Prezident: "Xalqın birinci xidmətçisi mənəm"

Hazırda oxunan: Prezident: "Xalqın birinci xidmətçisi mənəm"

41183
"Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar".

Moderator.az-ın  məlumatına görə, bunu Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransında prezident İlham Əliyev növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə daha gözəl nəticələr əldə ediləcəyinə ümidvar olduğunu deyib. 

O, hər bir dövlət məmurunun öz məsuliyyətini dərk etməli olduğunu deyib. "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin".

Dövlət başçısı qeyd edib ki,sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. "Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi".

İ.Əliyev dövlət məmurunun xalqın xidmətçisi olduğunu deyib. "Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaq. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin