ADP İranı Azərbaycana qarşı təhdidedici təxribatlardan əl çəkməyə çağırdı...

Hazırda oxunan: ADP İranı Azərbaycana qarşı təhdidedici təxribatlardan əl çəkməyə çağırdı...

610897
Bu gün ADP İdarə Heyətinin ölkədə və regionda baş verən ictimai-siyasi hadisələrə dair növbəti toplantısı keçirilib. Toplantıda ilk öncə ötən həftə İran dövlətinə məxsus hərbi təyyarənin Azərbaycan-İran sərhədi boyunca təhdidedici uçuşu ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı baş vermis məlum hadisə Azərbaycana qarşı törədilən növbəti təxribat hərəkəti kimi qətiyyətlə pislənilib, bu hadisənin hər iki dövlətin maraqlarına zidd olduğu qeyd edilib. İdarə Heyəti İran dövlətini Azərbaycana qarşı bu tipli təhdidedici təxribat hərəkətlərindən əl çəkməyə, iki qonşu ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması və qarşılıqlı faydalı əməkdaşlığa söykənən əlaqələrin qorunub saxlanılması istiqamətində addımlar atmağa çağırıb.
 
İdarə Heyəti eyni zamanda İranın Azərbaycanda son zamanlar dini xurafata əl atmasına da diqqət çəkib. Müzakirələrdə qeyd edilib ki, İranın Azərbaycanda dini xurafata əl atmasının əsas səbəblərindən biri ölkədə demokratik dəyərlərə olan basqılar, ölkədə müxalif partiyaların fəaliyyətinin məhdudlaşdırılması və vətəndaş cəmiyyəti institutlarının inkişafının qarşısının alınmasıdır. Bu baxımdan hakimiyyət radikal dini cərəyanların qarşısının alınması üçün ölkədə demokratik dəyərlərə hörmət etməli və demokratiyanın inkişafı istiqamətində zəruri addımlar atmalıdır. 
 
İdarə Heyəti son zamanlar dünyada və xüsusilə yerləşdiyimiz regionda dünya güclərinin nüfuz savaşının intensivləşdiyi bir zamanda Azərbaycana yönələn təhdidlər ətrafında da müzakirələr aparıb. Müzakirə iştirakçıları Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsində nəzərdə tutulan əməkdaşlığa dair bəndlərin sürətli şəkildə yerinə yetirilməsi istiqamətində daha ciddi addımlar atılmasının, Azərbaycanın hərbi və beynəlxalq aləmdə müdafiəsində qardaş Türkiyənin imkanlarından istifadə edilməsinin vacibliyini qeyd ediblər.
 
İdarə Heyəti Qarabağdakı erməni separatçılarının və onların liderlərinin öz müqəddəratını təyin etmə hüquqları uğrunda mübarizə aparacaqları ilə bağlı verdikləri bəyanatlara da bir daha münasibət bildirib. İdarə Heyəti Azərbaycan ərazisindəki separatist hərəkatın arxasında Rusiya, İran və Fransanın dayandığını və adı çəkilən dövlətlərin separatçılara maddi, mənəvi və hərbi dəstək verdiyini və buna görə də erməni separatçıları özlərinin separatist hərəkətlərindən hələ də imtina etmədiklərini qeyd edib. İdarə Heyəti həmçinin bəzi beynəlxalq dairələrin də dolayı yolla erməni separatçılarına havadarlıq etdiklərini də qeyd edib.  Müzakirələrdə həmçinin qeyd edilib ki, Azərbaycan özünün milli problemlərinin həllində beynəlxalq dəstək almaq üçün müstəqil xarici siyasət aparmalı, Rusiyanın təsir dairəsindən çıxmalı və ölkədə demokratik dəyərlərin bərqərar olunması istiqamətində addımlar atmalıdır. Azərbaycan Rusiya, Belorus və Çin kimi eyni siyasi modellərin tətbiqindən imtina etməsə ciddi beynəlxalq dəstəyə və daxildə ciddi siyasi inkişafa nail olmaq mümkün deyil. 
 
İdarə Heyəti Rusiya rəsmilərinin Gürcüstan və Moldovada baş verən hadisələrlə bağlı açıqlamalarına da münasibət bildirib. Qeyd edilib ki, bu bəyanatlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə yanaşı digər keçmiş SSRİ respublikalara siyasi müdaxiləsi kimi dəyərləndirilməlidir.  
 
İdarə Heyəti son zamanlar Bakı şəhərində baş verən kriminal hadisələrə də diqqət çəkib. Baş verənlərin yalnız bir kriminal hadisəsi kimi deyil, uzağa gedən siyasi planların tərkib hissəsi kimi dəyərləndirib, aidiyyatı hakimiyyət orqanlarını hadisələri törədənlərin kimliyinin araşdırılması və bu kimi hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində ciddi addımlar atmağa çağırıb. 
 
İdarə Heyəti Qarabağ ermənilərin təmsilçiləri ilə növbəti görüşün Bakıda keçirilməsi ilə bağlı hakimiyyətin irəli sürdüyü təşəbbüsü dəstəklədiyini bildirib, bu hadisəni rəsmi Bakının erməni vətəndaşlarına münasibətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımdan bir fürsət olduğunu qeyd edib. Eyni zamanda qeyd edilib ki, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün hazırda Bakıda və digər regionlarda yaşayan ermənilərlə onların təmaslarının yaradılması da əhəmiyyətli olardı. 
 
İdarə Heyəti ölkənin quru sərhədlərinin hələ də açılmamasına bir daha münasibət bildirib. Müzakirələrdə quru sərhədlərinin bu günə kimi bağlı qalmasının ağlabatan səbəbləri ilə bağlı hakimiyyət orqanlarının xalqa məlumat verməsinin vacibliyi qeyd edilib, eyni zamanda ən azı indiki durumda təhlükəsizlik tədbirlərin gücləndirilməsi şərti ilə Türkiyə və Gürcüstanla quru sərhədlərinin açılmasının vacibliyini qeyd edib. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin