Türkiyənin Aksaray şəhərində İraqa gedən sərnişin avtobusunun yoldan çıxması nəticəsində baş verən qəzada 44 nəfər yaralanıb.
Bizim.Media bu barədə TRTHaber-ə istinadla xəbər verir.
Sürücüsünün şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 65 BJ 369 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Niğdə-Ankara magistral yolunun Babakonağı mövqeyində naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.
Qəzadan sonra bölgəyə tibb, Milli Tibbi Xilas Qrupu, yanğınsöndürmə və jandarma qrupları cəlb edilib. Hadisə yerində edilən ilkin tibbi yardımdan sonra yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılaraq müalicə altına alınıblar.
Qeyd olunub ki, 41 sərnişinin və 3 işçi heyətin olduğu avtobusun qəzaya düşməsi nəticəsində hər kəs xəsarət alıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media
































































































