Nə fast food, nə də saatlarla telefon oyunu – Uşaqların hədsiz kökəlməsinin gizli səbəbi BƏLLİ OLDU

Hazırda oxunan: Nə fast food, nə də saatlarla telefon oyunu – Uşaqların hədsiz kökəlməsinin gizli səbəbi BƏLLİ OLDU

635708

Son illərdə 12 yaşadək uşaqlar arasında obezite (həddindən artıq kökəlmə) hallarının artdığı müşahidə olunur. Əvvəllər yaşına görə hədsiz kök uşaqlara əsasən fast food yeməklərin dəb olduğu xarici ölkələrdə, xüsusilə də ABŞ-də daha çox rast gəlinirdi. İndi isə ölkəmizdə də artıq çəkidən əziyyət çəkən azyaşlılar çoxalıb. 
 

Bunun əsas səbəblərindən biri qeyd etdiyimiz kimi fast food məhsullarının həddindən artıq istehlakıdır. Hamburger, pizza, kartof qızartması və qazlı içkilərin çox qəbul edilməsi həddən artıq piyylənməyə səbəb olur. Amma obezitə adətən bir neçə amilin uzun müddətli əlaqəsi ilə ortaya çıxır. Yəni uşaq yüksək kalorili qidalar qəbul edir, amma gün ərzində kifayət qədər hərəkət etmir. Nəticədə qəbul etdiyi enerji sərf etdiyi enerjidən çox olur. Bu vəziyyət uzun müddət davam etdikdə artıq çəki yaranır. 


Uzunmüddətli hərəkətsizlik də təbii ki, sosial media və telefon istifadəsidir. Günümüzdə uşaqların həyatında telefon oyunları və sosial media mühüm yer tutur. Oturaq həyat tərzində fiziki hərəkət azalır. Burada sual oluna bilər ki, demək olar bütün uşaqlar fast food yeməklərindən imtina edə bilmirlər, niyə eyni piylənmə problemindən əziyyət çəkmirlər? 

Davamlı daxili sarsıntı mədə-bağırsaq sistemini məhv edir

Məsələ burasındadır ki, fast foodla qidalansa da uşaq həyətdə oynayır, qaçır, velosiped sürür və s və aldığı yüksək kalorini orqanizmindən xaric edir. Başqa sözlə, gündəlik enerji sərfiyyatı çoxdur. Lakin digər bir səbəb də var ki, uzun müddət diqqətdən kənarda qalıb, ya da bu amilin obezitə ilə əlaqəsi araşdırılmayıb. Bu, ailədə və məktəbdə yaşadığı güclü stressdir, adətən daxili sarsıntı mədə-bağırsaq sisteminə əhəmiyyətli dərəcədə təsir edir. 

Psixoloq, uşaqlarla iş üzrə metodist Zülfiyyə Əhədova Bizim.Media-ya problemi belə izah etdi:

“Valideynlər arasında davamlı mübahisə və gərginlik nəticəsində yaranan stress uşaqların psixoloji vəziyyəti ilə yanaşı qidalanma vərdişlərinə də mənfi təsir göstərir. Evdə tez-tez gərginlik, ata-anasının boşanma ehtimalı, bununla da uşaq evinə göndəriləcəyi, yaxud ögey valideynlərin əlinə düşəcəyi fikri uşağın özünü təhlükəsiz hiss etməməsinə səbəb olur. Bu isə onda qorxu, narahatlıq, kədər və stress yaradır”. 

Stressin uşağın qidalanmasına təsirinə gəlincə... 

Psixoloq diqqətə çatdırdı ki, bəzi uşaqlarda stress zamanı emosional yemək davranışı yaranır. Belə uşaq ac olmadığı halda şokolad, şirniyyat, çips və digər zərərli qidaları yeməklə özünü daha yaxşı hiss etməyə çalışır. Yəni qida burada yalnız aclığı aradan qaldıran vasitə deyil, həm də uşağın özünü sakitləşdirmək üsuluna çevrilir. Bu davranış tez-tez təkrarlanarsa, uşaq şüuraltı olaraq stresslə yeməyi əlaqələndirir və nəticəsi də obezite kimi uşaqlar üçün geri dönüşü çətin olan problem yaranır. 

Şəfiqə Şəfa, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin