“Mançester Siti”nin hücumçusu Erlinq Holand Norveçin “Norwegian Air Shuttle” aviaşirkətini məhkəməyə verib. Səbəb aviaşirkətin təyyarəyə onun məşhur saç düzümünün “hədiyyə edildiyi” reklamı olub.
Bizim.Media xəbər verir ki, imicini dəyişənədək Holand uzun müddət saçlarını at quyruğu şəklində yığırdı və bu saç düzümü onun tanınan xüsusiyyətlərindən birinə çevrilmişdi. Dünya çempionatı zamanı aviaşirkət sosial şəbəkələrdə futbolçunun saçlarının redaktə olunmuş təyyarə görüntüsünü yayımlayıb.
Reklam paylaşımı “Heç vaxt özümüzü bu qədər norveçli hiss etməmişdik” ifadəsi ilə müşayiət olunub. Daha sonra paylaşım silinib.
Lakin Holand bu zarafatı bəyənməyib. İndi futbolçu Norwegian şirkətinin məsuliyyətə cəlb edilməsini tələb edir və Norveçin marketinq haqqında qanununun pozulduğunu bildirir. Hakim və vəkillərin ilkin görüşü oktyabrın 9-na təyin edilib.
Aviaşirkətin nümayəndəsi Katrin Sulli bildirib ki, Norwegian-də paylaşımın nə üçün məhkəmə iddiasına səbəb olduğunu başa düşmürlər.
“Norveçdə demək olar ki, hamı kimi biz də yay aylarında milli komandamızı dəstəkləyirdik. Sadəcə olaraq sosial şəbəkələrdəki trendlərdən ilhamlanan bir neçə materialı spontan şəkildə paylaşırdıq. Bu dəstəyin məhkəmə iddiasına çevrilməsinə təəssüf edirik. Amma ümid edirik ki, məsələnin həlli üçün sağlam düşüncəyə əsaslanan dialoq aparmaq mümkün olacaq”, — deyə o bildirib.
Xatırladaq ki, turnirdə Holand yeddi qol vurub və Norveç millisinin XXI əsrdə ilk dəfə dünya çempionatının 1/4 finalına çıxmasına kömək edib. Bu mərhələdə komanda İngiltərəyə məğlub olub.

Bizim.Media































































































