Azərbaycanla Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda dini mövzunu siyasi manipulyasiya alətinə çevirməyə çalışan qüvvələr yenidən aktivləşib. Bu dəfə alət kimi Azərbaycanda saxlanılan və törətdikləri cinayətlərə görə məhkum edilmiş erməniəsilli şəxslər seçilib.
Belə ki, ermənilərin Avropa İnsan Hüquqları Məhkəməsində təmsilçisi, Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin rəhbəri Siranuş Saakyan sentyabrın 4-də İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycandakı erməni məhbuslarla bağlı bir sıra absurd iddialar səsləndirib. O, məhbusların bədənindəki xaç formasında döymələrin işgəncə yolu ilə çıxarıldığını, onlara İncilin verilməsinə imkan yaradılmadığını, bəzi hallarda isə Quran oxumağa məcbur edildiklərini iddia edib.
Sübutsuz ittiham necə “fakta” çevrilir?
İşgəncə, dini ayrı-seçkilik və dini etiqada məcburetmə beynəlxalq hüquq baxımından son dərəcə ağır ittihamlardır. Belə iddiaların səsləndirilməsi üçün ən azı konkret hadisə, zərərçəkənin ifadəsi, tibbi sənəd, müstəqil monitorinq materialı və digər yoxlanıla bilən sübutlar ortaya qoyulmalıdır.
Saakyan isə bircə dənə də olsun fakt təqdim etmir, yalnız iddialar irəli sürür. Məsələnin başqa bir tərəfi də var. Azərbaycan Ombudsmanının məlumatına görə, Milli Preventiv Qrupun müxtəlif vaxtlarda həyata keçirdiyi monitorinqlər zamanı Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirilib, onların tibbi və psixoloji vəziyyəti qiymətləndirilib, hüquq və azadlıqları ana dillərində izah edilib. Monitorinqlər zamanı onların hüquqlarının beynəlxalq standartlara uyğun təmin edildiyi, tibbi yardım və digər zəruri xidmətlərə çıxışlarının olduğu bildirilib.
Yəni Saakyanın iddiaları faktlar qarşısında tamamilə hökmünü itirir.
Cinayətə dini don geyindirmək cəhdi
Burada fundamental bir məqamı da unutmaq olmaz: Azərbaycanda məhkum edilmiş şəxslər dini və ya etnik mənsubiyyətlərinə görə deyil, məhkəmə tərəfindən müəyyən edilmiş konkret əməllərinə görə cəza çəkirlər.
Cinayət məsuliyyətini şəxsin erməni olması ilə əlaqələndirmək nə qədər yanlışdırsa, törətdiyi əməllərə görə qanuni cəza alan şəxsi avtomatik olaraq “dini təqib qurbanı” kimi təqdim etmək də bir o qədər yanlışdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir mərhələdə “xristianlara qarşı təqib”, “Quran oxumağa məcbur edilən ermənilər”, “xaç döymələrinin işgəncə ilə silinməsi” kimi emosional ifadələrin dövriyyəyə buraxılması cəmiyyətlər arasında qarşıdurma yaratmaq baxımından olduqca təhlükəli ritorikadır.
Azərbaycanı “xristianlara təhlükəli ölkə” kimi təqdim etmək planı
Saakyanın açıqlamalarında diqqət çəkən başqa məqam dini kimliyin Azərbaycan-Ermənistan münaqişəsinin əsas səbəbi kimi təqdim edilməsi cəhdidir.
Halbuki Azərbaycan dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları da fəaliyyət göstərir. Bakıdakı pravoslav və katolik kilsələri, yəhudi sinaqoqları, müxtəlif dini icmaların fəaliyyəti Azərbaycanın dini müxtəlifliyinin real mənzərəsini ortaya qoyur.
Bu mənzərənin fonunda Azərbaycanı bütövlükdə “xristianlar üçün təhlükəli məkan” kimi təqdim etmək obyektiv reallıqdan tamamilə uzaq siyasi manipulyasiyadır.
Njde irsi fonunda yaranan ziddiyyət
Məsələnin ən absurd tərəfi isə Ermənistanın özündə tarixə və millətçi ideologiyaya münasibət fonunda Saakyanın bu cür çıxışlar etməsidir. Sirr deyil ki, Qaregin Njde Ermənistanın siyasi və ictimai yaddaşında qəhrəmanlaşdırılmış fiqurlardan biridir.
Məlumat üçün qeyd edək ki, 1886-cı ildə Naxçıvanın Qazançı kəndində anadan olan Njde, gənc yaşlarından etibarən daşnak hərəkatına qoşulub, Osmanlı imperiyasına, həmçinin Cənubi Qafqazda yerli azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlarda və etnik təmizləmələrdə fəal iştirak edib. Zəngəzur bölgəsində mülki əhaliyə qarşı törədilən amansız hücumların əsas təşkilatçılarından biri olub.
İkinci Dünya müharibəsi illərində isə Njde faşist Almaniyası ilə açıq əməkdaşlığa gedərək "Erməni Leqionu"nun yaradılması üçün əlindən gələni edib, nasist ideoloqları ilə sıx təmasda olub.
Tseqaron nəzəriyyəsi nədir?
Njdenin formalaşdırdığı, daha doğrusu oğurladığı ideoloji konsepsiya "Tseqaronluq" (ermənicə Tseqakronutyun — "irqə sitayiş" və ya "irq dinı") adlanır. 1930-cu illərdə ABŞ-da mühacirətdə olduğu dövrdə əsasını qoyduğu bu ideologiya Avropadakı faşizm və nasizmin birbaşa təsiri altında yaranıb.
Tseqaron ideologiyasının mərkəzində erməni irqinin müqəddəsləşdirilməsi dayanır. Bu anlayışa görə, fərd özünü tamamilə "irqin iradəsinə" qurban verməlidir. İdeologiya digər xalqlara (xüsusilə türklərə və azərbaycanlılara) qarşı kəskin nifrət, hərbi ekspansiya və amansızlıq üzərində köklənib. Tseqaronluq faktiki olaraq Avropadakı "Aryan irqinin üstünlüyü" nəzəriyyəsinin erməni toplumuna uyğunlaşdırılmış formasıdır.
Uzun illər ərzində bu yanaşma Ermənistanda faktiki dövlət ideologiyası kimi təbliğ olunub, erməni uşaqları belə zəhərli fikirlərlə türklərə qarşı düşmən kimi böyüdülüb.
Dini kart niyə məhz indi işə salınır?
Sülh prosesinin hazırki mərhələsində Ermənistan-Azərbaycan münasibətlərinə dini çalar əlavə etmək heç bir halda bir hüquq müdafiəçisinin şəxsi təşəbbüsü kimi qiymətləndirilə bilməz. Bu məsələnin arxasında siyasi məqsədlərin olduğu aydındır.
Məsələni separatizmdən, terrorçuluqdan “müsəlman–xristian qarşıdurması” formatına keçirmək faktiki olaraq xristian Avropanın dəstəyini qazanmaq məqsədi daşıyır. Burada dezinformasiya kampaniyasının klassik elementləri aydın görünür: heç bir ittiham, dini simvolların ön plana çıxarılması və beynəlxalq ictimaiyyətin emosional reaksiyasına hesablanmış ritorika.
Söhbət dindən gedirsə...
İnsan hüquqlarının müdafiəsi hər bir dövlət və cəmiyyət üçün vacib prinsipdir. Amma bu prinsip yalnız bir tərəfin arqumentlərini əsaslandırmaq üçün istifadə ediləndə öz mahiyyətini itirir.
Əgər Azərbaycanda saxlanılan erməni məhbuslardan hər hansı birinin hüquqlarının pozulduğu iddia edilirsə, ortaya konkret sübutlar qoyulmalıdır. Amma sübut təqdim edilmədən “işgəncə”, “dini təqib”, “xristianlara qarşı ayrı-seçkilik” kimi ağır ifadələrin dövriyyəyə buraxılması məqsədli dezinformasiya kampansiyasıdır.
Digər tərəfdən, Saakyan məsələni dini konteksdə təqdim etmək istəyirsə, Azərbaycanın işğal altında qalmış ərazilərində məscidlər, qəbiristanlıqlar, dini abidələr və İslam irsinə aid digər nümunələrə qarşı törədilmiş vandalizmdən danışması yaxşı olar. Çünki Ermənistanın işğal dövründə Qarabağda törətdiyi bu cür əməllər faktlarla təsdiqlənmiş mədəni soyqırımı aktıdır.
Bizim.Media-nın analitik qrupu






























































































