“Rusiyanın siyasi sistemi olduqca geridə qalıb”

Hazırda oxunan: “Rusiyanın siyasi sistemi olduqca geridə qalıb”

42408

Ukraynada baş verən məlum proseslər və bu olaylar fonunda Yanukoviçin devrilməsi son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Ukraynadakı prosesləri təhlil edən bəzi ekspertlər hesab edir ki, bu ölkədə yaşanan prosesləri Ukraynanın daxili işi kimi xarakterizə etmək doğru deyil. Onların fikrincə, əslində Ukraynadakı proseslərə daha geniş, qlobal miqyasda yanaşmaq lazımdır. Belə bir yanaşma isə Ukraynadakı olayların Qərb və Rusiya arasındakı ideoloji savaşın təzahüri olduğunu göstərir. 

Siyasilərin qənaətincə, Ukrayna bir sıra özəlliklərinə görə, həm Qərb, həm də Rusiya üçün prinsipial əhəmiyyət kəsb edən bir dövlətdir. Belə ki, Rusiya üçün Ukrayna istər insan resursuna, istərsə də hərbi və iqtisadi potensialına görə yaradacağı yeni imperiyanın ən mühüm halqasını təşkil edirdi. Hansı ki, məhz bu halqa Qərb dəyərlərinin Şərqə doğu genişlənməsində başlıca maneə rolunu oynamalı idi Qərb üçün isə Ukrayna SSRİ-nin dağılmasına rəğmən hələ də post-sovet məkanını öz təsir dairəsində saxlayan Rusiya ilə ideoloji mübarizədə ən mühüm poliqon idi ki, bu poliqonda təşəbbüsü ələ almaq ilk raunddan qalib çıxmaqla yanaşı, gələcək uğurlar üçün də zəmin rolunu oynayırdı.

 

“Rusiya imperiya ideologiyasını dirçəltmək istəyir”

 

Moderator.az-a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Ukraynada baş verənlərin savaş xarakteri aldığını, lakin bu savaşın ideoloji müstəvidə özünü göstərdiyini vurğuladı. Politoloqun fikrincə, Ukrayna olayları mütərəqqi Qərb siyasi sisteminin Rusiya ideologiyası üzərindəki qalibiyyəti kimi dəyərləndirilə bilər: ”Mən Ukrayna prosesləri Qərblə Rusiya arasında baş verən savaş kimi dəyərləndirməzdim. Burada məsələ başqadır. Qərbin ideologiyası ən qabaqcıl ideologiyadır. Qərbin siyasi sistemi də ən qabaqcıl siyasi sistemdir. Rusiyanın siyasi sistemi isə ən geridə qalmış siyasi sistemdir. Ideologiyası isə ümumiyyətlə yoxdur. Rusiya imperiya ideologiyasını dirçəltmək istəyir. Xalq isə bunu sevmir və istəmir. Məsələ bundan ibarətdir”.

 

“Yanukoviç öz xalqını aldatdı”

 

Ekspertin fikrincə, bu gün Ukraynada yaşanan iqtisadi böhran və ictimai-siyasi təlatümlərə görə bütün məsuliyyət Yanukoviç və onun komndasının üzərinə düşür: “Rusiya kimi avtoritar tipli rejim Ukrayna xalqını faciəyə gətirib çıxardıb. Gördüyünüz kimi, Ukraynanın xəzinəsi bom-boşdur. Xəzinəni iki ayın içərisinbdə Maydanmı boşaltdı, yoxsa bu, Yanukoviçin “xidmətidir”? Təbii ki, Yanikoviuç və onun komandası Ukraynanı bu cür pis vəziyyətə gətirib çıxartdı”.

V.Quluzadənin bildirdiyinə görə, Ukraynadakı proseslər xalqın birmənalı şəkildə Avropaya inteqrasiya xətti tutduğunu və bu yoldan imtina etmək niyyətində olmadığını göstərdi: “Ukrayna xalqı mətin xalqdır və bu xalq Avropaya inteqrasiya iradəsini ortaya qoydu. Yanukoviç öz xalqını aldatmışdı. Bildirmişdi ki, biz Avropaya doğru gedirik, bu istiqamətdə iş aparırıq və  s. Lakin bunun üçün lazımi sənədləri imzalamadı”.

 

“Qərb dəyərləri olmadan xalqın talan edilməsinin qarşısını almaq mümkünsüzdür”

 

Politoloqun qənaətincə, müasir dünyada Qərb siyasi sisteminin bütün xalqlar tərəfindən sevilməsinin başlıca səbəbi bu sistemin xalqların və fərdlərin azadlığını, qanunun aliliyini  təmin etməsi ilə bağlıdır: “Əslində proseslərə qlobal miqyasda baxsaq görərik ki, Ukraynada Qərb-ABŞ ideologiyası, Qərb siyasi sistemi qələbə çalıb.  Bu sistem xalqlar tərəfindən sevilir. Çünki Qərb sistemi qanunun aliliyini təmin edir. Qərb sistemi mətbuat azadlığını, məhkəmə azadlığını təmin edir. Bu isə cəmiyyətdə oğurluğun qarşısını alır. Başqa cür xalqın talan edilməsinin qarşısını almaq mümkün deyil. Bu baxımdan prosesləri Qərb ideologiyası və dəyərlərinin qələbəsi kimi xarakterizə etmək olar. Bu, rus imperiyasının məğlubiyyətidir”.

V.Quluzadənin sözlərinə görə, Rusiya əbəs yerə çürük siyasi sistemi və olmayan ideologiyasına istinad edərək öz mövqelərini qoruyub saxlamağa çalışır: “Rus imperiyası bir dəfə Nikolay vaxtında 1917-ci ildə darmadağın olub. Həmin dönəmdə bəzi müstəqil respublikalar, o cümlədən də 1918-ci ildə Azərbycan Demokratik Respublikası yaranıb. Amma qırmızı bolşevik imperiyası özünü demopkratiya, qanun ölkəsi kimi bəyan edərək müstəqillik qazanan dövlətlərin suverenliyinə son qoydu. Sovet imperiyasının çökməsi ilə kommunist ideologiyası da çökdü. Dünyada biabır oldu. Heç bir yerdə də bu ideologiyanı tanımır və dəstəkləmirlər. Rusiya bu ideologiyaların qalıqlarından istifadə edib özünü birtəhər saxlamaq istəyir. Bu baxımdan Ukrayna olaylarında Qərbin Rusiyaya qələbə çaldığını iddia etmək olar”.

 

Seymur Əliyev

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin