Azərbaycanda, xüsusilə Bakıda, keytrinq (catering) şirkətlərinin həm gündəlik korporativ qidalanma, həm də toy, nişan, ad günü, təqdimat və digər tədbirlər üçün xidmət göstərməsi geniş yayılıb. Həm böyük həcmli yemək istehsalı və çatdırılması ilə məşğul olan şirkətlər, həm də daha çox premium tədbirlərə, furşetlərə və fərdi məclislərlə işləyən keyterinq şirkətləri var. Bu şirkətlər milli mətbəx, Avropa mətbəxi, vegetarian seçimlər, hətta xüsusi pəhriz menyuları da təklif edirlər ki, bu da müştərilərin həm seçim tələbinə uyğun gəlir, həm də rahatlıq baxımından çox əlverişlidir.
Bəs Azərbaycanda keytrinq şirkətlərində qida təhlükəsizliyi prosedurları aparılırmı? Belə şirkətlər hansı şərtlərə cavab verməlidir?
Qeyd edək ki, belə şirkətlərə əsas nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir. Hüquqi əsas isə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunun 16.2 və 19.3-cü maddələri müvafiq qida istehsalı, emalı və ictimai iaşə fəaliyyəti ilə məşğul olan subyektlər üçün HACCP (Hazard Analysis and Critical Control Points — Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) prinsiplərinə əsaslanan prosedurları və daxili nəzarət sistemini nəzərdə tutur.
Bununla yanaşı şirkət AQTA-da müvafiq qida subyekti və obyektinin qeydiyyatı və ya tələb olunan hallarda təsdiqi məsələsi həll edilməlidir. AQTA-nın məlumatına görə, bu yöndə proseslər rəqəmsallaşdırılıb. Bu çərçivədə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) “Qeydiyyat və təsdiq” modulu uğurla tətbiq olunur.
Sözügedən altsistem “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyatını və ya təsdiqini təmin edir.
Keytrinq şirkətlərində təmizlik, havalandırma, avadanlıq, saxlanma temperaturu, yararlılıq müddəti, xammalın mənşəyi, daşınma və çatdırılma, gigiyena tələbləri pozularsa, qanunvericiliyə uyğun tədbirlər görülə bilər. AQTA qanunla müəyyən edilmiş hallarda yoxlamalar aparır, pozuntuların aradan qaldırılması tələb oluna və müvafiq məhdudlaşdırıcı tədbirlər görülə bilər. Vətəndaş şikayətləri də nəzarət tədbirlərinin başlanması üçün əsas ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media






























































































