Keçmiş maliyyə naziri Saleh Məmmədov Moderator.az - a açıqlamasında onun müsahibəsindəki tezislərin əhəmiyyətini vurğulayan (həmin yazını bu linkdən oxumaq olar---moderator.az/index.php?xeber=94507) keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyevə təşəkkür edib:
"Güdrət bəy, müzakirələrdə iştirak etdiyinizə və çox qiymətli fikirlərinizi bölüşdüyünüzə görə təşəkkür edirəm. Tamamilə sizinlə razıyam, iqtisadi model ciddi tədbirlər, istiqamətləri müəyyən etmək lazımdı. Ən vacib məsələ odur ki, ortada siyasi iradə var, hədəf bəllidi və ən ümumi istiqamətlər müəyyənləşdirilib. Prezident hədəfi müəyyən edib: Azərbaycanın iqtisadi inkişaf səviyyəsini ən yüksək mərhələyə qaldırmaq. Uyğun olaraq siyasi iradə var, bu yoldan geri dönüş ola bilməz. Və ən ümumi istiqamətləri bəlirləmişdir: elmə və texnikaya əsaslanan iqtisadiyyat qurmaq, kiçik və orta biznesi sürətlə inkişaf etdirmək (əsasən qeyri - neft sektoru), tranzit iqtisadiyyatı qurmaq, kənd təsərrüfatını inkişaf etdirmək, fəza iqtisadiyyatını qurmaq, neft sektoru innovasiya əsasında restruktizasiya, yanacaq kimi istifadənin məhdudlaşdırılması, material üçün genişləndirilməsi. Bu vacib məsələlərin həlli üçün isə iqtisadi liberallaşmanın dərinləşdirilməsi, inhisarın (monopoliya) aradan qaldırılması və korrupsyanın minimuma endirilməsi.xa0
Demək iqtisadi model üçün hər şey var. Bizim vəzifəmiz icra mexanizmini işləmək qalır ki, mən də bu proqram sənəddə əsasən buna diqqət yetirmişəm. Hamıya bəllidi, iqtisadi modellər çoxdur, hər ölkənin öz modeli var, birini alıb uyğunlaşdıraraq istifadə etmək olar, yeni Amerika açmağa ehtiyac da yoxdur.xa0
Amma bu günkü müzakirəyə təqdim olunan icra mexanizmində bir qədər fərqli və daha mürəkkəb yanaşma həyata keçirdim. Ümumi istiqamətlərlə yanaşı, spesifik sahələrdə dünya birincisi olan ölkənin təcrübəsini ölkəmizə uyğunlaşdırmağa çalışdım və hesab edirəm ki, çox səmərəli bir sistem alındı. Məsələn, kənd təsərrüfatının inkişafı üzrə dünya birincisi İsraildi. Bu daşın çınqılın üstündə, çox balaca bir məkanda (20 min kv.km) nə qədər məhsul istehsal etmək olar ki, əksəriyyət ölkələrə göndərə biləsən, dünyada yeni yaradılan məhsul sortlarının çox hissəsi buradadı. Azərbaycanın bu məhsuldar torpaqlarında bir k/t işçisi 9-10 nəfəri yedizdirə bilirsə, bir israilli 100-110 nəfəri yedizdirir, bir İsrail inəyi bir Azərbaycan ferması (10-12 inək) qədər süd verir, hər hansı nisbi göstəricini götürsən, görərsən ki, İsraildə 5-10 dəfə bizdən çoxdu. İsrail alimləri, mütəxəssisləri ilə də məsləhətləşərək bir müqayisəli təhlil apardım, şərait sarıdan Azərbaycanın şəraitinin qat - qat üstün olduğunu müəyyən etdim, insan amilinə də toxundum, burada da Azərbaycan kəndçisinin İsraildən çox işlək olmasını gördüm. Səbəb kimi yalnız iki amildə geri qalırıq: elmn tətbiqində və idarəetmədə. Bu iki sahədə ciddi islahatları müəyyən etdim və zənnimcə, kamil bir sistem alındı.
Eyni üsulla kiçik biznesin inkişafı sahəsində Türkiyə modelini, tranzit iqtisadiyyatı üzrə - Sinqapur və BƏƏ, elmi texniki inkişaf üzrə - yenə də İsrail modelini, fəza iqtisadiyyatının qurulması üzrə ABŞ təcrübəsini, antikorrupsiya tədbirləri üzrə Sinqapur modelini və s. əsas götürərək icra mexanizmini hazırladım."

































































































