Müsavatın yeni başqanının kim olacağı ilə bağlı məsələ ilk növbədə müsavatçıların özünün seçimindən asılı olan məsələdir.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat Partiyasında keçirilməsi gözlənilən növbəti qurultay və bu qurultayda yeni başqanın seçilməsi məsələsi ilə bağlı həmin partiyanın daxilində baş verənlərə, o cümlədən, bu məsələ ətrafında mediada yer alan versiyalara münasibətini bildirərkən dilə gətirib.
YAP rəsmisinin sözlərinə görə, lakin məsələ odur ki, Müsavat Partiyası, xüsusilə, partiyanın indiki başqanı və rəhbərlikdə olan bəzi şəxslər növbəti qurultayın keçirilməsində maraqlı deyillər.
Millət vəkili bildirib ki, məhz bu səbəbdən də onlar müxtəlif bəhanələrlə, şoularla qurultaydan və ya qurultay üçün təklif olunan yerlərdən imtina etməyə, qurultayın keçirilmə vaxtını uzatmağa çalışırlar.
“Xatırladım ki, hələ il yarım-iki il bundan öncə bunlar qurultay keçirməklə bağlı fikir irəli sürməyə, qurultay nümayəndələrini seçməyə başladılar, ancaq sonradan bəhanələri də bu oldu ki, guya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsavatçılara qurultay üçün münasib yer ayrılmır”, - deyən S.Novruzovun eyni zamanda bildirdiyinə görə, Azərbaycanda mülkiyyətin müxtəlif formaları var - xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və dövlət mülkiyyəti.
“Yəni, istənilən bir qurumla müqavilə bağlayıb, təbdir, qurultay keçirmək mümkündür. Məsələn, YAP bütün tədbirlərini ayrı-ayrı otellərdə və ya ayrı-ayrı özəl müəssisələrdə keçirir. Müqaviləsini bağlayır, pulunu ödəyir, gedir tədbirini keçirir.
Nə Bakı Şəhər İcra Hakimiyyətinə, nə Mədəniyyət və Turizm Nazirliyinə, nə də hər hansı bir quruma tədbir keçirmək üçün müraciət etmirik, yenə deyirəm, ayrı-ayrı özəl müəssisələrlə müqaviləmizi bağlayıb tədbirlərimizi keçiririk.
Bunların, İsa Qəmbər tərəfdarlarının bəhanələri isə tamam başqadır və məsələ də əslində ondan ibarətdir ki - hətta, bizə də yerlərdən məlumatlar daxil olur, - Müsavat Partiyasının özünün böyük bir hissəsi İsa Qəmbərin yenidən başqan olmasını istəmir. Bu da heç şübhəsiz İsa Qəmbərə və onun tərəfdarlarına sərf etmir...” - deyə, S.Novruzov vurğulayıb.
YAP rəsmisinin iddiasına görə, əgər qurultay zamanı başqanlıqla bağlı seçki, səsvermə düzgün keçirilsə, İ.Qəmbər yenidən Müsavat başqanı seçilə bilməyəcək.
“Ancaq təbii ki, saxtalaşdırma olsa, o, yenidən başqan seçiləcək. Necə ki, Müsavat Partiyası Gənclər Təşkilatının yeni sədri məhz saxtalaşdırma nəticəsində həmin posta seçildi. Bu da birbaşa Müsavat başqanının yardımı, dəstəyi və təzyiqi nəticəsində baş verdi.
Hər halda bunu da biz deyil, Müsavat Partiyası Gənclər Təşkilatının bəzi üzvləri özləri açıq şəkildə deyir, etiraf edir və təsdiqləyirlər. Onlar özləri bu yöndə mətbuatda bir sıra açıqlamalarla çıxış ediblər.
Ona görə İsa Qəmbər və onun azsaylı tərəfdarları Müsavatın növbəti qurultayının keçirilməsində maraqlı deyillər və qurultaydan yayınmaq üçün müxtəlif bəhanələr uydururlar”, - deyə, YAP icra katibinin müavini bildirib.
S.Novruzov onu da deyib ki, Müsavat başqanlığına bir sıra iddialı şəxslər var və onlar artıq öz iddialarını ortaya qoyublar.
“Onların da hər biri təbii ki, özlərinin başqan seçilməsini istəyir və bu zaman da bir-birilərinə qarşı açıq şəkildə savaş açmaqdan çəkinmirlər. Ümumiyyətlə, dünyanın hər yerində də belədir ki, bir partiya sədri hansısa bir seçkidə qalib gəlmirsə, uduzursa, o zaman vəzifəsindən istefa verir, siyasətdən gedir, yerini başqasına verir.
İsa Qəmbər isə 1990-cı ildən bu yana heç bir seçkidə qalib gələ bilməyib. Sadəcə, 1990-cı ilin parlament seçkilərində keçmiş prezident Ayaz Mütəllibovun siyahısı ilə o zamankı Ali Sovetə deputat seçilib, ondan sonrakı bütün seçkiləri uduzub.
Özü də onun namizəd olduğu dairənin bütün məntəqələrində beynəlxalq müşahidəçilər olub və həmin müşahidəçilər özləri də şahid olublar ki, seçkilər tam demokratik, azad, ədalətli, şəffaf şəkildə keçirilib. Yəni, demokratik, azad, ədalətli seçkilərdə İsa Qəmbər uduzub, seçicilər tərəfindən dəstəklənməyib. Ancaq buna baxmayaraq 20 ildən çoxdur ki, Müsavatın başqanlığından getmir.
Ona görə artıq Müsavatda da belə düşünürlər ki, bu adam partiyanı getdikcə geriyə aparır və Müsavat tamam iflasa doğru gedir. Bu baxımdan da istəyirlər ki, partiyadaxili dəyişikliklər etsinlər, yeni başqan seçsinlər. Ancaq bütün hallarda, dediyim kimi, seçim Müsavatın özünündür”, - deyə, YAP rəsmisi daha sonra sözlərinə əlavə edib.









































































































