Türkiyənin Siirt şəhərində qanunsuz mərc oyunlarında böyük məbləğdə pul itirən şəxs qonşusu olan 2 uşaq anasını qətlə yetirib qızıllarını oğurladığına görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, hadisə 2025-ci il dekabrın 18-də Siirtin Barış məhəlləsində baş verib.
39 yaşlı Gülhan Börülcedən xəbər ala bilməyən yaxınları vəziyyətlə bağlı təcili yardım xidmətinə müraciət ediblər. Hadisə yerinə gələn polis və tibb əməkdaşları qadının bıçaqlanaraq öldürüldüyünü müəyyən ediblər. Meyit ekspertiza prosedurlarından sonra Ankarada dəfn olunub.
Siirt Respublika Prokurorluğunun başladığı istintaq çərçivəsində qadının yuxarı mərtəbədə yaşayan qonşuları – 33 yaşlı Şükrü Kaya və həyat yoldaşı 30 yaşlı Fatma Kaya saxlanılıblar.
Şükrü Kaya ifadəsində qanunsuz mərc oyunları oynadığını, böyük məbləğdə pul itirdiyini və bir müddətdir Gülhan Börülcəni öldürərək qolundakı qızıl bilərzikləri götürməyi planlaşdırdığını etiraf edib. Fatma Kaya isə ittihamları qəbul etməyib. Daha sonra məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı Şükrü Kayanın oğurladığı qızılları zərgərlik mağazasında satdığı anların təhlükəsizlik kameralarına düşdüyü üzə çıxıb. Kadrlarda onun bilərzikləri sataraq əldə olunan vəsaitin hesabına köçürüldüyünü yoxladığı və satış sənədini imzaladıqdan sonra mağazanı tərk etdiyi əks olunub.
Siirt 1-ci Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə hazırlanan ittiham aktında Şükrü və Fatma Kaya cütlüyü “qadına qarşı xüsusi amansızlıqla və planlaşdırılmış şəkildə qəsdən adam öldürmə” və “silahlı quldurluq” maddələri ilə ittiham olunublar. Fatma Kaya barəsində əlavə olaraq “cinayət izlərini gizlətmə və ya məhv etmə” maddəsi ilə də cəza istənilib.
Qərar iclasında Şükrü Kaya ittihamları qəbul edib, Fatma Kaya isə özünü təqsirsiz sayıb.
Məhkəmənin hökmü ilə Şükrü Kaya “qəsdən adam öldürmə” maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbsə, “quldurluq” maddəsi üzrə isə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Fatma Kaya isə bəraət alıb.

Bizim.Media


































































































