“Qarabağ”ın “Tvente” ilə qarşılaşmaları artıq Avropa futbolunda özünəməxsus tarixə çevrilib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, 2009-cu ildən başlayan rəqabətdə Ağdam klubunun heyətində illər ərzində çoxsaylı dəyişikliklər olub.
Lakin bir futbolçu bu uzun yolu keçərək, Niderland təmsilçisinə qarşı meydana çıxıb – Bədavi Hüseynov.
Komandaların bu gecə Niderlandda keçirilən görüşü 7-ci qarşılaşma olub. “Qarabağ” bu dəfə Kadi Borgesin 52-ci dəqiqədə vurduğu qolla “Tvente”ni 1:0 hesabı ilə məğlub edib.
Bu oyunda da Ağdam klubunun start heyətində yer alan Bədavi Hüseynov üçün qarşılaşma xüsusi əhəmiyyət daşıyıb. Çünki təcrübəli müdafiəçi düz 12 il əvvəl, 2014-cü ildə “Tvente” ilə qarşılaşan “Qarabağ”ın heyətində də yer almışdı. Həmin tarixi heyətdə yer alan futbolçuların böyük əksəriyyəti artıq “Qarabağ”da deyil. Bəziləri karyerasını başa vurub, bəziləri isə başqa klublarda çıxış edir. Bədavi Hüseynov isə həmin heyətdən bu günə qədər Ağdam klubunda qalan yeganə futbolçu kimi diqqət çəkib.
2014/2015 mövsümündə “Qarabağ” və “Tvente” UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlmişdi. Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Niderlanddakı cavab görüşündə isə komandalar 1:1 hesablı heç-heçə etmiş və “Qarabağ” səfər qolu sayəsində tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Bu dəfə isə “Qarabağ” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Bədavi Hüseynov 2012-ci ildə “Sumqayıt”dan “Qarabağ”a transfer olunub. Müdafiəçinin keçidi üçün Ağdam klubu 160 min dollar ödəyib. O vaxtdan etibarən Bədavi “Qarabağ”ın əsas müdafiəçilərindən birinə çevrilib və artıq 14 ildir komandanın formasını geyinir. Onun hazırkı bazar dəyəri isə təxminən 100 min avro qiymətləndirilir.
Bədavi Hüseynov bu illər ərzində “Qarabağ”ın çoxsaylı çempionluq və kubok uğurlarının bir hissəsi olub. Premyer Liqada Ağdam klubunun heyətində 267 oyuna çıxan müdafiəçi 5 qola imza atıb.
İndiyə qədər iki komanda arasında keçirilən 7 oyunda “Qarabağ” 2 qələbə qazanıb, “Tvente” də 2 dəfə qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb.
İndi isə komandaları 8-ci qarşılaşma gözləyir. Cavab oyunu 27 avqustda Bakıda keçiriləcək. Bədavi Hüseynov həmin görüşdə də meydana çıxarsa, onun “Tvente” ilə uzunmüddətli futbol hekayəsi daha bir səhifə ilə zənginləşəcək.
Bizim.Media






























































































