“Kiminsə əlinə baxan aktyor sabah səhnəyə çıxıb kral rolunu oynaya bilməyəcək”
“Aktyorun qüruru, ağayanalığı olmalıdır. Tamadalığa qurşanan gəncin qüruru ölür. Ələ baxan adamlardan xoşum gəlmir. Kiminsə əlinə baxan aktyor sabah səhnəyə çıxıb kral rolunu oynaya bilməkdə çətinlik çəkəcək. Yaxud da heç oynaya bilməyəcək. Nəyin varsa, bu sənin qismətindir. İstərdim ki, peşəkar aktyorlarımız özləri ilə, obrazları ilə qürurlansınlar. Xalq bizi bizdən yaxşı tanıyır”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktyoru İlham Namiq Kamal deyib.

“Biz elə böyük sənətkarlarımızı itirmişik ki, onlar dünya səviyyəli aktyorlar olublar. İndi Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Əliabbas Qədirov, Yaşar Nuri kimi sənətkarlar var?! Çırağnan da axtarsan tapmazsan. Onlar da mənim kimi istedadlarının yarısını göstərə bildilər. O sənətkarlar üçün yaxşı senarilər, rollar yazılmalı idi. Əfsuslar olsun ki, olmadı, yazılmadı. Arzu edirəm ki, indiki gənclər öz istedadlarının tam göstərə bilsinlər” deyə sənətkar bildirib.
Sənətkar seriallarda və filmlərdə çəkilməməyinin səbəblərindən də danışıb.
“Seriallara, filmlərə dəvətlər olur, amma qazandığım şöhrəti, tamaşaçı sevgisini itirməkdən qorxuram. Mən bilirəm ki, orada çəkilsəm bütün bu sadaladığım keyfiyyətlərimi itirəcəyəm. O illərdə olan çəkilişlərdə, filmlərdə geyimlərimizi kinostudiya alırdı, biz o geyimlərlə çəkilirdik. “Qaynana” filmində elə mənim üçün 5-6 kostyum almışdılar. Deyirlər ki, “İlham müəllim, gəlin çəkilin, amma öz geyimlərinizdən istifadə edəcəksiniz”. Təkcə mənə yox, hamıya belə deyirlər. Ona görə də ucuz ətin şorbası olmaz. Biz bir filmə çəkiləndə gedib “jiquli” ala bilirdik. Jiquli də 6 min rubl idi” deyə sənətkar bildirib.
Xalq artisti “Qaynana” filmində etdiyi improvizələrdən də danışıb.

“Rejissor Hüseyn Seyidzadə zəhmli insan idi. Artıq söz deyilməyinə, artıq bir hərəkət edilməyinə icazə vermirdi. Filmdə Afəti Cənnət xalaya təhvil verdiyim bir epizod var. Orada mən “Sağ olun, getməliyəm” deməli idim. Çəkiliş vaxtı “Sağ olun” yerinə özümdən asılı olmadan “Mehriban olun” dedim. Birdən Hüseyn müəllim dedi ki, çəkilişi saxlayın. Dedim, vay, mən bunu niyə düz demədim? Gördüm kişi fikirləşir. Birdən dedi ki, bu hissəni bir də çəkirik. Dedim, Hüseyn müəllim, mən sağ ol deyim, yoxsa bunu deyim? Bilmirəm axı, nə deməliyəm. Dedi, yox, bu hissədə məhz “mehriban olun” yerinə düşdü. Mehriban olun, yəni ki qırın bir-birinizi (gülür)” deyə sənətkar bildirib.




































































































