Moderator.az millət vəkili Zahid Orucun bayram təbrikini oxucuların diqqətinə çatdırır:
"Təvəllüd tarixi təkcə fərdlərə aid deyil. Millətlərin bətnindən doğulan varlıqların da həyatında əlamətdar günlər mövcuddur. Doğrudur, müstəqil Azərbaycanın təqvimi elə yüklüdür ki, orda qırmızı və qara rənglərin dəqiq harmoniyasını tapmaq elə də asan deyil. Lakin bütün məhrumiyyətlərə baxmayaraq, milli iradəni vahid bir orqanizmdə-dövlətdə birləşdirmək mümkün olub. Siyasi və sosial statusundan asılı olmadan, hər kəsin hesablaşacağı fakt budur.
Cümhuriyyət məfkurəsi azadlığı tərənnüm edir, xalqın özgüvənini artırır və hər bir fərdin potensialını üzə çıxarmağa şərait yaradır. İndi keçmiş sovet nəslinin tarixdəki yerinə də, xanlıqlar dövrünə də ayıq nəzərlərlə baxmaq, ibrətamiz nəticələr çıxarmaq imkanındayıq. 28 may istiqlalını ərsəyə gətirənlərə, müasir Azərbaycan dövlətinin qurucusuna- müstəqlilliyin təkcə bəyənnamə və aktlardan ibarət olmadığını dünyaya nümayiş etdirən böyük Liderimizin ruhuna ən yüksək hörmət və ehtirammızı göstərmək də bizim insanlıq borcumuzdur. Dəyərlər hər kəsə layiqli qiymət verməkdən başlanır!
Rəşadətli sovet şairi kimi dünyaya milli pasportunu təqdim edərək “biz varıq”x9d deyə bilməyin fərəhini sizcə hansı hislərlə ifadə etmək olar? Hamınızı qanadları üstünə alan müstəqilliyin istənilən daxili sarsıntıya, fəlakət və işğala sonda qalib gələcəyinə ürəkdən inanın. Bəli, millətlər şəxsiyyət vəsiqələrini qanlı mübariziələrdə qazanırlar. Azadlıq təkcə xiyabanlar deyil, həm də uğur və qələbə səlnamələri yazan milyonlarla insan deməkdir. Hər birimizin həyatda qurban və itkiləri olacaqdır, lakin təki dövlətimiz var olsun. Təki dövlətimiz bir daha itirilməsin!
Ad günü mübarək olsun, dövlətimizin! Min yaşasın!"

































































































