"Qərbi Azərbaycandakı Alban abidələrinin aqibətini təsəvvür etmək çətin deyil" - Pərviz Qasımov

Hazırda oxunan: "Qərbi Azərbaycandakı Alban abidələrinin aqibətini təsəvvür etmək çətin deyil" - Pərviz Qasımov

638088

Xəbər verdiyimiz kimi, Gəncəsər Monastırı ilə bağlı Ermənistanda qalmaqal yaranıb. AMEA əməkdaşları bildiriblər ki, Ermənistan ərazisində də alban irsinə aid abidələr mövcud olub.

Onların sözlərinə görə, həmin abidələrin bir qismi dağıdılıb və məhv edilib. Alimlər hesab edirlər ki, Azərbaycan ərazisindəki alban irsinin mənimsənilməsi fonunda Ermənistandakı alban izlərinin də silinməsi ehtimalı araşdırılmalıdır.

Gəncəsər Alban katolikoslarının iqamətgahı olub

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov bildirib ki, Gəncəsərin baş kilsəsi (monastırı) Alban çarı Həsən Cəlaldövlənin hakimiyyəti dövründə 1216–1238-ci illərdə tikilib və 1240-cı ildə təqdis edilib.

Onun sözlərinə görə, təqdis (müqəddəsləşdirmə) mərasimində Ağvan katolikosunun iştirak etməsi Gəncəsərin artıq XIII əsrdə Alban/Ağvan kilsəsi üçün mühüm dini mərkəz olduğunu göstərir. Gəncəsər monastırı (baş kilsəsi) Alban katolikosunun iqamətgahı olub.

Alban və erməni kilsə strukturları fərqli olub

"Şərqi xristianlıqda orta əsrlərdə dini təsisatların başında katolikoslar, onlardan sosial stratiqrafiya üzrə aşağı pillədə yepiskoplar dururdu. Alban və erməni kilsə idarə strukturu tam ayrı və fərqli strukturlar idilər. Göstərilən dövrdə erməni katolikosları Kilikiyada – indiki Türkiyənin cənub-şərqində əsasən Hromk qalasında yerləşmişdilər. Beləliklə, Alban katolikosatı üçün inşa edilmiş dini mərkəz, Alban katolikoslarının iqamətgahı necə erməni kilsəsinə, geniş mənada ermənilərə məxsus ola bilərdi?", - alim bildirib.

Ermənistan ərazisində Alban abidələri

Pərviz Qasımov qeyd edib ki, keçmiş İrəvan xanlığının ərazisində qurulmuş Ermənistan Respublikasında Qafqaz Albaniyası abidələrinin mövcudluğu məsələsində tarixi həqiqətləri təsdiq etmək məcburiyyətində qalan azsaylı erməni tarixçiləri adətən yayğın mövqe nümayiş etdirirlər.

"Məsələn, Armen Kazaryan kimi müəlliflər Qarabağ və Utik (indiki Ermənistanın Tavuş rayonundan Bərdəyədək uzanan Albaniya vilayəti) kilsələrinin tarixinin Qafqaz Albaniyasının xristianlaşması ilə ayrılmaz əlaqəsini qəbul etsələr də, həmin ərazilərin orta əsr monastır memarlığının erməni memarlıq ənənəsi daxilində təsnif edirlər?! Göründüyü qədər ziddiyyətli ibarələrdir.

Ümumiyyətlə, Qafqaz Albaniyasının indiki Ermənistan ərazisində abidələri çoxsaylıdır, yalnız əsaslarını – iri məbəd komplekslərini qeyd edə bilərik: Hökmdarları “Albaniyanın çarları” tutulu daşıyan Lori çarlığına (əsasən indiki Ermənistanın Lori rayonuna) daxil ərazidə Ağtala, Haqpat, Sanahin, Uzunlar məbədləri, Qərbi Zəngəzurdakı Tatev, indiki Ermənistanın Tavuş rayonundakı Qoşavəng, indiki Ermənistanın Yexeqnadzor (keçmiş Keşişkənd) rayonundakı Yenivəng və ya Yengivəng məbəd kompleksləri. Bu barədə Azərbaycanın tanınmış ziyalısı Əziz Ələkbərlinin tədqiqatı da var".

Alban irsinin dəyişdirilərək mənimsənilməsi

Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov ermənilərin alban irsini təhrif edib, mənimsəməsi məsələsinə də diqqət çəkib:

"İşğaldan azad edilmiş ərazilərdə biz erməni işğalçılarının Qafqaz Albaniyası xristianlıq dövrü abidələrinə münasibətdə yeritdikləri siyasəti aydın görürdük: abidələr bütünlüklə erməni xristian xüsusiyyətləri istiqamətində quruluş və memarlıq cəhətdən az və ya çox dərəcədə dəyişdirilmişdir. Bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Albaniya arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun azad edilmiş Vətən torpaqlarındakı tədqiqatları göstərməkdədir.

Qafqaz Albaniyası maddi irsinin dəyişdirilərək mənimsənilməsi siyasəti daha qədimlərə gedir: yiyəsiz qalmış alban, yunan, gürcü və d. etnokonfessional dini məbədlər erməniləşdirilirdi.

Amma sovetlər dönəmində indiki Ermənistan respublikası ərazisində alban abidələri erməniləşdirilməsi artıq elmi sahə də əlavə edilməklə sistemli şəkildə aparıldı. Bu siyasət işğal edilmiş Azərbaycan ərazilərində də tətbiq edilib. Ona görə də, Qərbi Azərbaycan ərazisində qalmış Alban dini abidələrinin aqibətini təsəvvür etmək çətin deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin