"Vergi sistemində kifayət qədər problemlər mövcuddur"

Hazırda oxunan: "Vergi sistemində kifayət qədər problemlər mövcuddur"

56611

Moderator.az-a müraciət edən iş adamlarımızın ən çox şikayətləndikləri məsələlərdən biri də qanunsuz yoxlamalarla bağlıdır. Onların bildirdiyinə görə, son zamanlar müxtəlif nazirliklərin əməkdaşlarını yola salmaqdan artıq zinhara gəliblər. 

Ən çox şikayət edilən qurumlardan biri isə Vergilər Nazirliyidir. Öz yazı və müsahiblələrində Vergilər Nazirliyini müdafiə edən iqtisadçı-ekspert Elçin Qurbanovun bu barədə fikirlərini öyrəndik:

“Mən heç vaxt ayrıca götürülmüş qurum və ya nazirliyi müdafiə etmirəm. Sadəcə, məsələyə daha geniş spektrdən baxmağa çalışır, vergi mühiti barədə məsələyə toxunarkən, onun timsalında digər orqanların fəaliyyətini də gündəmə gətirirəm. Yoxsa ki, fikrim Vergilər Nazirliyini süddən çıxmış ağ qaşıq kimi göstərmək deyil. Sözsüz ki, onların da fəaliyyətində kifayət qədər neqativ hallar var. Bu da ümumi bəlalarımızın bir uzantısıdır ki, vergi orqanlarında özünü göstərir.

Bilirsinizmi, milli istiqlaliyyətimizin əldə edilməsindən kifayət qədər zaman keçir. Buna baxmayaraq ictimai həyatda hələ də öz həllini gözləyən problemlər mövcuddur. Bu çatışmazlıqlar əl-əlxüsus da vergi və gömrük sistemində daha çox sezilməkdə və bir dövlət kimi bizə baş ucalığa gətirməməkdədir. Ən azı ona görə ki, xarici qonaqlardan tutmuş, xaricdən Respublikamıza qayıdan öz vətəndaşlarımıza qədər bütün insanlar gömrük və vergi sisteminin çatışmazlıqlarını daha aydın hiss edir.

 Xırda bir misalla məsələyə aydınlıq gətirmək istəyirəm. Təsəvvür edin ki, inkişaf etmiş hansısa ölkəyə istirahət və ya başqa məqsədlə səfər etmisiniz. Orada istifadə etdiyiniz ticarət və iaşə obyektlərində xüsusi geyimlərdə vergi əməkdaşları sahibkarlıq subyektində dövrüyyəni izləyir. Nə qədər rahat və komfort şəraitdə özünüzü hiss edə bilərsiniz? Hələ bəzən də vergi orqanı əməkdaşı ilə nəzarət kassa aparatının başında minbər kimi dayanan polisə bənzər nümayəndə ilə sahibkar arasında çəkişməyə şahidlik edirkən. Həqiqətən də bu kimi ənənələr bizdə var və ölkəmizi nüfuzdan salır. Əvvəla sahibkarlıq subyektlərində xidməti geyimdə xronometraj və ya audit yoxlamalarının aparılması müştərilər və xarici qonaqlar üçün diskomfort mühitin meydana gəlməsinə səbəb olur. İkincisi isə qaçma- tutma oyunlarına son qoyulmalıdır. Geniş sərvətlərə malik olan, sürətlə inkişaf edən dövlət belə məsələlərdə axsamamalıdır. Daha neçə il gərəkdir ki, bu çatışmazlıqlar aradan qalxsın?

Hesab edirəm ki, sağlam və şəffaf vergi mühitinin yaradılması üçün lazımi işlər görülmür. Halbuki Azərbaycan öz mədəniyyəti və iqtisadi mühiti ilə bütün dünyaya örnək ola bilər. Bunun üçün elə bir iqtisadi mühit yaradılmalıdır ki, vergi ödəyicilərinin özləri vergiləri ödəməkdə maraqlı olmalıdırlar. Vergi yoxlamalarının həyata keçirilməsində də həmçinin. Ən azı ona görə ki, audit yoxlaması ödənişsiz olaraq, dövlət hesabına aparılır.

 Bizdə isə əksinə, sanki cəmiyyət sağlam mənəvi mühitə adaptasiya ola bilmir və ya heç bunu istəmir də. Korrupsiya və rüşvət kimi hallar məhz bu səbəblərdən meydana gəlir.

Mənə elə gəlir ki, bütün sahələrdə ictimai dəstək hökmən rol olmalıdır. Cəmiyyətdə vergi sahəsi timsalında bütün ziddiyyətli məqamların aradan qaldırılması, ideoloji və sağlam vergi mühitinin yaradılması, səmərəlilik anlayışı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, bunlara dair etik prinsipləri əhatə edən, o cümlədən, qanunvericilik layihəsi kimi zəruri olan məsələlər müəllifi olduğum “Vergi fəlsəfəsi və onun ideoloji əsasları” kitabında yer alıb. Bu kitab artıq dərc olunub və müvafiq qurumlara göndərilib. Arzu edərdim ki, vergi islahatları apararkən mənim kitabımda irəli sürülən tezislərdən də istifadə olunsun. Kitabda bir sıra ümumi məsələlər və onların həlli yolları üçün təkliflər də şərh edilir.

Onu da yaxşı bilirəm ki, ictimaiyyət nümayəndəsi kimi, fiziki və yaxud zehni əməyi ilə hər kəs bacaracağı qədər cəmiyyətə yararlı olmalıdır. Çünki hər bir şəxsin (qeyri maddi anlamda) dəyəri onun cəmiyyətə faydalılığı qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin