Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Hazırda oxunan: Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

623259

Bakı Hərbi Məhkəməsində cəmi bir ay hərbi xidmət keçdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Proses zamanı açıqlanan faktlar göstərir ki, gənc əsgərin ölümü təkcə ağır xəstəliklə deyil, ardıcıl səhlənkarlıq, tibbi nəzarətsizlik və xidmət vəzifələrinin lazımınca yerinə yetirilməməsi ilə bağlı iddialarla müşayiət olunur.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədovun cinayət işi araşdırılır.

O, Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi – qulluğa laqeyd münasibət nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə ittiham olunur. İclasda təqsirləndirilən şəxsin müdafiəçisi əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib.

"Övladımızı Vətənə əmanət etdik, tabutda geri aldıq"

Məhkəmə zalında çıxış edən mərhum əsgərin atası Sadiq İsayev emosional ifadələri ilə diqqət çəkib: "Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi."

 

Valideynlərin sözlərinə görə, oğullarının ölümünün qarşısı vaxtında düzgün tibbi yardım göstərilsəydi, alına bilərdi.Cinayət işinin materiallarına əsasən, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi dövrdə yüksək hərarət, güclü öskürək, halsızlıq və tənəffüs çətinliyi kimi ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Bildirilir ki, o, mayın 6-da və 9-da tibb məntəqəsinə müraciət etsə də, yalnız səthi müayinədən keçirilib və yenidən xidmətə qaytarılıb.


Məhkəmədə açıqlanan sənədlərə görə, vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində belə iştirak edə bilməyib.Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, "xidmətə yararlı" hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.Zərərçəkmiş tərəf hesab edir ki, faciəyə aparan əsas qərarlardan biri də məhz bu olub.

Hospital cəmi 10 dəqiqəlik məsafədə imiş

Qubaya göndərildikdən sonra Fariz İsazadənin səhhəti daha da ağırlaşıb. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub. Məhkəmə materiallarında qeyd olunur ki, onda ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.Həkimlərin bütün səylərinə baxmayaraq, Fariz İsazadə Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

İş üzrə diqqət çəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Buna baxmayaraq, pnevmoniya əlamətləri göstərən əsgərin vaxtında hospitala göndərilmədiyi iddia olunur.
 

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov əsgərin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam qiymətləndirmədən onu yenidən xidmət yerinə göndərib. Zərərçəkmiş tərəf bildirir ki, təqsirləndirilən şəxs həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən peşə və xidməti vəzifələri lazımi qaydada yerinə yetirməyib.


Məhkəmə zamanı daha bir narahatedici fakt da açıqlanıb. Belə ki, hadisə baş verən dövrdə hərbi hissənin tibb məntəqəsində növbətçiliyin peşəkar həkim tərəfindən deyil, tibbi təhsili olmayan sanitara həvalə edildiyi bildirilib. Zərərçəkmiş tərəfin fikrincə, bu hal kritik vəziyyətdə düzgün tibbi qərarın qəbul edilməsini mümkünsüz edib.

Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də ayrıca cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar. Mərhumun atası Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının obyektiv araşdırılmasını və hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsini istəyib.

Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırmaları davam edir. Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub. Həmin prosesdə əlavə şahidlərin dindirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin