Pezeşkiandan nazirlərə Azərbaycanla bağlı TAPŞIRIQ

Hazırda oxunan: Pezeşkiandan nazirlərə Azərbaycanla bağlı TAPŞIRIQ

616057

Bu gün İran Prezidenti Məsud Pezeşkianın sədrliyi ilə əsas ərzaq məhsulları, dərman vasitələri və alternativ idxal marşrutlarının təminatı ilə bağlı koordinasiya iclası keçirilib.

Bizim.Media İRNA-ya istinadla xəbər verir ki, iclasda hökumətin iqtisadi blokuna daxil olan nazirlər, Mərkəzi Bankın rəhbəri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Toplantıda bazarın sabit saxlanılması və təchizat zəncirinin fasiləsiz davam etməsi üçün ölkənin logistika, ticarət və iqtisadi diplomatiya imkanlarının maksimum səviyyədə səfərbər olunmasının vacibliyi qeyd edilib.
 

İqtisadi blok nazirlərinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan danışıqlar nəticəsində quru sərhəd keçidlərinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsi aktivləşdirilib və gücləndirilib. Əsas ərzaq məhsullarının ölkəyə idxalı prosesinin davamlı şəkildə izlənildiyi bildirilib.


Prezident Pezeşkian bazarın “ağıllı idarə olunmasının” və hər hansı qiymət gərginliyinin qarşısının alınmasının vacibliyini vurğulayaraq, Kənd Təsərrüfatı Nazirliyinə bəzi giriş məntəqələrindəki məhdudiyyətlərin ərzaq və dərman qiymətlərinə mümkün təsirlərini minimuma endirmək üçün dəqiq və uzunmüddətli planlaşdırma aparmağı tapşırıb.

Pezeşkian eyni zamanda ölkənin şimal limanlarının imkanlarından maksimum istifadə olunması, alternativ ticarət dəhlizlərinin genişləndirilməsi və Pakistan, Rusiya, Azərbaycan kimi qonşu ölkələrin potensialından istifadə edilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə əldə olunan razılaşmaların operativ şəkildə həyata keçirilməsini tələb edib.

Pezeşkian çıxışının digər hissəsində Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya imkanlarını daha fəal şəkildə işə salmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, əsas ərzaq məhsulları və dərman vasitələrinin alınması, daşınması və ölkəyə gətirilməsi prosesində bütün siyasi, iqtisadi və regional imkanlardan istifadə olunmalıdır ki, əhalinin təminatında heç bir fasilə yaranmasın.

İran prezidenti əlavə edib ki, ehtiyac yaranacağı təqdirdə, qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla şəxsən danışıqlar aparmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin