“Erməni terrorçuları kəndin dinc əhalisini qaz balonlarından düzəltdikləri odpüskürən silahlarla yandırıb xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirmişdilər...”
Cəmi iki həftəyə yaxın yolları Rusiya “sülhməramlı”larının Azərbaycan eko-fəalları və ictimaiyyət nümayəndələrinin ərazidə separatçı-terrorçu rejimin təbii sərvətlərimizin qanunsuz istismar faktlarını araşdırmaq üçün öz hüquqi-tarixi torpaqlarımıza girişinə qadağa qoyması məqsədi ilə Qarabağdan Ermənistana gedən yolları bağlanan separatçı və işğalçı xislətli ermənilər onlara havadarlıq edən bəzi beynəlxalq təşkilat və ölkələrlə bərabər 1988-ci ildən bəri xalqımızın başına gətirdikləri bəla və faciləri guya unudublar. Belə faciələrdən biri də bu gün 31-ci ildönümü tamamlanan Meşəli qətliamıdır...

Qısa xatırlatma:
Yenə də Xankəndindəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri amansızlıqla qətlə yetirib, 14 nəfəri yaralayıblar...
Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələrimiz tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Təəssüf ki, hazırda – 44 günlük müzəffər savaşımızdan sonra da Meşəli kəndi yenə də Rusiya “sülhməramlı” qüvvələrinin himayəsi altında bəslənən separatçı-terrorçu erməni rejiminin nəzarətindədir.

1988-1992-cı illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin fəal iştirakçı və şahidlərindən olmuş sabiq ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabının Azərbaycan mediasında ilk dəfə təqdim olunacaq bir neçə bölməsində cəmi iki gün sonra faciə yerində olmuş müəllif Meşəli faciəsinin geniş ictimaiyyətə bəlli olmayan bir sıra məqamlarını açıqlayır, Meşəli kəndinin adları unudulmaqda olan müdafiəçilərindən bəhs edir.
Bu dəfə Moderator.az oxucularına həmin kitabın “Kənd qapqara kömür libası geyinmişdi” başlıqlı bölməsini kiçik ixtisarla təqdim edirik:
“1991-ci il dekabrın 25-də Bakıda eşitdim ki, erməni yaraqlıları dekabrın 23-də Xocalı rayonunun azərbaycanlıların yaşadığı Meşəli kəndinə hücuma keçərək kəndin bir neçə dinc sakinini, polis və Milli Ordu əsgərlərini qətlə yetiriblər. Onu da öyrəndim ki, erməni yaraqlıları kənd cavanlarının və Rövşən Cavadovun rəhbərlik etdiyi xüsusi təyinatlı polis dəstəsinin rəşadəti sayəsində geri otuzdurulub. Elə həmin gün Ağdama gəldim. Vaxtilə Ağdamda Köçkünlərə yardım komissiyasının qərargahında köməkçim işləmiş Aydın Kazımovla birlikdə dekabrın 25-də Bakıdan özümlə gətirdiyim silah-sursat və ərzağı götürüb Ağdam aeroportundan vertolyotla həmin vaxt avtomobillə heç cür gedilməsi mümkün olmayan Meşəli kəndinə doğru uçduq...
...Vertolyot Meşəlinin üstündə 2-3 dəfə dövr etdi. Lakin kənddə heç kəs görünmürdü. Həyət və küçələrdə sahibsiz qalmış mal-qara vertolyotun səsindən qaçışırdı. Kənd qapqara kömür libası geyinmişdi...

Belə düşündüm ki, kəndin camaatı haradasa gizlənib... Daha bir neçə dəfə kəndin üzərində dövr etdikdən sonra vertolyotun heyət komandiri Qənbərov kənddə artıq heç kimin olmadığını güman edib Meşəliyə enmədən geri qayıtmaq istədiyini söylədi. Ancaq mən buna etiraz edib yerə enməsi üçün göstəriş verdim... Qənbərov vertolyotu aşağı endirdi, ancaq yerə təxminən 2-3 metr qalmış tullanmağımızı xahiş etdi. Çünki komandir uçağı yerə tam oturtmaqdan ehtiyat edirdi ki, yerdən havaya qalxana qədər düşmən tərəfindən vurula bilər... Xülasə, camaat üçün gətirdiyimiz ərzaqla dolu kisə və yeşikləri yerə atıb, özümüz də əlimizdəki silah-sursatla aşağı atlandıq. Qənbərova 3 saatdan sonra arxamızca gəlməsini tapşırdım...
Gəldiyimiz vertolyot bir anda gözdən itdikdən dərhal sonra ikinci vertolyotun Meşəliyə yaxınlaşıb dərhal da geri qayıtdığını görüb təəccüb etdim. Aydın Kazımov bildirdi ki, ikinci vertolyotun bizi mənzil başına çatanadək müşayiət etməsini o tapşırıbmış...
Kəndə həmişə getdiyimiz açıq yolla yollanmağa ehtiyat etdik... Qırxqız dağından axan Badara çayı Meşəlidən keçir. Onun suyu olduqca soyuq, göz yaşı kimi dumduru və bu kəndin insanları kimi safdır... Qərara aldıq ki, çayın kənarıyla hərəkət edək. Ərzaq isə hələlik vertolyotla endiyimiz talada qaldı...
Çay kənarıyla kəndə doğru hərəkət etməkdə fikrim o idi ki, Hüseyn kişi və jurnalist Əli Mahmudgilin məhəlləsinin yanından keçərək kəndin mərkəzindəki məktəbin yanına çıxıb oradan da Alışgilə qalxıb kəndin müdafiəsi ilə bağlı tədbirlər görək... Mənim əlimdə pulemyot, Aydında isə avtomat silah var idi... Bir az irəliləmişdik ki, irəlidə sıx meşədə budaqların tərpəndiyini sezdim. Dərhal silahlarımızı hazır vəziyyətə gətirdik və “Kimsiniz” deyə səsləndim. Cavab gəldi ki, “Qorxmayın, özünüzünkülərdi”... Bu dəm meşənin sıx ağacları arasından çıxan həmin vaxt “OMON” adlanan xüsusi təyinatlı polis dəstələrinin bir bölüyünün komandiri olan Rövşən Cavadovu uca boyundan tanıdım... Yanında 15-20 nəfər döyüşçü də vardı... O, mənimlə əvvəlcə hərbi qaydada, sonra isə qucaqlaşaraq görüşüb bir az çaşqın şəkildə soruşdu: "Əlisaab müəllim, bəs bura necə gəlib çıxdınız?.."
Beləcə Meşəlidə ilk gördüyümüz Rövşən Cavadov oldu... Qısaca necə gəldiyimizi danışdıqdan sonra Cavadovdan Meşəlinin gerçək vəziyyətini soruşdum. Cavab verdi ki, vəziyyət olduqca ağırdır. Kənd hər tərəfdən düşmən silahlı qüvvələrinin mühasirəsi və nəzarəti altındadır.
“Əilisaab müəllim, çəkiləsi dərd deyil. Heç faşist də belə hərəkət etməzdi. Quldurlar sakinlərdən apara bildiklərini aparıblar, apara bilmədiklərini güllədən keçiriblər. Evlərə, ot tayalarına od vurublar və mal-qaranı qırıblar. Bu erməni faşistləri nə qədər vəhşiləşiblərsə, hətta meyitləri belə, yandırıblar” -deyə Rövşən ürək yanğısı ilə əlavə etdi.
Söhbət edə-edə kəndin mərkəzinə çatdıq. Rövşən orada ermənilərin gecədən pusquda dayanıb səhərə yaxın kəndə hücuma keçdikləri təpənin ətəyindəki meyit yanıqlarının torpaq üzərində qalmış izlərini bizə göstərəndən sonra dedi: “3 gündür ki, Respublika Daxili İşlər Naziri Tofiq Kərimovdan əvəz olunmağımız üçün qüvvə göndərilməsini gözləsək də, hələlik bir cavab və nəticə yoxdur”.
Elə bu vaxt Rövşəngili əvəz etməyə göndərilmiş, Şuşadan gizli dağ cığırlarıyla piyada gələn Şəki Polis Şöbəsinin əməkdaşlarından ibarət bir dəstə Meşəliyə çatdı... Сamaat üçün gətirdiyimiz ərzağı Rövşənin döyüşçüləri gedib taladan kəndin mərkəzinə gətirdilər. Həmin ərzağı və silah-sursatı Şəkidən gələn polis döyüşçülərinə verdik...
Meşəli kəndinin erməni-rus döyüşçülərindən azad edilməsi əməliyyatında iştirak etmiş Hüseynağa Abdullayevin dediklərindən:

“1991-ci il dekabrın 23-də Ağdamda eşitdik ki, erməni-rus yaraqlıları Meşəli kəndinə hücuma keçiblər. Rövşən Cavadovun rəhbərlik etdiyi 18 nəfər döyüşçü ilə Meşəli kəndinin yaxınlığındakı Qaragav kəndinə uçduq. Meşəliyə daxil olanda düşmən qüvvələri kənddə idi. Düşmənlə atışa-atışa kəndin mərkəzinə daxil olduq.
Kənd camaatının əksəriyyəti çoxlu sayda düşmən qüvvəsinin qarşısında tab gətirə bilməyib, kəndi tərk etmişdi. Erməni terrorçuları kəndin dinc əhalisini qaz balonlarından düzəltdikləri odpüskürən silahlarla yandırıb xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirmişdilər. Camaatın heyvanlarını da güllələmişdilər. Qətlə yetirilənlərin meyitlərinin, çoxlu sayda yaralının Qaragav kəndinə aparılmasına köməklik göstərdik...
Kənd cavanlarının, başqa kəndlərdən köməyə gələn camaatın və orada olan polis əməkdaşlarımın köməyi ilə Meşəlini elə həmin gün düşmən qüvvələrindən azad edə bildik.... 1991-ci il dekabrın 25-də Meşəli kəndinin üstündə bir neçə dəfə dövrə vuran bir vertolyotun bu kəndlə ermənilərin çoxlu sayda sıx yaşadıqları Badara kəndi arasındakı talaya enməsini görüb tələsik ora getdik. Gördük ki, vertolyotun yerə enməsinə az qalmış onun içərsindən yerə bir neçə kisə və yeşik atdılar. Sonra vertolyotdan yerə iki nəfər tullandı və o, uçub getdi. Onlar ətrafa xeyli göz gəzdirib sıx meşəliklə Qırxqızdan üzüaşağı axan çaya doğru hərəkət etdilər. Bu vaxt onların düşdüyü yerə yaxınlaşan ikinci vertolyot həmin ərazinin üzərində bir dövrə vurub birinci vertolyotun adrınca üzü Ağdam istiqamətinə geri qayıtdı...
Həmin adamlar bizə yaxınlaşmağa 5-6 metr qalmış Rövşən Cavadov təəccüblə dedi: “Gələn ədliyyə naziri Əlisaab Orucovdur, gedək qarşılayaq”.
R.Cavadov Ə.Orucovla görüşüb xeyli söhbət etdi. Birlikdə kəndin mərkəzinə qalxdıq. Əlisaab müəllim onunla birlikdə Meşəliyə gələn Aydın Kazımovla da bizi tanış etdi. R.Cavadov Əlisaab müəllimə soydaşlarımızın ermənilər tərəfindən yandırılaraq qətlə yetirildikləri yerləri göstərdi... O həmçinin bildirdi ki, ermənilər yaxınlıqdakı Badara kəndinə çox canlı qüvvə və silah-sursat toplayıblar... Dekabrın 24-də mən bir nəfərlə Badara kəndinə kəşfiyyata gedərək oradakı vəziyyəti öyrənib Rövşən Cavadova məruzə etmişdim. Kənddə müasir silahlarla silahlanmış çoxlu sayda rus və erməni əsgərinin olmasını yəqin edib ermənilərə qarşı hazırladığımız hücum planını təxirə saldıq...
Meşəliyə bizi əvəz etməyə Şuşada ezamiyyətdə olan Şəki Polis Şöbəsinin əməkdaşları gəlib çıxdı. Biz Əlisaab müəllimgilin talaya boşaltdığı kisə və yeşikləri kəndin mərkəzinə gətirib ərzağı, onların gətirdiyi bir torba əl qumbarasını silahlarla birgə Şəki polis əməkdaşlarına təhvil verdik... Biz Meşəli kəndində ermənilər tərəfindən iki güllə yarası almış və düşmənin ölmüş hesab etdiyi ağır vəziyyətdə olan 16 yaşlı Elmira adlı qızı da xərəkdə apararaq vertolyota mindirib bir neçə dəqiqədən sonra Ağdam aeroportuna çatdıq. Oradan Elmiranı Ağdam xəstəxanasına gətirib ona təcili yardım göstərilməsini təşkil etdik”.
Meşəli kəndinin işğal olunduğu günləri Aydın Kazımov belə xatırlayır:
“Həmin günlərdə Şuşanın Malıbəyli, Quşçular və vilayətin azərbaycanlılar yaşayan digər kəndlərinə ermənilərlə rusların intensiv hücumları başlandı. Meşəlinin işğal olunduğunu eşidən Əlisaab müəllim Bakıdan birbaşa Ağdam aeroportuna gəldi. O, özü ilə gətirdiyi silah-sursatı və ərzağı vertolyota yığıb kəndə tək uçmaq istədi. Mən onun oraya tək getməsinə imkan verməyib zorla özümü vertolyota sala bildim. Aeroportda ikinci vertolyotun komandiri Yavərdən xahiş etdim ki, biz havaya qalxandan 10 dəqiqə sonra Meşəli kəndi istiqamətində bizim vertolyotu müşayiət etsin və uçduğumuz vertolyot vurularsa, xilasetmə tədbirləri görsün. Çünki həmin gün Meşəli kəndində rus-erməni silahlı dəstələri ilə bizim oradakı müdafiə qüvvələrimiz arasında ara-sıra döyüşlər gedirdi... Şükür Allaha ki, Meşəliyə həmin gün sağ-salamat uçub geri qayıda bildik. Çünki bundan bir ay əvvəl ermənilər Qarakənddə Tofiq İsmayılovgilin uçduğu “Mi-8” vertolyotunu vurandan sonra yaman fəallaşmışdılar. Və keçmiş vilayətə uçan vertoyotlarımızı daim atəşə tutaraq vurmağa cəhd göstərirdilər...”
(Davamı var)
Təqdim və şərh etdi: Sultan Laçın



































































































