Türkiyə ölkənin mənəvi dəyərlərini əsas gətirərək, ABŞ-yə məxsus və göyərtəsində LGBT turu təşkil olunan kruiz laynerini qəbul etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Jurnalistlərin araşdırmasına görə, "Scarlet Lady" yaxtası "Atlantis Events" şirkəti tərəfindən "Afina - Venesiya" marşrutu üzrə keçirilən "tematik kruiz" üçün icarəyə götürülüb. Səyahətdə təxminən iki min nəfərin iştirakı planlaşdırılıb. Məlum olub ki, onların yarısı Amerika Birləşmiş Ştatlarının vətəndaşlarıdır. Digər iştirakçılar isə Böyük Britaniya, Kanada, Avstraliya və digər ölkələrdən gələnlərdir.
Telekanalın məlumatına görə, layner iyulun 7-də Türkiyənin liman şəhəri olan Quşadasında lövbər salmalı idi, növbəti dayanacaq nöqtəsi isə İstanbul olaraq nəzərdə tutulmuşdu. Lakin Türkiyə hakimiyyəti gəminin "cəmiyyətimizin təməllərinə və mənəvi dəyərlərimizə uyğun olmayan davranışları ilə tanınan" qruplar tərəfindən icarəyə götürüldüyü üçün ölkənin ərazi sularından keçməsinə icazə verməyib.
"Atlantis Events" şirkətinin rəhbəri Riç Kempbell bu qərarı görünməmiş hadisə adlandırıb. Onun sözlərinə görə, firmanın mövcud olduğu 36 il ərzində ilk dəfədir ki, sərnişinlərin tərkibinə görə gəminin ölkəyə girişindən imtina edilib.
"Atlantis Events"dən bildiriblər ki, indi layner Türkiyə əvəzinə Misirin Qahirə şəhərinə və Yunanıstanın Krit adasına yan alacaq.
Bizim.Media































































































