Misir məhkəməsi bir iş üzrə 37 nəfəri ömürlük həbsə məhkum edib. Onların arasında səkkiz Türkiyə vətəndaşı var. Bu səkkiz nəfərdən biri isə hazırda Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliyində çalışan Cihangir İşbilir-dir.
Bu, adi məhkəmə xəbəri deyil.
Çünki həmin hökmün arxasında Misirin “Türkiyə ilə casusluq işi” adlandırdığı, 2017-ci ildən araşdırılan və illər ərzində genişlənən milli təhlükəsizlik işi dayanır. İş üzrə ittihamlar xarici tərəflə əlaqələrdən terror təşkilatına üzvlüyə, qanunsuz beynəlxalq telefon trafikindən məlumatların toplanması və ötürülməsinə, çirkli pulların yuyulmasından qanunsuz valyuta əməliyyatlarına qədər uzanır.
//nordicmonitor.com/2026/09/egypt-targets-secret-turkish-intelligence-operation-linked-to-muslim-brotherhood/
Və həmin iş üzrə ömürlük həbs alan səkkiz Türkiyə vətəndaşının siyahısında Cihangir İşbilir-in adı var.
Sual isə dərhal ortaya çıxır:
Türkiyənin diplomatik nümayəndəliyində çalışan bir şəxsin adı necə oldu ki, Misirdə milli təhlükəsizlik və xarici əlaqələrlə bağlı bu qədər ağır ittihamların yer aldığı işə düşdü?
Cavab üçün 2026-cı ilə yox, 2013-cü ilə qayıtmaq lazımdır.
Cihangir İşbilir-in Misirlə bağlı fəaliyyəti 2026-cı il hökmündən çox əvvəl başlayıb.
Onun açıq mənbələrdəki bioqrafiyasına görə, İşbilir əvvəlcə İslam dünyasının QHT sektorunda çalışıb. 2005–2008-ci illərdə İslam Dünyası QHT-ləri Birliyində baş koordinatorun müavini, 2008–2013-cü illərdə isə baş koordinator olub. Daha sonra onun adı Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Türkiyədə sürətlə böyüyən “Rabia” hərəkatının ön sıralarında görünməyə başlayıb.
2014–2020-ci illərdə İşbilir International Rabia Platform-un baş koordinatoru olub. Bu, sadəcə bir QHT və ya sosial təşəbbüs deyildi.
“Rabia” 2013-cü ildə Mursinin devrilməsindən sonra Türkiyədə Misir hadisələrinə münasibətin ən görünən siyasi simvollarından birinə çevrilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rabia işarəsindən siyasi simvol kimi istifadə edir, Ankara Mursinin devrilməsini “çevriliş” kimi qiymətləndirirdi.
İşbilir isə bu siyasi xəttin Türkiyədəki ən fəal ictimai simalarından biri idi.
2014-cü ildə Anadolu Agentliyi onu International Rabia Platform-un koordinatoru kimi təqdim edirdi. İşbilir həmin dövrdə Misirdəki edam hökmlərini siyasi qərar adlandırır, Müsəlman Qardaşlarının fəaliyyətindən danışır və Mursiyə dəstəyi açıq şəkildə ifadə edirdi.
Mısır'daki idam kararları siyasi
//v.aa.com.tr/172234
2015-ci ildə isə o, Mursi ilə bağlı məhkəmə qərarlarının Misirdə yeni sosial partlayışa səbəb ola biləcəyini bildirirdi. Anadolu Agentliyinin həmin dövrə aid materialında İşbilir Mursi haqqında mümkün edam qərarını “siyasi” kimi qiymətləndirir və Misir hakimiyyətini “çevriliş idarəçiliyi” adlandırırdı.
"Mısır'da sosyal patlama riski yüksek"
//v.aa.com.tr/40859
Həmin il o, Mursiyə verilən edam qərarını yalnız Misirin daxili məsələsi kimi deyil, bütün regionun siyasi gələcəyi ilə əlaqələndirirdi.
'Liderlere tehdit mesajı taşıyor'
//v.aa.com.tr/46231
Yəni İşbilir-in Mursiyə siyasi dəstəyi sonradan onun bioqrafiyasına əlavə edilmiş iddia deyil. Bu, onun öz çıxışlarında açıq şəkildə ifadə etdiyi mövqedir.
Rabia Platformasının arxasında kimlər vardı?
İşbilir-in rəhbərlik etdiyi platforma qısa müddətdə beynəlxalq kampaniyaya çevrilmişdi. Ərəb mediasında da onun adı məhz Rabia Platforması ilə bağlı çəkilirdi. “Əl-Cəzirə” 2015-ci ildə İşbilir-i “Beynəlxalq Rabia Forumunun koordinatoru” kimi təqdim etmiş, onun müxtəlif ölkələrdə keçirilən “Rabia günü” tədbirlərindən danışdığını yazmışdı.
Türkiyənin öz dövlət xəbər agentliyi də həmin illərdə İşbilir-i davamlı olaraq “International Rabia Platform”un koordinatoru kimi təqdim edirdi. Anadolu-nun arxivində onun Misir, Mursi, Rabia və regiondakı siyasi proseslərlə bağlı çoxsaylı açıqlamaları yer alır.
"Mısır'da sosyal patlama riski yüksek"
//v.aa.com.tr/46231
2014-cü ildə İşbilir “Rabia katliamı”nı dünya miqyasında gündəmdə saxlamaq üçün tədbirlərdən danışırdı.
//v.aa.com.tr/139327
2015-ci ildə isə o, Türkiyəni İslam dünyası üçün “son qala” və “təhlükəsiz liman” kimi təqdim edirdi.
"Müslümanlar Türkiye'yi 'son kale' olarak görüyor"
//v.aa.com.tr/40635
Bu detalların hər biri ayrıca götürüldükdə siyasi mövqedir. Amma illər sonra həmin şəxsin adının Misirdə dövlət təhlükəsizliyi işi üzrə ömürlük həbs cəzası alanların siyahısına düşməsi bu keçmişi yenidən gündəmə gətirir.
İstanbulda qurulan siyasi-media mühiti : Mursinin devrilməsindən sonra İstanbul təkcə Türkiyə ilə Misir arasında siyasi qarşıdurmanın mərkəzi olmadı. Şəhər Misir müxalifətinin də əsas xarici mərkəzlərindən birinə çevrildi. “Müsəlman Qardaşları”nın tərəfdarları, Mursiyə yaxın siyasi fiqurlar və Misir hakimiyyətinə qarşı çıxan media qurumları fəaliyyətlərini burada genişləndirdilər. “Mekameleen”, “Əl-Şərq”, “Vətən” və digər kanallar İstanbuldan yayıma başladılar.
Məhz bu siyasi-media mühiti sonradan Misirin 2017-ci ildə başlatdığı milli təhlükəsizlik araşdırmasının da əsas kontekstlərindən birinə çevrildi. Misir istintaqının versiyasına görə, söhbət yalnız Misir müxalifətinin Türkiyədə fəaliyyət göstərməsindən getmirdi.
Prokurorluğun təqdim etdiyi versiyaya görə, Türkiyədə yerləşən texniki infrastrukturdan istifadə olunaraq beynəlxalq telefon danışıqları qanunsuz şəkildə yönləndirilir, həmin kommunikasiya vasitəsilə Misirdəki siyasi, sosial və iqtisadi vəziyyət haqqında məlumatlar toplanır və bu məlumatlar sonradan xaricdəki media və siyasi fəaliyyətlərdə istifadə olunurdu.
//nordicmonitor.com/2026/09/egypt-targets-secret-turkish-intelligence-operation-linked-to-muslim-brotherhood/
Beləliklə, Misir tərəfinin təqdim etdiyi mənzərədə kommunikasiya infrastrukturu sadəcə texniki sistem deyildi. İddia olunan modeldə həmin sistem məlumat toplamaq, məlumatı xaricə ötürmək və daha sonra onu siyasi-media fəaliyyətində istifadə etmək üçün vasitəyə çevrilirdi. Məhz buna görə Misir hakimiyyəti işi adi siyasi müxalifət fəaliyyəti kimi deyil, milli təhlükəsizlik məsələsi kimi təqdim etdi.
Və siyahıda Cihangir İşbilir-in adı göründü.
2026-cı il aprelin 7-də Misirin Birinci Terrorizm Dairəsi 81 təqsirləndirilən şəxsin olduğu iş üzrə hökm çıxardı. 37 nəfər ömürlük həbs cəzası aldı. Onların arasında səkkiz Türkiyə vətəndaşı vardı:
Nihat Akman, Fehmi Bülent Yıldırım, Cihangir İşbilir, Arif Özkan, Mustafa Muhammed Gül, Esim Ünal, Mustafa Demirci və Mert Ararat.
Hamısı qiyabi qaydada məhkum edildi.
//nordicmonitor.com/2026/09/egypt-targets-secret-turkish-intelligence-operation-linked-to-muslim-brotherhood/
Bu siyahının özü diqqətçəkəndir. Çünki burada söhbət sadəcə bir siyasi fəaldan getmir. Siyahıda humanitar təşkilat rəhbəri, Türkiyədə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi strukturlarla əlaqəli şəxslər və Cihangir İşbilir kimi Rabia Platformasının keçmiş rəhbəri var.
Misir tərəfi isə onların adlarını daha geniş bir şəbəkənin daxilində təqdim edir. Bəs İşbilir konkret nə edib?
Araşdırmanın ən kritik nöqtəsi məhz budur.
Misir məhkəməsinin işi üzrə ittihamlar ağırdır. Lakin İşbilir haqqında konkret sual daha dar çərçivədə qoyulmalıdır: O, şəxsən hansı əməliyyatda iştirak edib?
Misir prokurorluğunun təqdim etdiyi materiallarda kommunikasiya infrastrukturu, telefon trafikinin yönləndirilməsi, məlumatların toplanması, xaricə ötürülməsi və media-siyasi fəaliyyətlərin maliyyələşdirilməsi barədə geniş ittihamlar var.
//nordicmonitor.com/2026/09/egypt-targets-secret-turkish-intelligence-operation-linked-to-muslim-brotherhood/
Lakin açıq yayımlanan məhkəmə qərarında İşbilir-in şəxsən hansı konkret əməliyyatı həyata keçirdiyi bütün detalları ilə görünmür.
Çünki bir şəxsin adının böyük bir milli təhlükəsizlik işində keçməsi ilə onun həmin işdə konkret hansı əməliyyata görə məsul tutulması eyni məsələ deyil. İşbilir-in ömürlük həbs cəzası aldığı faktı mübahisəsizdir.
Ona qarşı irəli sürülən ittihamların məzmunu da sənədləşdirilib. Amma İşbilir-in həmin ittihamların hansı konkret epizodunda və hansı rolda iştirak etdiyi məsələsi açıq mənbələrdə tam aydınlaşdırılmayıb.
Rabia-dan Anadolu-ya
Və burada İşbilir-in bioqrafiyasının ən maraqlı dönüşü başlayır.
Rabia Platformasının rəhbərliyindən sonra o, Türkiyənin dövlət xəbər agentliyi Anadolu-nun media sisteminə keçir.
Onun açıq CV-sinə görə, 2015–2019-cu illərdə Anadolu Agentliyinin Xəbər Akademiyasında rəhbər vəzifədə çalışıb, daha sonra akademiyanın direktoru olub.
Yəni bir neçə il əvvəl Misir siyasəti üzrə beynəlxalq siyasi kampaniyanın önündə dayanan şəxs sonrakı mərhələdə Türkiyənin dövlət xəbər agentliyinin jurnalist hazırlığı sistemində rəhbər mövqeyə gəlir.
Bu fakt özü-özlüyündə cinayət deyil. Amma onun bioqrafiyasının ardıcıllığı diqqət çəkir.
Çünki İşbilir-in Rabia Platformasındakı fəaliyyəti ilə Anadolu-dakı fəaliyyəti arasında Misir mövzusu itib-batmır. Əksinə, Anadolu-nun öz arxivində onun Mursi, Misir və Rabia haqqında açıqlamaları qalır.
"Mısır'da sosyal patlama riski yüksek"
//v.aa.com.tr/40859
Başqa sözlə, siyasi fəaliyyətlə dövlət media sistemindəki peşəkar fəaliyyət arasında müəyyən xronoloji ardıcıllıq var.
Və bu ardıcıllıq sonrakı mərhələdə daha da maraqlı şəkil alır.
Dövlət kommunikasiya sistemindən diplomatiyaya
İşbilir daha sonra kommunikasiya strukturlarında fəaliyyət göstərir. Nəhayət, onun karyerası diplomatik müstəviyə keçir.
Bu gün isə o, Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliyində mətbuat və kommunikasiya sahəsində fəaliyyət göstərir.
Beləliklə, qarşıda artıq bir neçə təsadüfi bioqrafik epizod deyil, illər ərzində bir-birini izləyən mərhələlər dayanır:
İslam dünyasının QHT sektoru, Rabia Platforması, Məhəmməd Mursiyə açıq siyasi dəstək, “Müsəlman Qardaşları” ilə eyni siyasi mühitdə fəaliyyət, Anadolu Agentliyi, kommunikasiya sistemi Və diplomatik vəzifə.
Amma 2026-cı ildə həmin şəxsin Misirdə milli təhlükəsizlik işi üzrə ömürlük həbs cəzası alan səkkiz Türkiyə vətəndaşından biri olması fonunda artıq çox ciddi bir sual yaradır.
CV-nin son səhifəsindəki bir ad
Bu sualı daha da maraqlı edən başqa bir detal var.
İşbilir-in açıq CV-sinin son səhifəsində Türkiyənin kəşfiyyat orqanlarının yüksək rütbəli şəxsləri peşəkar referans kimi göstərilir.
Bu detal Nordic Monitor-un 2026-cı il araşdırmasında xüsusi vurğulanıb. Həmin nəşr İşbilir-in Rabia Platforması, Müsəlman Qardaşları ilə əlaqəli şəxslər və Türkiyə dövlət strukturları arasındakı əlaqələrini daha geniş şəbəkə kontekstində təqdim edir.
//nordicmonitor.com/2026/09/egypt-targets-secret-turkish-intelligence-operation-linked-to-muslim-brotherhood/
Düzdür bir referansın olması onun MİT-də işləməsi demək deyil.
Açıq mənbələrdə İşbilir-in MİT əməkdaşı olduğunu təsdiqləyən müstəqil rəsmi sənəd yoxdur.
Əhməd Yusuf kimdir və İşbilir-in yanında nə axtarır?
Araşdırmanın başqa bir hissəsi Əhməd Yusufun adından keçir. Yusuf müxtəlif mənbələrdə “Müsəlman Qardaşları”nın Türkiyədəki nümayəndəsi kimi təqdim olunub. İşbilir və Yusuf müxtəlif tədbirlərdə eyni siyasi mühitdə, eyni mövzular ətrafında çıxış ediblər. Bu fakt onların birgə siyasi və ictimai fəaliyyət göstərdiyini göstərir.
Amma bu əlaqənin öz-özlüyündə cinayət əlaqəsi olduğunu demək üçün əsas yoxdur.
Bəs “MİT agenti” iddiası?
Bu ifadə artıq bir neçə dəfə müxtəlif yazılarda və sosial şəbəkələrdə səsləndirilib.
Amma açıq sənədlər bu nəticəni təsdiqləməsə də İşbilir-in CV-də Türkiyə kəşfiyyat orqanlarının yüksək rütbəli şəxlərinin referans kimi göstərilməsi faktları mövcuddur. Rabia Platformasında fəaliyyəti var. “Müsəlman Qardaşları” ilə eyni siyasi mühitdə görünməsi var. Türkiyənin dövlət media və kommunikasiya strukturlarında sonrakı fəaliyyəti var. Diplomatik vəzifəsi var.
Və nəhayət, Misir məhkəməsinin onun barəsində çıxardığı ömürlük həbs hökmü var.
Amma bunların heç biri təkbaşına onun MİT agenti olduğunu sübut etmir.
Elə araşdırmanın ən maraqlı tərəfi də budur.
Çünki faktlar kifayət qədər çoxdur, amma onları birləşdirən son sənəd hələ ortada yoxdur.
Bu işdə ən vacib sənəd 955/2017 saylı iş üzrə tam ittiham aktıdır — “أمر الإحالة”.
Həmin sənədin tam mətni ortaya çıxarsa, çox şey aydınlaşa bilər:
İşbilir-in adı işə hansı konkret epizodla daxil edilib?
Ona hansı fərdi əməl aid olunub?
Onun Rabia Platforması ilə bağlı fəaliyyəti ittiham materialında necə qiymətləndirilib?
Əhməd Yusufla münasibətləri hüquqi sənəddə hansı formada keçir?
Anadolu Agentliyinin adı niyə həmin işdə çəkilir?
Və ən əsası — Misir prokurorluğu onun rolunu hansı sübutlarla əsaslandırıb?
Hazırda bütün bu sualların cavabı eyni səviyyədə açıq deyil.
Rabia Platformasının rəhbərliyindən kommunikasiya sisteminə, oradan diplomatik vəzifəyə və nəhayət Misirdə ömürlük həbs hökmünə qədər uzanan bu karyera xətti sadəcə siyasi fəallıqdan dövlət xidmətinə keçidin hekayəsidir, yoxsa bu xəttin arxasında hələ açılmamış başqa əlaqələr də var?
Bu suala cavabı nə İşbilir-in bioqrafiyası, nə də təkcə Misir məhkəməsinin hökmü verir. İşbilir-in adının bu işə konkret olaraq hansı əməl və hansı sübut əsasında daxil edildiyini göstərən tam ittiham aktı.
Həmin sənəd ortaya çıxana qədər isə bir şey demək mümkündür:
Cihangir İşbilir-in 2013-cü ildən 2026-cı ilə qədər uzanan karyera xətti adi bir bioqrafik ardıcıllıqdan daha çox sual doğurur.
Və bu sualların ən böyüyü hələ cavabsızdır.
Bizim.Media
































































































