Mövsümün ilk çay YIĞIMINA başlandı - Masallının çay plantasiyasından FOTOREPORTAJ

Hazırda oxunan: Mövsümün ilk çay YIĞIMINA başlandı - Masallının çay plantasiyasından FOTOREPORTAJ

613126

Ötən gün “Azərsun-Holdinq” Masallıdakı çay plantasiyalarına jurnalistlərin mediaturunu təşkil edib.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi çay plantasiyalarında xammalın yığım, emal prosesinin izahını əyani göstərmək olub.

İlk olaraq Masallının Külatan kəndinə çatan jurnalistlər buradan sıx meşələrin əhatəsində, Talış dağlarının mənzərəsi fonunda çay plantasiyalarının yerləşdiyi Sığaçol ərazisinə yollanır.

Burada Masallının ənənəvi əkinini təşkil edən 100 hektarlıq çayçılıq sahəsi bizi qarşılayır.

Sözügedən çay plantasiyası 12 il öncə - 2014-cü ildə salınıb.

7 il sonra isə əkilib becərilən sahələrdən xammal götürülməyə başlanılıb.



Öncəliklə, hazırda yamyaşıl olan bu  sahələrdə zəhmətkeş xanımların iş prosesini izləyirik. Meşə, dağ ardıcıllığında yaşıllıqla əhatələnən bu çay plantasiyaları öz zərifliyi ilə göz oxşayır və seçilir. 

Jurnalistlərə plantasiyalardakı iş prosesi barədə daha ətraflı məlumatı isə “Azərsun-Holdinq”in Masallıdakı “SUN TEA” fabrikinin direktoru Nuriyyə Rəhmanova verib.

N.Rəhmanova bildirib ki, il ərzində 4 dəfə keçirilən yığım prosesinin ilk mərhələsinə başlanılıb:

“Bu il əkilən 22 min toxumu öz sahələrimizdən yığmışıq. Hazırda isə ərazidə birinci yığıma başlanılıb. İl ərzində may, iyul, sentyabr və oktyabr olmaqla 4 dəfə yığım prosesi aparılır. Bir gün ərzində adambaşı 500 qram-1 kiloqram çay yığılır.

Ötən illə müqayisədə bu il məhsuldarlığın 10-12 % artacağını gözləyirik. Ümumumiyyətlə, ən ətirli, ən gözəl çay may ayında yığılan çaydır”.



Mediatur çərçivəsində çayın emal prosesindəki ardıcıllıq haqqında da məlumat alırıq:

“Çayların ilkin emal prosesi solma adlanır. Bu proses zamanı yarpaqların nəmliyinin azaldılması həyata keçirilir.

Daha sonra çay şəkilləndirilir, burulma prosesindən keçir. Burulma yarpaq şirəsinin (enzimlərin) xaricə çıxması üçün istifadə edilən prosesdir.

Ardınca isə çay fermentasiya olunur. Sadə dildə desək, oksidləşir. 90-95 % rütubət olan otaqlarda havadakı oksigenlərlə reaksiya girərək oksidləşir - fermentasiya olunur. Bununla da çay qəhvəyi rəng alır. Biz bu rəngi məhz dəmlənmə prosesi zamanı görürük. Fermentasiya prosesindən sonra isə 99-100 dərəcəlik sobalarda saat yarım qurudulur. Bu prosesin ardınca xırda, orta iri yarpaq olaraq ayrılaraq çeşidlənir.

Çay özü boya verən qida maddəsi olduğuna görə kənardan hər hansısa boyamadan istifadə edilmir. Bu, texnoloji proses olaraq mümkün deyil. Dadlandırılma prosesində kəklikotu, limon, çiyələk kimi müxtəlif bitki və meyvə ətirləndiricilərindən istifadə olunur”.

Burada çayın dəmlənmə prosesində edilən doğru addımları da öyrənmiş oluruq:

“Çayın dəmlənməsində təzə qaynadılmış yumşaq sudan istifadə edilir. Qaynadılmış su 1 dəqiqə dincəldikdən sonra 200 ml-nə 2 qaşıq çay atılaraq dəmlənməyə qoyulur. Dəmlənmiş çay 20-30 dəqiqə ərzində içilməlidir. 30 dəqiqə sonra içilən çay zərərli deyil, amma xeyri də yoxdur. Bəzən deyilir ki, bu, qaraciyərdə ləkə yaradır, amma belə deyil.

Çay içmək bizim üçün əslində adət halına gəlib. Amma nəzərə alaq ki, adətlə yanaşı, çay həm də faydalı bitki növüdür. Çay yarpağında 360 üzvi və qeyri üzvi maddə var. İkinci belə bir bitki yoxdur. Ona görə də çayın faydalarından yararlanmaq üçün dəmləndiyi 20-30 dəqiqə müddətində istehlak edilməlidir”.



N.Rəhmanova 1 dəfəlik istifadə üçün hazırlanan paket çayların tarixi və daha tez dəmlənmə səbəblərindən də danışıb:

“1920-ci illərdə bir ingilis tacir Hindistandan çay alaraq Amerikada satırmış. Çayı hər dəfə alıb aparanda  taxta yeşiyin dibində çayın ənəntisinin qaldığını görür. Bu ticarəti qızılla etdiyi üçün həmin ənəntini atmağa da heyfi gəlir. Bunu kətan parçalara bükür və bazarda satmağa başlayır. 1935-ci ildə alman  firmasına bunu layihə olaraq satır.

Bununla da paketlik çayların texnologiyası qurulur. Qablaşdırma üsulları isə dəyişərək bu günümüzə gəlir. Bu, çayın xırda hissəsidir, tozu deyil. Bu çayların daha tez dəmlənmə səbəbi isə xırda olması və isti su ilə daha tez reaksiyaya girə bilməsidir”.

Onun sözlərinə görə, ötən il birinci yığımda 26 ton məhsul əldə edilib. Ümumilikdə isə 36 ton xammal yığılıb ki, bu da indiyə qədərki ən yüksək göstəricidir.

Qeyd edək ki, Azərbaycan çay mədəniyyəti əsrlərdir formalaşıb. Bu mədəniyyət 2022-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Ölkəmizdə qonaqpərvərliyin rəmzini də məhz bu dadlı içki təmsil edir - evə gələn qonağa mütləq çay təklif edilir.  Yəni, ölkəmizdə çay həm də qarşılıqlı hörməti qoruyan bir ənənə hesab olunuraq davam etdirilir.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin