2026-cı ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat olmaqla 2025-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən Bizm.Media-ya bildirilib ki, ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz artaraq 19,5 milyard manata bərabər olub, onun 43,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.
Bizm.Media


































































































