Şəkər tozu BAHALAŞACAQ

Hazırda oxunan: Şəkər tozu BAHALAŞACAQ

624485

Yay mövsümündə Azərbaycanda şəkərə tələbat artır. Meyvənin bol və ucuz olmasını nəzərə alan insanlar müxtəlif növ mürəbbələr hazırlayırlar. Nəticədə iyul-avqust aylarında şəkər qıtlığı yaşanır.

Bu dəfəki qıtlığı qlobal bazarlardakı təlatümlər də sürətləndirə bilər. Belə ki, ABŞ-da şəkər fyuçerslərinin qiyməti 15 ABŞ sentindən yüksək qiymətə təklif olunur. Bu da mayın ortalarından bəri ən yüksək göstəricidir.

Qiymət artımının əsas səbəblərindən biri neft qiymətlərinin yüksəlməsidir.

Bahalaşan neft şəkər qamışının etanol istehsalına yönəldilməsini daha cəlbedici edir və nəticədə şəkər istehsalının azalması ehtimalını artırır.

Bununla yanaşı, qlobal şəkər tədarükü ilə bağlı risklər də bazarda diqqət mərkəzindədir. Güclənən El-Ninyo hava fenomeninin Asiya və Amerika qitəsində əsas istehsal bölgələrində məhsuldarlığa mənfi təsir göstərə biləcəyi bildirilir.

Hindistanda musson yağışlarının zəifləməsi şəkər qamışı məhsuldarlığı ilə bağlı narahatlıqları artırıb. Kifayət qədər yağıntının olmaması həm cari mövsüm məhsuluna, həm də növbəti mövsüm üçün əkinlərin inkişafına təsir göstərə bilər.

Bazar iştirakçıları dünyanın ən iri şəkər istehsalçılarından biri olan Braziliyadakı vəziyyəti də izləyirlər. Son yağışlar ölkənin əsas istehsal bölgələrində məhsul yığımını ləngidib.

Məlumata görə, Braziliyanın Mərkəzi-Cənub regionunda iyunun ilk yarısında şəkər istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz azalaraq 2,31 milyon ton təşkil edib. Bu göstərici bioyanacaq istehsalının artmaqda davam etdiyini göstərir.

Belə vəziyyətdə ölkəmizdə şəkərin qiymətinin qalxması gözlənilirmi?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, qlobal bazarda şəkərin qiymətində dəyişiklik olanda bizim bazarda da qiymətlər artır:

“Təəssüf ki, bizim daxili istehsalda xam mal bazası o qədər də çox deyil. İstər şəkər çuğundurunun, istərsə də şəkər qamışının dünya bazarında qiyməti artan kimi daxili istehsalda da müəyyən problemlər yaşanır və qiymət artımı müşahidə olunur.

Bizdə istehsaldan əlavə şəkərin qablaşdırılması da geniş yayılıb. Böyük həcmdə şəkər və şəkər tozu alınıb ölkəmizə gətirilir. Daha sonra bu məhsullar qablaşdırılaraq bazara çıxarılır.

Bu sahə qlobal təsirlərə daha həssasdır.

Yəni dünya bazarında şəkərin və şəkər tozunun qiyməti artan kimi ölkəmizdəki qablaşdırıcı şirkətlər də qiymətləri artırırlar. Ona görə də qlobal bazarda qiymət artımı davam etsə, ölkəmizdə də şəkərin qiymətinin artımı qaçılmaz ola bilər. Buna mövsümü səbəbləri də əlavə etsək, o zaman şəkərin qiymətinin yaxın zamanda artacağını demək olar. Bilirsiniz ki, yay mövsümündə ev təsərrüfatarında mürəbbə bişirənlərin sayı kəskin artır. Bu da şəkərə və şəkər tozuna tələbatı artırır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin