Ramin Məmmədov: “Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil”

Hazırda oxunan: Ramin Məmmədov: “Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil”

641256

“Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, müzakirələrin əhatəsini yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması ilə məhdudlaşdırmaq düzgün olmazdı:

"Burada söhbət daha geniş məsələdən – gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağından gedir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

1996-cı ildə keçirilmiş Gənclərin I Forumunda Ulu Öndər demişdir:

“Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Bu yanaşmanın mahiyyətində mühüm bir fikir dayanır: Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni çağırışlar nəzərə alınmaqla davam etdirilir.
 

Dövlət başçımız Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında da ideoloji təhlükəsizliyin əhəmiyyətinə toxunularaq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının əsas amilləri kimi qeyd etdi. Eyni zamanda milli dəyərlərin, ənənələrin və həyat tərzinin yaşadılmasının vacibliyini vurğuladı.


Cənab Prezidentin bu mesajında çox mühüm bir məqam var: müasir dövlət üçün milli-mənəvi tərbiyə sadəcə müəyyən dəyərlərin gənc nəslə ötürülməsi prosesi deyil. Bu, eyni zamanda, insan kapitalının formalaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və gələcək vətəndaşın qərarvermə qabiliyyətinin inkişaf etdirilməsi məsələsidir. 

Bu baxımdan qarşıda duran əsas sual belədir: biz gələcəyin Azərbaycan vətəndaşını necə görmək istəyirik? Biz sadəcə öz tarixini yaxşı bilən gənc böyütməklə kifayətlənməməliyik. Məqsədimiz öz tarixini anlayan, həmin tarixlə bağlılıq hiss edən, dövlətinin əldə etdiyi nailiyyətlərin hansı proseslərin və hansı nəsillərin səylərinin nəticəsi olduğunu dərk edən vətəndaş yetişdirməkdir.

Hər bir gənc anlamalıdır ki, bu gün malik olduğu imkanlar yalnız hüquq və üstünlüklər deyil, həm də gələcək qarşısında öhdəlikdir. Deməli, milli-mənəvi tərbiyənin nəticəsi sadəcə məlumatlı gənc deyil. Əsas nəticə öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşdır. Milli-mənəvi dəyərlərin formalaşdığı əsas mühit ailədir. Ailə uşağa yalnız ilkin davranış vərdişlərini deyil, insanlara, cəmiyyətə, Vətənə və özünə münasibətin əsaslarını aşılayır. Təhsil isə bu prosesin sistemli və məqsədyönlü şəkildə davam etdirilməsini təmin edir.
 

Lakin artıq bu iki əsas instituta üçüncü və çox güclü bir mühit də əlavə olunub – informasiya məkanı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son çıxışında da vurğulandığı kimi, ideoloji risklər sərhəd tanımır. İnternet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt mühiti ideoloji təsirlərin yayılma imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.


Buna qarşı ən mühüm vasitələrdən biri isə bilikli və savadlı cəmiyyətin formalaşdırılmasıdır. Bu reallıq bizim məsələyə baxışımızı da dəyişməyi tələb edir. İnformasiya əldə etmək əvvəlkindən daha asandır.

Lakin informasiya bolluğu avtomatik olaraq düzgün dünyagörüşü yaratmır.

Əksinə, eyni informasiya məkanında müxtəlif ideoloji, dini, mədəni və sosial təsirlərin mövcudluğu seçim imkanlarını artırdığı kimi, yanlış istiqamətlənmə risklərini də artırır. Məhz buna görə müasir dövrdə yalnız informasiya təhlükəsizliyindən deyil, həm də düşüncə təhlükəsizliyindən danışmalıyıq. İnsanın düşüncə və dünyagörüşünün təşəkkülündə aldığı biliklərlə yanaşı, hansı dəyərlər sistemi əsasında qərar verdiyi də mühüm rol oynayır. Din bu dəyər sisteminin mühüm komponentlərindən biridir.

Məhz buna görə gənclərin dini biliklərinin düzgün, sağlam və etibarlı mənbələr əsasında formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Düşüncə təhlükəsizliyi ilk növbədə insanın doğru ilə yanlışı, sağlam dini yanaşma ilə xurafatı, mənəvi dəyərlə radikal ideyanı bir-birindən ayıra bilməsi ilə bağlıdır. Azərbaycanın dövlət-din münasibətləri modelinin mühüm xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, dövlət bütün dini etiqadlara hörmətlə yanaşır, dini etiqad azadlığını təmin edir və eyni zamanda cəmiyyətin dünyəvi xarakterini qoruyur.

Bizim yanaşmamız aydındır: Dini dəyərlər insan ləyaqətinə, mərhəmətə, ədalətə, qarşılıqlı hörmətə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir.

Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir. Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır.

Lakin tarixi təcrübə göstərir ki, milli kimliyi qorumaq və müasir inkişaf yolunu seçmək bir-birinə zidd deyil. Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli; yalnız bilikli deyil, məsuliyyətli; sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən; öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərini də dərk edən vətəndaş yetişdirməkdir. Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında bu istiqamətdə daha sistemli əməkdaşlıq üçün geniş imkanlar var.
 

Biz bu əməkdaşlığı ayrı-ayrı tədbirlərlə məhdudlaşdırmamalı, davamlı və ölçülə bilən mexanizmlər üzərində qurmalıyıq.


Birincisi, gənclər arasında milli-mənəvi dəyərlər, dini savadlılıq və düşüncə təhlükəsizliyi mövzusunda birgə maarifləndirici proqramlar həyata keçirə bilərik.

İkincisi, gənclərin real informasiya davranışını nəzərə alaraq, klassik tədbirlərdən əlavə, sosial media və rəqəmsal platformalar üçün müasir məzmunlar hazırlaya bilərik. Burada əsas prinsip formal tədbirlər deyil, gəncin gündəlik istifadə etdiyi informasiya məkanında onunla düzgün kommunikasiya qurmaq olmalıdır.

Üçüncüsü, gənclər üçün dini savadlılıq və media savadlılığını birləşdirən təlim proqramları hazırlamaq mümkündür. Gənc yalnız dini məlumatı deyil, həmin məlumatın mənbəyini, etibarlılığını və kontekstini də qiymətləndirməyi bacarmalıdır.

Dördüncüsü, dini icmaların və din xadimlərinin gənclərlə iş imkanlarını genişləndirə bilərik. Bunun üçün gənclərlə kommunikasiya, rəqəmsal mühit, psixoloji və sosial çağırışlar, radikallaşmanın ilkin əlamətləri və preventiv maarifləndirmə üzrə onların bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyətlər həyata keçirmək olar.

Beşincisi, gənclərin milli-mənəvi dəyərlərlə bağlı təşəbbüslərini dəstəkləyən birgə layihə və müsabiqələr təşkil etmək mümkündür. Xüsusilə gənclərin özlərinin məzmun istehsalçısı kimi iştirak etdiyi layihələr daha effektiv ola bilər. Altıncısı, milli-mənəvi dəyərlərin yalnız tarixi irs kimi deyil, müasir həyat tərzində özünü göstərən davranış və münasibətlər sistemi kimi təqdim edilməsinə diqqət yetirməliyik. Çünki dəyər yalnız haqqında danışılan anlayış deyil, gündəlik həyatda davranışa çevrildikdə real məna qazanır.
 

Və nəhayət, bu istiqamətdə görülən işlərin nəticələrini qiymətləndirmək üçün birgə monitorinq və təhlil mexanizmləri formalaşdırmaq olar. Çünki müasir dövlət idarəçiliyində yalnız tədbirin keçirilməsi deyil, onun hansı nəticəni yaratdığı əsas göstəricidir. Ortaq məqsədimiz eynidir: milli kimliyinə bağlı, müasir dünyagörüşlü, bilikli, sağlam düşüncəli və dövlətçilik məsuliyyətini dərindən dərk edən Azərbaycan gəncinin formalaşmasına töhfə vermək.


Bu məqsəd ətrafında fəaliyyətimizi əlaqələndirə bilsək, milli-mənəvi dəyərlərin qorunmasını yalnız bir tədbirin mövzusu deyil, gələcəyin Azərbaycan cəmiyyətinin formalaşdırılmasına yönəlmiş ardıcıl və nəticəyönümlü fəaliyyətin mühüm istiqamətlərindən birinə çevirə bilərik".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin