Sosial şəbəkələrdə ev sahiblərinin qarşılaşdığı vergi öhdəliyi ilə bağlı şikayət və suallar müzakirələrə səbəb olub. Vətəndaşlardan biri bildirib ki, 4-5 ay əvvəl aldığı evin qapısına vergi ilə bağlı bildiriş asılıb, lakin sənəddə vergi ödəyicisi kimi onun deyil, əvvəlki ev sahibinin adı göstərilib. Paylaşımın şərhlərində bir çox vətəndaş da oxşar halla qarşılaşdığını bildirib.
Bəs bu vergi nədir və kimlər üçün məcburidir? Evini yeni alan şəxsin əvvəlki sahibin vergi borcunu ödəməsi tələb oluna bilərmi? Əvvəlki dövrdən yaranan borc yeni ev sahibinin üzərinə keçirmi? Bu ödəniş edilmədikdə hansı hüquqi nəticələr yarana bilər?
Bizim.Media xəbə verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, bu, yerli, yəni bələdiyyə vergiləridir:
“Əsas söhbət konkret olaraq əmlak vergisinin toplanmasından gedir. Son zamanlar bu verginin toplanması ilə bağlı bələdiyyələrin daha aktiv fəaliyyət göstərdiyini görürük. Əmlak vergisi mülkiyyətçi üçün aktual öhdəlikdir.
Lakin bəzi hallarda evin mülkiyyətçisi dəyişdikdən sonra əvvəlki mülkiyyətçiyə aid olan dövr üzrə vergi yeni mülkiyyətçidən tələb olunur. Bu, düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Vergi öhdəliyi şəxsin əmlak üzərində mülkiyyət hüququ yarandığı andan başlayır. Buna görə də yeni mülkiyyətçidən əvvəlki dövrə aid verginin tələb edilməsi əsaslı sayıla bilməz.
Bundan başqa, bəzi hallarda əmlak vergisinin düzgün hesablanmadığı ilə də qarşılaşırıq. Özüm də belə halların şahidi olmuşam. Sistemə müəyyən məbləğ daxil edilir və sonradan həmin məbləğin sistemdən silinməsinin mümkün olmadığı əsas gətirilərək vətəndaşdan ödəniş tələb olunur”.
Hüquqşünas bildirib ki, əmlak vergisi vətəndaşların mülkiyyətçi kimi qeydiyyata alındıqları gündən hesablanmalıdır:
“Eyni zamanda, qanunvericilikdə vergi güzəştləri və vergidən azadolmalar da nəzərdə tutulub. Şəhərin müxtəlif əraziləri müəyyən kateqoriyalara bölünür və əmlak vergisinin məbləği həmin kateqoriyalara uyğun olaraq fərqli hesablanır. Digər tərəfdən, bələdiyyələrin fəaliyyəti yalnız vergi toplamaqla məhdudlaşmamalıdır.
Əvvəllər “bələdiyyə” anlayışı daha çox torpaq satışı ilə əlaqələndirilirdi. Bu gün isə vətəndaşların gündəlik həyatında bələdiyyələrin əsasən əmlak vergisi toplayan qurum kimi görünməsi müəyyən suallar yaradır. Bələdiyyələrin yerli əhaliyə göstərdiyi xidmətlər və onların gündəlik həyatda rolu da daha aydın görünməlidir.
Ona görə hesab edirəm ki, vətəndaşlar mülkiyyətçi olmadıqları dövrə aid vergini ödəməməlidirlər. Belə hallarla qarşılaşdıqda bələdiyyələrə öz tələblərini bildirməli və yalnız mülkiyyətçi olduqları dövrə aid vergini ödəməlidirlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:16 / 10.09.2026
Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq
Hazırda oxunan: Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq
Hazırda oxunan: Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq
635823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































