Türkiyədə Xocalı qətliamıyla bağlı keçirilən beynəlxalq simpoziumda iştirak edən siyasilərimizdən biri də Ədalət Partiyasının MNTK-sının sədri Ayaz Əfəndiyev olub.
Səfər çərçivəsində millət vəkili İlyas İsmayılovu müşaiyət edən Ayaz Əfəndiyevlə söhbətimiz simpozium təəssüratları barədə oldu. Ayaz Əfəndiyevin "Hürriyyət" qəzeti və Moderator.az-a verdiyi müsahibəni təqdim edirik:
-Ayaz müəllim, simpozium haqqında nə deyə bilərsiniz? Qardaş ölkədə keçirilən bu toplantı Qarabağ probleminin dünyaya çatdırılmasında nə qədər faydalı oldu?
-Simpozium Xocalı faciəsinə həsr olunmuşdu. Bu toplantının qardaş Türkiyədə keçirilməsinin xüsusi əhəmiyyəti vardı. Erməni düşmənçiliyindən təkcə Azərbaycan xalqı əziyyət çəkmir. Bizimlə bərabər Türkiyə də xarici qüvvələrin əlində silaha çevrilmiş erməni separatçılarının xəyanətilə üzləşib. Bu gün də üzləşməkdədir. Birinci Dünya savaşında, indiki terminlərlə desək, “5-ci kalon”x9d kimi Osmanlı dövlətinə arxadan zərbə vuran bu separatizm indi də boş dayanmır, Türkiyənin ən böyük baş ağrısına çevrilib. Dünyanın müxtəlif ölkələrində yaradılmış lobbilər vasitəsilə qardaş ölkəyə qarşı ictimai rəy formalaşdırmağa, beynəlxalq qınaqlara nail olmağa çalışan erməni hiyləsinə qarşı Türkiyə də əks reaksiya verməyə məcburdur. Erməni soyqırımı yalanının içüzünü ifşa etmək üçün tarixdə yaşanan hadisələri araşdırmaq, bununla bağlı beynəlxalq tədbirlər keçirmək bu məkrli siyasətə verilmiş ən yaxşı cavabdır. Zənnimcə, Türkiyənin ən böyük insanı yardım vəqfi tərəfindən keçirilən simpozium bu istiqamətdə atılmış ən gözəl addımlardan sayıla bilər. Ümidvaram ki, bu cür tədbirlər davam etdiriləcək, erməni problemi yalnız Türkiyə ictimai rəyinə təqdim olunmaqla qalmayacaq, dünyanın bir sıra ölkələrinə də daşınacaq. Nankor qonşu xəyanətinə uğrayan Azərbaycan xalqı da bu məsələdə Türkiyənin yanında olacaq və olmalıdır da.
-Simpozium dövlət səviyyəsindəmi keçirilirdi?
-Xeyr. Türkiyənin dünyaca məhşur bir xeyriyə təşkilatı var, o keçirirdi. İHH adlanan bu təşkilat yardıma ehtiyacı olan bir çox ölkələrdə insanların yaralarını sarımaqla məşğuldur. Təşkilat rəhbərlərinin bizə verdiyi bilgilərə görə, onlar Kosovadan tutmuş, Afrikanın ən ucqar ölkələrinə qədər çox geniş coğrafiyada öz hümanitar faliyyətlərini davam etdirirlər. 1995-ci ildə Bosna savaşında əziyyət çəkən boşnaklara maddi-mənəvi yardım göstərmək üçün yaradılmış İHH müharibədən sonra fəaliyyətini daha da genişləndirib. Mali, Nijer, Burkina Faso, Somali, Etiyopya, Sudan, Qana, Benin, Togo, Çad və Afrikanın digər səhraltı dövlətlərində xeyli insana hər cür yardımlar göstərir. Bilirsiniz ki, Afrikanın xüsusilə bu hissəsində insanlar olduqca acınacaqlı vəziyyətdə yaşayırlar. Bir çox Qərb ölkələrinin amansız istismarına məruz qalan afrikalılar aclıqdan, susuzluqdan əziyyət çəkirlər. Hər gün onlarla uşaq qida çatışmazlığından dünyasını dəyişir. Sağ qalanlar isə ciddi xəstəliklərə tutulurlar. Beynəlxalq təşkilatların verdiyi məlumata görə, günəş şüasından və qida yetməzliyindən tək Sudanda hər 15 dəqiqədə bir insan mirvari suyu xəstəliyndən kor olur. İHH yetkililərinin bildirdiyinə görə, bu insanlıq dramına qarşı mübarizə məqsədilə onlar 2007-ci ildən etibarən xəstələri müftə əməliyyat etdirmək kampaniyasına srart veriblər. 100.000 insana göz nuru hədiyyə etmək niyyətilə başlayan bu kampaniya bu gün də davam etdirilir. 2010-cu ildən başlayaraq türk cərrahlarının əlləriylə gündə 40 xəstə şəfa tapır. Baxın, budur türkün ən böyük özəlliyi. Tarix boyu insanlığa ədalət, nümunəvi idarəçilik bəxş etmək üçün yola çıxmış axınçıların bu günkü əcdadları da eyni prinsipi əllərində rəhbər tutublar. Qərbin imperialist siyasətinin səfalət, aclıq gətirdiyi Afrikaya türklər göz işığı aparırlar. Zaman gələcək, bu gün xeyrxahlığı ilə məzlum insanların yanında dayanan türk millətinin bu alicənablığı Allah tərəfindən də qiymətləndiriləcək. Əslində bu gün də qiymətləndirilir. Türkiyənin son zamanlar böyüməsinin, dünyadakı nüfuzunun artmasının başlıca səbəblərindən biri də bəlkə bu xeyirxahlığı ilə bağlıdır. Afrikadan tutmuş Şərqi Avporaya qədər hər kəs bu alicənablığı görür və təqdir edir. Fikrimcə, İHH-nın bu hümanitar fəaliyyəti erməni yalanlarına verilmiş ən gözəl cavabdır. Türkiyənin ən böyük insani yardım vəqfi olan İHH bütün dünyaya türk alicənablığını göstərir. Üstəlik, bu təşkilatın Türkiyə dövləti tərəfindən deyil, sadə vətəndaşlar tərəfindən mailiyyələşdirilməsi də xeyi düşündürcüdür. Bu, türk xalqı mentalitetindən gələn alicənablığın ən böyük sübutudur. Belə alicənab millət heç bir xalqa qarşı soyqırım siyasəti yürüdə bilməz.
-İHH adı dünya mediasına daha çox “Mavi Mərmərə”x9d krizisiylə yansıdı. Səhv etmirəmsə, 2010-cu il idi, Qəzzaya yardım aparan bu gəmi İsraillərin hücumuna məruz qaldı. O zaman bir çox siyasətçilər bu fəaliyyətin ənənəvi Türkiyə-İsrail münasibətlərinə ziyan vurduğunu, doalyısıyla erməni lobbisinin əlini gücləndirdiyini bildirmişdi. Siz bu fikirlərə necə baxırsınız?
-Bəli, 2010-cu ildə “Mavi Mərmərə”x9d gəmisiylə fələstinlilərə yardım aparan İHH üzvləri İsrailin hücumuna məruz qaldılar. Hətta deyəsən, gəmidə 9 türk vətəndaşı da həyatını itirmişdi. Bu hadisə, sözsüz ki, iki dövlət arasında soyuq münasibətlərin yaranmasına gətirib çıxarmalıydı və çıxardı da. Bütan bunlar düşünüldüyü kimi Türkiyənin zərərinə olmadı. Əksinə onun Yaxın Şərqdə və bütün dünyada nüfuzunu yüksəltdi. Hətta sonradan İsrail yetkililəri bu problemə görə Türkiyədən üzr belə istədilər. Bilirsinizmi, bir yola çıxdığın zaman qarşılaşacağın problemləri göz önünə almalısan. Atalarımızın çox gözəl sözü var. “Gəzən ayağa daş dəyər”x9d. Yəni, hansısa mənzilə doğru gedirsənsə, mütləq ayağına dəyəcək daşları da nəzərə almlısan. Əks halda yerində sayar, heç bir irəliləyiş göstərə bilmərsən. Hesab edirəm ki, İHH Türkiyənin böyüməsi hədəfində onun ayağı oldu. Və onun fədakarlığı nəticəsində qardaş ölkə öz yerləşdiyi coğrafiyada əsl söz sahib olduğunu göstərdi. İHH-nın bu “Mavi Mərmərə”x9d kampaniyası bir çox mifləri qırdı. O zamana qədər İsrail toxunulmazlığı, heç kimin ona “qaşın üstə gözün var”x9d deyə bilməyəcəyi qüvvə imiciylə tanınırdı. O da özəlliklə fələstinlilərə qarşı ürəyi istədiyi kimi rəftar edirdi. Atəş altında saxladığı qəzzalılara insani yardımların belə çatdırlmasına imkan vermirdi. Məqsəd hər tərəfdən sıxışdırılan fələstinlilərin öz ata-baba yurdundan köçə məcbur etmək və bu coğrafiyanı tamamilə yəhudiləşdirmək idi. İHH bu elan olunmamış embarqonu dəlməyi bacardı. Beləcə, fələstinlilərə öz yurdunu tərk etməmək yolunda ən böyük mənəvi dəstək verilmiş oldu. Üstəlik, Fələstin məsələsi dünya gündəminə daha əzmli və qətiyyətli şəkildə gətirildi. Bu gün bir çox ölkələr, o cümlədən İsrail dövlətinin strateji müttəfiqi sayılan İngiltərə Fələstini tanımaq yolunda müəyyən addımlar atır. Artıq İsraili az qala özünün 51-ci ştatı sayan ABŞ belə rəsmi Tel-əvivlə başqa tonda danışır, ona bütün arzularını həyata keçirməyə qabil olmayacağını xatırladır. Belə demək mümkünsə, İHH-nın bu çalışmaları dünya siyasətində yeni ənənələrin formalaşmasına yol açdı. Dünya siyasətinə yön vermək qədər təsirli olmaq, əlbəttə ki, istənilən xeyriyyə təşkilatının ən böyük uğuru sayıla bilər.
-Necə hesab edirsiniz, İHH-nın Fələstində başardığı bu nailiyyəti biz Qarabağ məsələsində də görə biləcəyikmi?
-Qarabağ məsələsi Fələstin məsələsiylə müqayisə olunmaz dərəcədə fərqlidir. Düzdür, bizim də ata-baba torpaqlarımız erməni qəsbkarlarının əlində qalıb. Biz də dünya dövlətlərinin ikili standart mövqeyindən əziyyət çəkirik. Fəqət bütün bunlara baxmayaraq bizim qarşımızda fələstinlilər kimi güclü rəqib dayanmır. İstər hərbi, istərsə də iqtisadi cəhətdən biz ermənilərdən qat-qat üstünük. Azərbaycan ordusu dünyanın ilk 50 ordusu arasına girəcək potensialdadır. Yeraltı və yerüstü sərvətlərimiz də ölkəmizin get-gedə çiçəklənməsinə zəmin hazırlayacaq səviyyədədir. Hesab edirəm ki, Azərbaycan dövlətinin siyasi iradəsi Qarabağ problemini istənilən zaman həll etməyə qadirdir və bu iradənin problem həll etmək arzusunda olduğu da hiss olunur. Görünür, bu iradənin ortaya qoyulmasının zamanı hələ gəlməyib. Siyasi hakimiyyətdə olmaqla müxalifətdə olmaq arasında fərq var. Biz bir müxalifət kimi Qarabağ probleminin ən qısa zamanda həllini arzulaya bilərik. Əlimizin altında kifayət qədər informasiyalar olmadığından bəzən hakimiyyətin niyə bu addımı atmadığına təəccüblənə də bilərik. Fəqət hakimiyyət öz arzuladığı kimi hərəkət etmək imkanına malik deyil. İqtidar olmaq hələ külli ixtidar sahibi olmaq mənasına gəlmir. İqtidarın hər hansı düşünülməmiş addımı nəinki problemin həllini uzada, hətta onu bizim əleyhimizə daha çox yönəldə bilər. Bəzən təmkin bütün problemlərin açarı olur.
-Simpoziuma Azərbaycandan başqa dəvət olunanlar da var idimi və onların çıxışları haqqında nə deyə bilərsiniz?
-Azərbaycandan bir çox nümayənlər dəvət olunmudu. Həm hakimiyyət, həm də müxalifət partiyalarından. Məndən başqa orda Fazil Mustafa, Akif Nağı və Azərbaycanın İstanbuldakı konsulu və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri istirak edirdi. Fazil Mustafanın da, Akif bəyin də çıxışlarını bəyəndim.
-İqtidar nümayəndələrindən kimlər var idi?
-Dedim axı, İstanbuldakı konsulumuz.
-Ayaz bəy, konsul rəsmi şəxs sayılsa da hər halda tam mənasıyla iqtidar təmsilçisi deyil, vəzifə olaraq iqtidarlı-müxalifətli bütün Azərbaycanı təmsil edir və belə toplantılara da qatılmalıdır. Mənim soruşmaq istədiyim konkret olaraq budur- simpoziumda iqtidar deputatlarından və ya hökumət nümayəndələrindən kimlər iştirak edirdilər?
-Açığı, fikir vermədim. Amma mən bilən iqtidar deputatlarından da bəzi şəxslər dəvət olunmuşdular. Mənim üçün kimlərin iştirakı vacib deyildi. Vacib olan dünyada ciddi nüfuza sahib olan, hətta gündəm yarada bilən bir qurumda Azərbaycanın dərdlərinin səslənməsiydi. Hesab edirəm ki, bu səsləndi. Azərbaycan yalnız hakimiyyətin şəxsi mülkiyyəti deyil, hamımızın vətənidir. Vətənin qeyrətini hamımız çəkməliyik. Kimlər üçünsə Azərbaycan yalnız cib dolduran çörək ağacıdırsa, özləri və vicdanları bilər. Bizim üçün vətəndir və harda onun sözü danışılır, orda bulunmaq boynumuzun borcudur. Mən üstümə düşən mənəvi məsuliyyətlərimdən cavabdehəm. Arzu edərdim ki, siz də suallarınızı bu çərçivədə verəydiniz.
Müsahibəni aldı: Nicat Türkoğlu






































































































