Yay mövsümünün sonlarında yetişən və süfrələrimizin ən çox istifadə olunan nemətlərindən biri - üzüm zəngin vitamin, mineral və antioksidant tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Müxtəlif sortları ilə seçilən üzüm orqanizmin enerji tələbatının ödənilməsinə, ürək-damar sisteminin fəaliyyətinin dəstəklənməsinə və həzm prosesinin yaxşılaşdırılmasına kömək edən faydalı qida mənbəyidir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva üzümün insan sağlamlığı üçün faydalarından danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, üzümün tərkibində C və K vitaminləri, kalium, mis, müxtəlif mineral maddələr, təbii şəkərlər və pəhriz lifləri ilə yanaşı, orqanizm üçün faydalı bioloji aktiv maddələr də var. Xüsusilə tünd rəngli üzüm sortlarında antioksidant xüsusiyyətə malik polifenolların miqdarı daha yüksəkdir.
“Üzümün tərkibindəki polifenollar və digər antioksidant birləşmələr hüceyrələrin sərbəst radikalların zərərli təsirindən qorunmasına kömək edir. Bu maddələr orqanizmdə oksidləşdirici stressin azalmasında, ürək-damar sisteminin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Üzümün tərkibindəki kalium isə ürəyin funksiyalarını tənzimləməyə töhfə verir”, – deyə Sevil Abduləliyeva bildirib.
Dosent qeyd edib ki, üzüm təbii karbohidratlarla zəngin olduğundan orqanizm tərəfindən tez qəbul olunan enerji mənbəyidir. Meyvənin tərkibindəki su və pəhriz lifləri isə həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Lakin üzümün faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onun gündəlik qəbul miqdarına diqqət yetirmək lazımdır. Çünki bu giləmeyvədəki təbii şəkərin miqdarı digər bəzi meyvələrlə müqayisədə daha yüksəkdir.
Mütəxəssis vurğulayıb ki, üzümün faydalarından maksimum yararlanmaq üçün onu mövsümündə və təzə halda istehlak etmək daha məqsədəuyğundur:
“Meyvəni qəbul etməzdən əvvəl bol axar su altında yaxşı yumaq, zədələnmiş və xarab olmuş gilələri ayırmaq vacibdir. Üzümün uzun müddət otaq temperaturunda saxlanılması onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də meyvənin sərin şəraitdə və saxlama qaydalarına əməl olunmaqla qorunması tövsiyə edilir”.
S.Abduləliyeva əlavə edib ki, üzümdən müxtəlif qida məhsullarının hazırlanmasında, o cümlədən kişmiş, şirə və digər ənənəvi nemətlərin istehsalında geniş istifadə olunur. Bununla belə, üzüm şirəsi və xüsusilə qurudulmuş üzüm təzəyə nisbətən daha konsentrasiyalı şəkər ehtiva etdiyindən onların istehlakında da ölçülü olmaq vacibdir.
Sağlam və balanslı qidalanmada mövsümi meyvə və giləmeyvələrə üstünlük verilməsi orqanizmin müxtəlif qida maddələri ilə təmin olunmasına imkan yaradır. Üzüm də düzgün miqdarda qəbul edildikdə gündəlik rasionun faydalı və dadlı komponentinə çevrilir. (mənbə: azertag.az)
Bizim.Media
































































































