Prezident İlham Əliyev İstambul səfəri əsnasında müsəlman dünyasına çağırış edib. Ölkə başçısı növbəti dəfə islam ölkələrini Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb və məscidləri dağıdan bir ölkə ilə hansısa islam dövlətinin dost olmasının mümkünsüzlüyünü vurğulayıb.xa0
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov ölkə başçısının çox maraqlı və məntiqli bir məsələyə toxunduğunu söyləyib:
“Bildiyiniz kimi, prezident İlham Əliyev İstambulda D-8 iqtisadi əməkdaşlıq təşkilatının dostluq zirvə görüşündə iştirak edib. Hər zaman olduğu kimi bu görüşdə də ölkə başçısı Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi addımlar atıb. Ölkə başçısının öz çıxşında diqqət çəkdiyi məqamlardan biri də bəzi dövlətlərin islamla terrorizm arasında bərabərlik qoymaq cəhdləri olub. Prezident bunu yanlış addım kimi dəyərləndirib və qeyd edib ki, islam və terrorizm bir-birinin əksidir.xa0
Ölkə başçısı bildirdi ki, Azərbaycan islam həmrəyliyi işinə ciddi töhfələr verir. 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunub. Bu istiqamətdə mühüm tədbirlər keçirilib. Sayca IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin paytaxtında keçirildi. Bu oyunlara 54 ölkədən üç minə yaxın idmançı qatıldı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz islamafobiyaya qarşı öz qəti mövqeyini ortaya qoyub. Lakin təəssüf ki,müsəlman aləmində bu məsələ ilə bağlı lazımi birlik yoxdur. Müsəlman aləmində fundamental məsələlərlə bağlı birliyə daha ciddi ehtiyac var. Bu konteksdə ölkə başçısı ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə məscidləri dağıtması məsələsinə diqqət çəkdi. Qeyd etdi ki, heç bir halda məscidləri dağıdan ölkə ilə müsəlman ölkələri arasında dostluq ola bilməz. Bunu birdəfəlik dərk etmək lazımdır. Əks halda, bunun çox ciddi fəsadları ola bilər.
Ermənistan diplomatiyası bəzən belə bir fon yaratmağa çalışır ki, guya onun müsəlman dünyasına fərqli mövqeyi var. Bəzi müsəlman ölkələri ilə ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində müəyyən addımlar da atıb. Bu isə tamamilə islam həmrəyliyinə ziddir. Çünki Ermənistan torpaqlarımızı işğal etməklə yanaşı, müqəddəs abidələrimizi, məscidlərimizi də dağıdıb. Nəzərə almaq lazımdır ki, hər bir müsəlman ölkəsində məscidlərə Allahın evi kimi çox böyük ehtiram var. Bu baxımdan məscidləri dağıdan bir ölkə ilə müsəlman ölkələri arasında hansı dostlqudan söhbət gedə bilər? Bu, qəbuldilməzdir. Ölkə başçısı bütün müsəlman dünyasını bu məsələdə diqqətli olmağa səsləyib”x9d.
Seymur Əliyev



































































































