Livan parlamentinin sədri Nəbih Berri mayın 31-də öz nümayəndəsi vasitəsilə ABŞ administrasiyasına şiə təşkilatı "Hizbullah"ın İsraillə tam və dərhal atəşkəsə hazır olduğunu çatdırıb. Həmçinin bu atəşkəsin yerinə yetirilməsinə zəmanət verməyə hazır olduğunu ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalına Berrinin müşaviri Əli Həmdan məlumat verib.
"Mən bazar günü ABŞ-ın Beyrutdakı səfiri Maykl İsseyə zəng etdim və sədr Berrinin adından bildirdim ki, "Hizbullah" hərtərəfli atəşkəsin təmin edilməsi üzrə öhdəlikləri tam şəkildə öz üzərinə götürməyə hazırdır və biz buna zəmanət verməyə hazırıq", — deyə nəşr onun sözlərindən sitat gətirib.
Həmdan əlavə edib ki, Vaşinqton administrasiyası həftəsonu "qismən atəşkəs" təklif etmişdi. Bu təklif İsrailin Beyruta hücum etməmək vədinə qarşılıq olaraq, "Hizbullah"ın İsrailin şimal hissəsinə zərbələrini dayandırmasını nəzərdə tuturdu.
Portalın mənbəsinin bildirdiyinə görə, ABŞ rəsmiləri cavab olaraq Berriyə bildiriblər ki, İsrailin Baş naziri Benyamin Netanyahunun tam atəşkəsə razı olması ehtimalı çox azdır.
Bizim.Media


































































































