Bir-birindən möhtəşəm tarixi binaları, qalaları, malikanələri ilə zəngin olan mənzərəli Şotlandiyanın Qərbi Dunbartonşir qraflığında insanı özünə çəkən füsunkar üç tağlı körpü var. Bu körpüyə baxanda adam düşünər ki, belə gözəl, hüzurlu yerin mütləq romantik hekayəsi olmalıdır. Bütün tarixi tikililər kimi buranın da ilk baxışda heybətli, mistik mənzərəsi valehedicidir.
Amma bu körpünün xalq arasında xoşagəlməz ləqəbi var: “İntihar edən itlər körpüsü”.
Hər şey 1950-ci illərdə başladı. Məhz həmin illərdə yerli bələdçilər, it gəzdirənlər və hətta gələn turistlər qəribə heyvan davranışlarını görməyə başladılar. Heyvanlar, xüsusən itlər burdan keçəndə düz körpünün ortasına çatıb tullanırdılar. Daha doğrusu, özlərini körpüdən atıb tələf olurdular.
Körpüdən yerə qədər olan məsafənin təxminən on beş metr olduğunu nəzərə alsaq, nadir hallarda sağ çıxırdılar. 1955-ci ilə qədər artıq onlarla hadisə baş verdiyi üçün körpü medianı da ətrafına cəlb etdi. Hər məqalə daha dəhşətli və şişirdilmiş detallar əlavə etdi. Sağ çıxan itlər sonradan həmin körpüdən keçəndə ulayır, qətiyyən ora getmək istəmir, özlərini yerə sürtürdülər.
Mistik yazarlar üçün Şotlandiya əlverişli məkandır.
Xüsusilə paytaxt Edinburqu “Kabuslar şəhəri” adlandırırlar. Burada doğrudan qəribə, izaholunmaz hadisələr çox olur. Elə şotlandların özləri də xurafatçı bir xalqdır. Əhali arasında belə bir əfsanə dolaşırdı ki, kədərli bir dul qadın uzun illər Overtoun mülkündə yaşayıb və ruhu hələ də körpüdə gəzir və heyvanları özünə tərəf çağırır. Belə ki “Ağbəniz xanım” ləqəbli qadının sağlığında çoxlu itləri olub.
Başqa bir versiya isə keltlərinin inanclarına əsaslanır. Onlar körpünün altındakı dərədə yer kürəsi ilə ruhlar aləmi arasındakı sərhədin ən incə nöqtəsinin olduğuna inanırlar. İtlər də paranormal hadisələrə qarşı həssaslıqları ilə tanınırlar.
Lakin faciəli bir insan hadisəsi mistik psixozun alovuna benzin tökdü. 1994-cü ildə fanatik bir təriqətçi ata öz doğma oğlunu qurbanlıq olaraq körpüdən atdı. Bundan sonra Overtoun körpüsünün kabuslar ocağı kimi nüfuzu möhkəmləndi.
2000-ci illərdə, yaralı heyvanların sayı kritik hədləri aşdıqda Şotlandiyada Heyvanlar Cəmiyyəti və kinoloq Devid Sends araşdırmaya başladı.
Bir neçə təcrübə apardıqdan sonra Sends qəribə bir təsadüf aşkar etdi. İlk tullanma, Amerika norkalarının Şotlandiyaya gətirildiyi vaxt baş veribmiş. Bu kiçik yırtıcılar Overtoun Körpüsünün altındakı çayın sahilində sürətlə çoxalmağa başlayıblar.
Onların kəskin qoxusu olur və tullanan bütün itlər də kiçik dekorativ itlər yox, uzun ağızlı, kəskin çənəli ov cinsləri idi. Köpək qoxunu hiss edir, yaşıllığı görür və yerin yaxın olduğunu fərz edərək tullanır.
Şerlok Holms demiş: məsələ aydın oldu, Vatson.


Şəfiqə Şəfa, Bizim.Media


































































































