Hər kəs övladını ilk dəfə məktəbə aparanda qəribə bir hiss keçirir. Sanki illərlə yalnız sənin qoruduğun, hər addımını izlədiyin övladını bir neçə saatlıq başqa bir insana, üstəlik də yaxından tanımadığın birinə əmanət edirsən. Bununla da həmin şəxsə övladının əlindən tutmağı, yazmağı, oxumağı öyrətməkdən daha böyük bir məsuliyyət verirsən.
Çünki müəllim bir uşağın yalnız biliyinə deyil, xarakterinə də toxunur.
Övladımın müəllimi ilə heç bir ay deyil tanış olmuşuq, amma onu görəndə bəzən düşünürəm: Görəsən, uşağımın mənim görə bilmədiyim hansı tərəfini görür? Hansı səhvini səbrlə düzəldir? Hansı qorxusunu aradan qaldırır? Bəlkə də müəllimliyin ən gözəl tərəfi elə budur – bir uşağın həyatında valideynindən sonra ən çox iz buraxan insanlardan biri olmaq.
Məncə müəllimlik yeganə peşədir ki, hətta özünü də özündən olan biri yetişdirir. Mənə elə bir peşə göstərin ki, orada müəllim əməyi olmasın. İstər həkim, istər hakim, rəssam, musiqiçi, usta, mexanik və s. Demək olar ki, bütün peşələrin təməlində hansısa müəllimin əməyi dayanır.
Onların nə qədər dəyərli işlə məşğul olduqlarını illər keçdikcə daha yaxşı anlayırıq. Zamanla başa düşürük ki, əslində müəllimlərimiz bizə yalnız dərs demirmiş. Riyaziyyatdan məsələ həll etdirən müəllimin əslində bizə səbr öyrətdiyini, tarixdən dərs deyən müəllimin köklərimizə bağladığını, ədəbiyyatdan şeir, qəzəl əzbərlədən müəllimin bizim gələcəkdə ən sərt xarakterimizin altında belə sevgi və mərhəmət hisslərini qorumağımıza təsir etdiyini yaş aldıqca daha yaxşı anlayırıq.
Ola bilər, çoxumuz bu gün sinifdə öyrəndiyimiz düsturların, qaydaların hamısını xatırlamırıq. Amma bir müəllimin “sən bacararsan” deməsi illərlə yaddaşımızda iz buraxır.
Bəzən bir müəllimin vaxtında dediyi bir cümlə hər birimizin həyatının istiqamətini dəyişməyə qadir olub. Elə buna görə də müəllimlik olduqca məsuliyyətli və çox çətin peşədir.
Onların bir vəzifəsi də şagirdinin bu gününü deyil, sabahını düşünməkdir. Axı qarşısında oturan uşağın gələcəkdə kim olacağını bilmir. Həkim də ola bilər, jurnalist də, dərzi də, müəllim də... Amma onun həyatında kiçik bir izinin qalacağından əmindir.
Bəzən müəllimlərdən çox şey tələb edirik. Onlardan həm yaxşı pedaqoq, həm psixoloq, həm də uşağın problemlərini anlayan insan olmasını gözləyirik. Amma həyatlarımıza toxunan bu şəxslərin də yorulduğunu, onların da diqqətə, hörmətə və xoş sözə ehtiyacı olduğunu unuduruq.
Odur ki, peşə bayramlarında müəllimlərə gül göndərmək, hədiyyə almaq və təbrik yazmaqla yanaşı, səmimi şəkildə “Əziyyətiniz üçün sağ olun” demək də mütləqdir. Axı onların da bu diqqətə ehtiyacı var, həm də ildə bir dəfə yox. Məncə, bir pedaqoq üçün ən böyük hədiyyə illər sonra qarşısına çıxan şagirdinin “Müəllim, sizi xatırlayıram” deməsidir. Yaddaşlarda iz buraxan müəllim olmaq üçün onların kifayət qədər zəhməti və məsuliyyəti var. Onlara bir təşəkkürü çox görməyək.
Və sonda övladlarımızı hər gün etibar etdiyimiz bütün müəllimlərə xitabən:
“Sizə əmanət etdiyimiz uşaqlar üçün göstərdiyiniz səbrə, zəhmətə və sevgiyə görə təşəkkür edirik. Müəllimlər Gününüz mübarək!”
Ülviyyə Fərhad, Bizim.Media


































































































