Başınıza iş gəlsə, kreditinizi şirkət ödəyəcək – Son illər populyarlaşan sığorta növünün DETALLARI

Hazırda oxunan: Başınıza iş gəlsə, kreditinizi şirkət ödəyəcək – Son illər populyarlaşan sığorta növünün DETALLARI

641155

Azərbaycanda həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqlarında kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 22,2 milyon manat sığorta haqqı toplanıb.

2025-ci ilin eyni dövründə isə yığımlar cəmi 2,3 milyon manat təşkil etmişdi. Beləliklə, bir il ərzində həyatın ölüm halından sığortası üzrə yığımlar təxminən 9,7 dəfə və ya 872,5% artıb.

Eyni dövrdə həyat sığortası üzrə ümumi yığımlar 423,6 milyon manatdan 526,8 milyon manata yüksəlib. Bu isə təxminən 24,3% artım deməkdir.

Bəs, bu maraq haradan qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, ölüm halıyla bağlı sığorta növünə maraq ona görə artıb ki, ölüm və əlilliyə görə müəyyən təminatlar yaradılıb:

“Məsələn, vətəndaş kredit götürərkən sığorta olunursa, ölüm halına və əlilliyə görə müəyyən təminat əldə etmiş olur. Bu həm banklara, həm də vətəndaşa sərf edir. Çünki ölüm halında bank artıq nə zamin duranı axtarmır, nə də girovu. Artıq sığorta şirkəti bu məsuliyyəti öz üzərinə götürmüş olur.

Məsələn, həyatın yaşam sığortasında da 3 il ərzində ölüm halı baş verdikdə kompensasiya mərhumun ailə üzvlərinə və vərəsələrinə verilir. Əgər 3 il ərzində heç bir hadisə baş verməsə, vətəndaş yaşam sığortasından əlavə qazanc əldə edir.

Ümumiyyətlə, həyat sığorta növünün bir neçəsində ölüm halları təminatı var. Marağın artması da onu göstərir ki, bu məsələdə həm vətəndaşların özləri, həm də banklar maraqlıdır. Üstəlik Mərkəzi Bankın təklifi ilə həyat sığorta növünün qiyməti xeyli aşağı salınıb. Sığorta növünün əlçatan olması da marağı artırır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin