Pakistan hökuməti keçmiş baş nazir İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsi barədə Ali Məhkəmənin qərarına etiraz etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Azam Nazir Tarar deyib.
“Bu qərar hüquqi normalara uyğun deyil”, - nazir bildirib.
Tarar qeyd edib ki, hökumət qərara yenidən baxılması və dəyişdirilməsi üçün məhkəməyə müraciət etmək niyyətindədir:
“Qanuna əsasən, məhkum müalicəni ya həbsxanada, ya da dövlət xəstəxanasında almalıdır”.
Ədliyyə naziri bu qərarın Pakistanın bütün penitensiar sistemi üçün mümkün nəticələrinə də diqqət çəkib.
Ali Məhkəmə bundan əvvəl korrupsiya ittihamı ilə həbsdə olan Xanın səhhəti ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib. Sabiq baş nazir növbəti məhkəmə iclasınadək tibbi müayinə və müalicə üçün “Şəfa” xəstəxanasına göndəriləcək.
Məhkəmə həmçinin hakimiyyət orqanlarına İmran Xanın tibbi kartını təqdim etməyi tapşırıb və müxalif “Ədalət Uğrunda Hərəkat” Partiyasından liderinin səhhəti ilə bağlı məsələni siyasiləşdirməməyi xahiş edib.
Xanın partiyası məhkəmənin qərarını alqışlayıb və onun dərhal icra olunmasını tələb edib.
Keçmiş baş nazirin tərəfdarları və ailəsi bundan əvvəl dəfələrlə onun səhhəti, xüsusilə görmə qabiliyyətinin pisləşməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumu keçirildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Həyat yoldaşı Büşra Bibi də eyni ittihamla 7 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf)
Bizim.Media
































































































