Sosial şəbəkələrdə, real həyatda “bu gün ata oldum” deyə sevinclə paylaşan kişilər var. Övladının dünyaya gəlməsini emosioanal şəkildə xəbər verir, əslində isə şüuraltı olaraq etiraf edir: 9 aylıq hamiləlik prosesinin yalnız maddi tərəflərini həll edən kişi yalnız bu gün ata olduğunu dərk edir.
Halbuki 9 ay öncə bunu anlayıb doğuş prosesinə qədər özünü və xanımını hazırlamalı idi. Əgər ata hamiləlikdən əvvəl və hamiləlik dövründə prosesə cəlb olunmursa, 14 günlük məzuniyyət onun üçün sadəcə istirahət, zahı qadın üçün isə əl-ayağa dolaşmaqdan başqa bir şey deyil.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə 40798 doğum qeydə alınıb. Amma cəmi 1126 işçiyə uşağının doğulması ilə əlaqədar atalıq məzuniyyəti verilib.
Göstəricinin az olması heç də hamiləlik prosesində atalığa hazırlaşmayan kişilərin xəcalətindən deyil, sadəcə hüquqi prosedurdan xəbərsiz olmasından qaynaqlanır. Digər tərəfdən isə mentalitet və oğul övladlarının yanlış tərbiyələndirilməsi də problemi dərinləşdirir.
Sual olunur: arvadının hamiləliyini öyrənəndən bəri neçə kişi doğuşöncəsi və sonrası təlimlərə qatılıb, ən azından bu ağır proses və yenidoğuna qulluq barədə internetdə axtarış edib?
Sualın cavabını bildiyimiz üçün başqa bir etirafı edək ki, Azərbaycanda ata hazırlığı prosesi kor-koranə gedir. Onsuz da çətin, sosial bir dövrdə heç bir kişi mediator və psixoloq vasitəsilə özünü valideyn olmağa hazırlaşdırmır. Ən yaxşı halda internetdə 1-2 gün bu mövzu ilə əlaqədar qurdalana bilər.
Atalıq məsuliyyəti doğuşdan yox, hamiləlikdən başlamalıdır
Lakin xarici ölkələrin müasir yanaşmasında ata yalnız doğuşdan sonra prosesə daxil edilmir. O, təlimlərə qatılaraq hamiləlik dövründə doğuşun necə keçəcəyi, ağrı idarəetməsi barədə məlumat alır, psixoloji olaraq ata roluna hazırlanır. Bundan başqa, körpənin qidalanması, yuxusu, gigiyenası, bez dəyişməsi və təhlükəsizliyi, anaya real dəstək, yuxusuzluq, emosional dəyişikliklər və ailədaxili məsuliyyət bölgüsü haqqında məlumatlandırılır.
Yəni atalıq məzuniyyəti bir kişiyə “mükafat” kimi yox, ana və övlada yardım kimi verilir. Kişi anlamalıdır ki, hamiləlik yalnız qadının tibbi prosesi deyil, cütlüyün valideynliyə keçididir. Loru dildə desək, yerli qadınların qəzəblənəndə “bu uşağı ata evindən gətirməmişəm” gileyini xatırlatmaq burda yerinə düşər.
Məlumat üçün onu da deyək ki, Avropanın inkişaf etmiş ölkələrində özəl-dövlət fərq etməz, doğuş gününə qədər ataya nə edəcəyi ilə bağlı günlük məlumatlandırma edilir. Dad Matters adlı proqramlarda atalarla ayrıca görüşlər keçirilir. Ən maraqlısı isə ata ilə körpə arasında bağın qurulmasına da diqqət edilir.
Şəfiqə Şəfa, Bizim.Media



































































































