Bakının Böyükşor gölündə suyun yaşıl rəngə boyanmasının səbəblərinin araşdırılması məqsədilə ərazidən su nümunələri götürülüb, analiz aparılıb.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir.
Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.
Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib.
Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.
Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.
Bizim.Media































































































