Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi yaxın vaxtlarda davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu proses “məntiqi müddətdə” yekunlaşdırılmalıdır.
Baş nazir, həmçinin qeyd edib ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyası prosesinin yekunlaşdırılması ilə bağlı razılığa gəlib:
“Gürcüstanla sərhədin delimitasiyası məsələsi Ermənistan hökumətinin gündəliyinə daxil edilib və bu istiqamətdə gürcü tərəfi ilə müvafiq razılaşmalar artıq əldə olunub”.
Paşinyan əlavə edib ki, Azərbaycan və Gürcüstanla sərhədlərin delimitasiyası proseslərinin başa çatdırılması Ermənistanın dövlət sərhədlərinin rəsmiləşdirilməsini faktiki olaraq tamamlayacaq.
Xatırladaq ki, Paşinyan çıxışında sərhəd qoşunlarını “sülhün rəmzi” adlandırıb və sərhədçilərin dayandığı ərazilərdə, adətən, sabitliyin hökm sürdüyünü vurğulayıb.
Bizim.Media


































































































