Səudiyyə Ərəbistanı husilərə qarşı yeni hərbi əməliyyat keçirməyi planlaşdırır və bu məsələdə Avropa ölkələrinin dəstəyinə ümid edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, Ər-Riyad xüsusilə Fransa və Böyük Britaniyadan hərbi dəstək gözləyir. Səudiyyə Ərəbistanının kəşfiyyat rəhbəri Almaniyanı da husilərə qarşı mübarizəyə qoşulmağa çağırıb.
O bildirib ki, Avropa ölkələri regionun sabitliyində maraqlı olmalıdır. Çünki Avropa həm bölgənin resurslarından, həm də mühüm ticarət marşrutlarından istifadə edir.
Səudiyyə rəsmisinin sözlərinə görə, bir neçə ay əvvəl Ər-Riyad Ərəbistan yarımadası və
Babül-Məndəb boğazı üçün hərbi təhlükəsizlik və müşahidə sistemi yaradılmasını təklif edib. Lakin onun sözlərinə görə, heç bir Avropa ölkəsi bu təşəbbüsə qoşulmayıb.
“Avropa boğazın təhlükəsizliyinin təmin olunmasından böyük fayda əldə edə bilərdi. Bu halda gəmilər Süveyş kanalına və daha sonra Avropaya maneəsiz hərəkət edə bilərdi. Avropa bu təşəbbüsə qoşulmalı idi”, - deyə o bildirib.
Kəşfiyyat rəhbəri hazırda husilərə qarşı mübarizədə Səudiyyə Ərəbistanına dəstək verən ölkələrin də olduğunu qeyd edib. Onun sözlərinə görə, Fransa bu prosesdə iştirak edir, Böyük Britaniya isə havada yanacaq doldurma imkanları ilə dəstək göstərir.
O, Misir və digər ölkələrin də bu təşəbbüsə qoşula biləcəyini bildirib. Həmçinin Pakistan və Türkiyənin silah-sursat, təchizat və kəşfiyyat məlumatları ilə dəstək verdiyi qeyd olunub.
Bizim.Media


































































































