dayanır. Əgər bir şəxs həqiqətən Azərbaycanın dostudursa, ölkəmizin maraqları haqsız hücumlara məruz qalanda da bu münasibətin səmimiyyətini nümayiş etdirməlidir.

Dövlət tədbirlərində iştirak etmək, Azərbaycan haqqında xoş sözlər söyləmək, ortaq tarixdən və qardaşlıqdan danışmaq, əlbəttə, əhəmiyyətlidir. Lakin bunlar dostluğun yalnız görünən tərəfidir. Necə deyərlər, dost dar gündə tanınır: Azərbaycan haqqında həqiqətə uyğun olmayan iddialar səsləndiriləndə, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurulmağa çalışılanda, cəmiyyətlər arasında inamsızlıq yaradılmasına cəhd ediləndə...

Belə məqamlarda özünü “Azərbaycanın dostu” kimi təqdim edənlərin çoxusu prinsipial mövqe ortaya qoymaq yerinə susmağı seçirlər. Lakin səmimi dostluq yalnız münasibətlərdən faydalanmaq deyil, həmin münasibətlərin qorunmasına da töhfə verməkdir.

Digər “Azərbaycan sevdalıları” üçün də nümunə
 

Aygün Attarın mövqeyi bu baxımdan nümunədir. O, Azərbaycan-Türkiyə qardaşlığını sadəcə siyasi şüar kimi səsləndirmir, onu qorumağın zəruriliyini konkret hadisələr fonunda ifadə edir. Onun açıqlaması göstərir ki, milli maraqlara həssas münasibət göstərmək üçün vəzifə sahibi olmaq, rəsmi səlahiyyət daşımaq və ya hansısa siyasi platformada təmsil olunmaq vacib deyil. Bəzən aydın mövqe və prinsipial söz özü böyük ictimai təsir gücünə malik olur.


Bir sözlə, əgər özünü “Azərbaycanın dostu” adlandıran şəxsin sevgisi səmimidirsə, bu münasibət yalnız münasibətlərin rahat və problemsiz olduğu vaxtlarda deyil, ölkəmizin maraqlarının müdafiəyə ehtiyac duyduğu məqamlarda da ortaya qoymalıdır. Yoxsa tədbirlərdə pafosla çıxışlar edib, dar gündə səssiz qalmaqla dostluq olmur...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin