Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Hazırda oxunan: Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

620443

İnsanı böyüdən onun qərarlarıdır. Çünki hər qərar gələcəkdəki hadisələrin necə inkişaf edəcəyini müəyyən edir, həmçinin, insana doğrunu, yanlışı öyrədir. Qərarın nə ilə nəticələnəcəyini bilmək çətin olduğu üçün qərar vermək də asan olmur. Verilən qərarlar insanı göyə də qaldıra, yerə də çırpa bilər. Verilən yanlış və ya doğru qərardan qorxmaq yox, onun arxasında dayanmaq üçün cəsarətli olmaq lazımdır. Bu da insana lap uşaq yaşlarından öyrədilir. Hətta bəzilərinə görə, bu, anadangəlmə yaranan xüsusiyyətdir.

Deyilənə görə, cəsarətli insanlar həyatda uduzmurlar. Çünki cəsarət onlara risklər gətirsə də bunun sayəsində daha tez doğrunu, yanlışı, həyatı, addımlarını öyrənirlər.

Bəs bu xüsusiyyəti övladlarımıza necə aşılayaq?

Mövzuya münasibət bildirən psixoloq Gülnar Orucova Bizim.Media-ya deyib ki, valideynin övlada aşılamlı olduğu ən gözəl xüsusiyyətlərdən biri cəsarətdir:

“Cəsarət qorxmamaq deyil, qorxuya baxmayaraq düzgün qərar verə bilmə bacarığıdır. Cəsarət daha çox ailədə formalaşır və sözlə yox, məhz valideynin təcrübəsi, əməl və davranışı ilə ortaya çıxır”.

Psixoloqun sözlərinə görə, uşağının cəsarətli olmasını istəyən valideyn onun üzərinə məsuliyyət qoymalıdır:

“İndiki valdieynlər bu məsuliyyəti qoymur. İndi uşaqların çantasını belə valideynlər daşıyırlar. Bu, doğru addım deyil. Uşağa məsuliyyət hissini aşılamalı və onun səhv etməsinə icazə verməliyik. Səhv edəndən sonra uşağı döymək, alçaltmaq, səhvini üzünə vurmaq düzgün deyil. Ümumiyyətlə, səhv bir təcrübədir, səhv uğura aparan yoldur və heç kim bilərəkdən səhv eləmir. Təcrübəmiz olmadığı üçün səhvlərə yol veririk. Bu gün 60 yaşlı insan belə səhvlərə yol verə bilər. Bu, normal haldır”.

Müsahibimiz bildirib ki, sevgi, dəstək, qayğı, etibarla əhatə olunan uşaqlar daha cəsarətli olurlar:

“Övladınızın cəsarətli olması üçün ona seçimlər verməli və onun seçimləri ilə razılaşmalısınız. O, seçimlərinin səhv olduğunu anlayana qədər, düzgün seçimə sahib olana qədər, övladınızı dinləməlisiniz. Onun fikirlərinə hörmətlə yanaşmalı, ona şəxsiyyət kimi yanaşmalısınız. Belə olmadıqda, məsələn, uşaq səhv edərək oğurluq edir, valideyn onu danlayacaq deyə övlad oğurluq etdiyini gizlədir. Uşağın bu hərəkəti təkrar etmə ehtimalı daha yüksək olur. Amma uşaq qorxmadan səhvini valideynə desə və cavab alsa, o, bir daha bu hərəkəti təkrar etməyəcək. Yəni hər bir xüsusiyyəti, hissi uşağa düzgün ötürmək uşaqla ünsiyyətdən keçir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin