15 sentyabr – Bilik Günü münasibətilə Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında yerləşən ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Bizim.Media xəbər verir ki, bu il sözügedən ərazilərdə 179 şagird birinci sinfə başlayıb.
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 110, Kərkicahan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə isə 14 şagird ilk dəfə məktəbə qədəm qoyub.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbində 11, Ballıca kənd tam orta məktəbində isə 11 şagird birinci sinfə qəbul olunub.
Ağdərənin Suqovuşan kəndində 14, Vənglidə 4, Həsənriz kəndində isə 15 şagird yeni dərs ilinə birinci sinifdən başlayıb.
Bilik Günü çərçivəsində Qarabağ Universitetində də yeni tədris ilinin açılışı qeyd olunub. Universitetin rektoru Şahin Bayramov bildirib ki, hazırda ali təhsil müəssisəsində 3 330-dan çox tələbə təhsil alır.
Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Qarabağ Universitetinin regionun gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Universitetə yüksək balla qəbul olunan tələbələrdən 684 bal toplayan Selcan Qarayeva isə tibb ixtisasını seçdiyini və gələcəkdə həkim olmaq arzusunda olduğunu bildirib.






Bizim.Media


































































































