Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Hazırda oxunan: Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

623244

Kitab oxuyarkən hərflərin yerini dəyişmiş kimi görünməsi, düz xətlərin əyri görünməsi və ya tanış simaları seçməkdə çətinlik çəkmək... Çox vaxt bunlar yaşlanmanın təbii nəticəsi kimi qiymətləndirilsə də, oftalmoloqlar bildirirlər ki, bu şikayətlər göz xəstəliklərinin erkən əlaməti ola bilər.
 
Bizim.Media Demokrat.az-a istinadla xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis professor doktor Selcuk Sızmazın sözlərinə görə, yaşla əlaqədar makula degenerasiyası (sarı ləkə xəstəliyi) ilkin mərhələdə əksər hallarda simptomsuz inkişaf edir.

Onun sözlərinə görə, xəstəliyin ilk mərhələsində pasiyentlər adətən heç bir narahatlıq hiss etmirlər.

Bu səbəbdən xəstəlik çox vaxt rutin göz müayinələri zamanı aşkar edilir. Sonrakı mərhələlərdə əşyaların təhrif olunmuş şəkildə görünməsi, düz xətlərin əyri və ya qırıq kimi qəbul edilməsi, əşyaların olduğundan böyük və ya kiçik görünməsi kimi əlamətlər meydana çıxır. Müalicə olunmadıqda isə mərkəzi görmədə qalıcı itki yarana bilər.
 
Professor doktor Selcuk Sızmaz qeyd edib ki, yaşla əlaqədar makula degenerasiyasının əsas risk amilləri yaş, genetik meyillilik və siqaret istifadəsidir:

"Bu üç risk amili arasında qarşısı alına bilən yeganə amil siqaret çəkməkdir. Siqaretdən imtina etmək xəstəliyin irəliləmə riskini əhəmiyyətli dərəcədə azaldır".
 
Mütəxəssisin sözlərinə görə, xəstəlik quru və yaş olmaqla iki əsas formaya bölünür:

"Yaş tipdə göz daxilinə tətbiq olunan dərman müalicəsi sayəsində görməni qorumaq mümkündür. Yeni preparatlar sayəsində inyeksiyalar arasındakı interval da uzanıb. Quru tipdə isə antioksidant vitamin əlavələri və müntəzəm nəzarət xəstəliyin inkişafını ləngitməyə kömək edir", deyə Selcuk Sızmaz bildirib.
 
Risk qrupuna daxil olan şəxslərə, xüsusilə 55 yaşdan yuxarı insanlara mütəmadi göz müayinəsindən keçmək tövsiyə olunur.

Yaşıl yarpaqlı tərəvəzlər, omeqa-3 yağ turşuları ilə zəngin balıqlar və antioksidantlarla zəngin qidalar göz sağlamlığının qorunmasına müsbət təsir göstərir:

"Erkən diaqnoz və düzgün müalicə sayəsində yaşla əlaqədar makula degenerasiyası nəticəsində yaranan görmə itkisinin qarşısını bir çox hallarda almaq mümkündür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin