Türkiyənin Antalya şəhərində meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 720 nəfərə çatıb. Yanğının söndürülməsi istiqamətində işlər artıq ikinci gündür davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” məlumat yayıb.
Təxliyə dörd yaşayış məntəqəsində həyata keçirilib. Aksu rayonunun Karaöz kəndindən 10 evdə yaşayan 25 nəfər, Yumuk kəndindən 29 evdə yaşayan 105 nəfər və 18 tövlədəki heyvanlar, Yeşilkaraman kəndindən isə 40 evdə yaşayan 151 nəfər təxliyə olunub. Bundan əlavə, qonşu Kepez rayonunun Çamlıca kəndində 175 evdən 439 sakin təxliyə edilib.
Aksu rayonunun Karaöz ərazisində geniş sahəyə yayılan yanğının söndürülməsinə 3 təyyarə, 9 helikopter və çoxsaylı yerüstü texnika cəlb olunub.
Yanğının qarşısının alınması işlərində 1037 nəfər şəxsi heyət, 165 yanğınsöndürən avtomobil və 112 ədəd yardımçı texnika iştirak edir.
Yanğının söndürülməsinə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə idarələrinin əməkdaşları, həmçinin kommunal xidmətlər və meşə təsərrüfatı qurumlarının əməkdaşları da cəlb olunub.
“Habertürk”ün məlumatına görə, yanğının kritik ərazilərə yayılmasının qarşısını almaq üçün polisə məxsus xüsusi texnikadan – su şırnaqları ilə təchiz edilmiş avtomobillərdən də istifadə olunur.
Yanğın səbəbindən ərazidə mobil rabitədə fasilələr yaranıb. Problemin həlli üçün hadisə yerinə səyyar baza stansiyaları gətirilib. Həmçinin 2632 abonentin elektrik enerjisiz qaldığı bildirilir.
Bizim.Media






































































































