Kolumbiyada 35 yaşlı tibb bacısı Yelin Patinyo “TransMilenio” nəqliyyat şirkətinin 60 nömrəli avtobusu marşrutu ilə simvolik nikah bağlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Bildirilir ki, qadın 10 yaşından etibarən mexaniki obyektlərə qarşı xüsusi maraq hiss edib və uzun illərdir ictimai nəqliyyata xüsusi bağlılığı olub. Onun sözlərinə görə, söhbət konkret avtobusdan deyil, məhz avtobusun hərəkət etdiyi marşrutdan gedir.
Patinyo H60 xəttini ilk dəfə 2006-cı ildə televiziyada görüb. Lakin marşrutla şəxsən 2022-ci ildə Boqotaya səfəri zamanı tanış olub.
Qadın bu bağlılığını simvolik toy mərasimi ilə rəsmiləşdirmək qərarına gəlib. Dostları ona gəlinlik seçməkdə, şənliyin təşkilində və toy tortunun alınmasında kömək ediblər.
Nəqliyyat işçilərinin həmkarlar ittifaqı da Patinyonun təşəbbüsünü dəstəkləyərək bu “birliyi” təsdiqləyən sənəd təqdim edib. Daha sonra qadın sevdiyi marşruta həsr olunmuş tatuaj da etdirib.
Patinyo uzun müddət bu qeyri-adi münasibəti ətrafındakı insanların onu qınayacağından və lağa qoyacağından ehtiyat etdiyi üçün gizli saxlayıb. Lakin nəqliyyat şirkətinin şəhər metro şəbəkəsinin inkişafı ilə əlaqədar marşrutu yaxın illərdə ləğv etməyi planlaşdırması onun qərarını dəyişib.
Qadın marşrutun ləğv ediləcəyi ehtimalının ona ciddi emosional təsir etdiyini bildirib. O, “evliliyi” barədə ictimaiyyətə danışaraq məsələyə diqqət çəkməyə və avtobus xəttinin qorunmasına nail olmağa çalışır.
Patinyo hazırda ictimai nəqliyyata olan hisslərini əks etdirən musiqi əsəri üzərində də çalışır.
Bizim.Media































































































