Azərbaycanda süd vəzi xərçəngi ilə bağlı göstəricilərdə son illərdə artım müşahidə olunur. Belə ki, 2010-cu ildə süd vəzi xərçəngi diaqnozu ilk dəfə qoyulmuş 1 221 nəfər qeydə alınıb. Bu göstərici ildən-ilə artaraq 2025-ci ildə 2 928 nəfərə çatıb.
Beləliklə, 2010-cu illə müqayisədə 2025-ci ildə süd vəzi xərçəngi qeydə alınan şəxslərin sayı 1 707 nəfər artıb. Bu isə təxminən 139,8 faiz artım deməkdir.
Süd vəzi xərçəngi daha çox hansı mərhələlərdə aşkarlanır? Xəstəliyin erkən və ya gec aşkarlanmasına səbəb olan amillər hansılardır? Qadınlar süd vəzi xərçəngi ilə bağlı nələri bilməlidir?
Bizim.Media mövzu ilə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə müsahibə edib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanda süd vəzi xərçəngi daha çox hansı mərhələdə aşkarlanır? Son illərdə erkən və gec mərhələdə aşkarlanma göstəricilərində dəyişiklik varmı?
- Azərbaycanda süd vəzi xərçəngi bütün mərhələlərdə aşkarlanır. Son illərə qədər süd vəzi xərçəngi ən çox 3-cü, 4-cü mərhələdə aşkarlanırdı. İndi isə birinci və ikinci mərhələdə aşkarlanma halları bir qədər yaxşılaşıb.
- Bunun səbəbləri nədir bəs?
- Bunun səbəblərindən bir avadanlıqların olması, ikincisi isə əhalinin bir balaca öz sağlamlığına qarşı laqeyd qalmamasından qaynaqlanır.
- Son illərdə erkən və gec mərhələlərdə aşkarlanma göstəricilərində dəyişikliklər var dediniz. Maraqlıdır, bununla bağlı statistik göstəricilər var?
- Məsələn, 2025-ci ilin statistik məlumatına əsasən süd vəzi xərçəngi 1573 nəfərdə birinci və ikinci mərhələdə 915 qadında üçüncü mərhələdə aşkarlanıb. 4-cü mərhələdə isə 440 qadında aşkarlanma olub.
"Onkologiya elə bir sahədir ki, qonşu da məsləhət verir, xalaqızı da..."
- Süd vəzi xərçəngi zamanı qadınların həkimə gec müraciət etməsinin əsas səbəbləri nələrdir? Müraciətlərin gecikməsinə hansı amillər təsir edir?
- Süd vəzi xərçəngində müraciətlərin gecikməsinə birinci səbəb əhalinin sağlamlığına qarşı laqeyd yanaşmasıdır. İkinci səbəb isə əhalinin onkologiya haqqında məlumatlarının olmamasıdır. Onkologiya elə bir sahədir ki, qonşu da, xalaqızı da, işdə hansısa rəfiqə də məsləhət verir. Ona görə də güclü təbliğat maşını televiziyalardır. Əfsuslar olsun ki, bizim televiziyalar müğənnilərin reklamı ilə məşğuldur. Yaxşı olardı ki, gündə bir saat həkimlər üçün ayırsınlar. Mən demirəm ki, orada çıxıb ancaq onkologiyadan danışsınlar. Kardiologiyadan da, nevrologiyadan da danışsınlar. Bu dəqiqə ən vacib problem olan uşaq xəstəliklərindən də danışsınlar. Belə olsa, təbliğat aparmaq olar".
- Süd vəzi xərçənginin erkən aşkarlanması üçün qadınlar hansı yaşdan etibarən mütəmadi müayinələrdən keçməlidir? Mammoqrafiya hansı yaş aralığında və hansı tezlikdə tövsiyə olunur?
- Süd vəzi qadının gözəlliyidir. Heç bir qadın istəməz ki, süd vəzisini itirsin. Dünyada 35 yaşdan sonra ildə bir dəfə mammoqrafiya müayinəsi keçirirlər. Mammoqrafiyadan keçmirlərsə, ultrasəs müayinəsindən keçsinlər, mammoloqa müraciət etsinlər, klinik olaraq yoxlansınlar. Xəstəliyin erkən aşkarlanması ancaq qadının vaxtında müraciət etməsindən asılıdır. Burada da maarifləndirmə vacibdir. Təəssüf ki, heç kim gedib mammoqrafiyadan keçmir.
- Xəstəliyin hansı mərhələsində müalicəyə başlanması sağqalma göstəricisinə təsir edir?
- Hər iki süd vəzisinin xərçəngi ilə süd vəzi kəsilib götürülən, amma 45 il, 30, 20 il yaşayan xəstələr var. Bu şəxslər öz sağlamlığına laqeyd olmayan, vaxtında müalicə alan, müayinələrə gələn şəxslərdir. Onkologiyada yox, bütün xəstəliklərdə vaxtında müraciət etdikdə sağalma mümkündür. O cümlədən onkoloji xəstəliklər. Onkoloji xəstəliklər deyəndə bütün lokalizasiyalarda gedən patoloji şiş proseslərini nəzərdə tuturam. Heç bir xəstəlik birdən-birə üçüncü, dördüncü mərhələyə gəlib çatmır. Süd vəzi xərçəngindən sağalma göstəriciləri çoxdur. Ümumiyyətlə, onkoloji xəstəlikləri nəzərdə tuturam.
"Qadının süd vəzi xərçənginə tutulması bütöv bir ailənin faciəsidir"
- Doktor, qadınlar süd vəzi xərçəngi ilə bağlı nələri bilməlidir?
- Bir qadının süd vəzi xərçəngi olması, yalnız onun özünün deyil, ailəsinin faciəsidir. Bu, onun yaxınlarının, övladlarının, ailəsinin, həyat yoldaşının faciəsidir. Xəstəlik sağala bilir, amma onların keçirdiyi mənəvi-psixoloji əzab bəlkə xərçəng xəstəliyindən də ağır olur. Qadınlar bunu nəzərə alıb ailələrini, övladlarını gözlərinin qarşısına gətirib vaxtında müayinələrdən keçsinlər.
Fəridə, Bizim.Media

























































































