Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib.
Bununla bağlı MMX 25 sentyabr 2026-cı il tarixdə xüsusi qərar qəbul edib.
Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib.
MÖVZU İLƏ BAĞLI:
Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirildi
Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.
Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq.
Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.
Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib.
Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Nəzərə alaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu.
Sözügedən mexanizm ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Və bir çox insan qərardan narazılığını ifadə etmişdi.
Artıq MMX öz qərarına müəyyən düzəliş edib. Bəs daha hansı düzəlişlərin edilməsi vacibdir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, elektron köçürmələrinin ümumi məbləğinin 20 min manatdan 50 minə qaldırılması normaldır:
“Çünki az-çox əmək fəaliyyəti olan ixtiyari şəxs ildə 20 min manatdan çox köçürmə əməliyyatı aparır. Ona görə də nağdsız əməliyyatlara limitin qoyulması və artıq əməliyyat üçün sənəd tələb edilməsi məntiqsizdir. Çünki nağdsız əməliyyata limitin tətbiqi ilk növbədə nağd əməliyyatlara meydan verir. Halbuki hökumətin əsas hədəflərindən biri odur ki, ölkədə bütün əməliyyatlar nağdsız şəkildə aparılsın.
Digər tərəfdən mövcud qanunvericilik elədir ki, ixtiyari şəxs bankı aldada bilər. Məsələn, bir il ərzində 50 min manatlıq köçürmə edərkən pulun mənbəyini soruşan bankın sorğusuna vətəndaş mücərrəd bir cavab verə bilər-“babamdan qalıb”. Vəssəlam. Bank bundan artıq hərəkət edə bilməz. Ona görə də nağdsız köçürmələrə konkret limit qoyulması o qədər də uğurlu deyil.
Bunun əvəzində gəlirlərin bəyan edilməsinin gündəmə gətirilməsi daha vacibdir.
Gəlirlərin bəyan edilməsi ilə bağlı qanun 2005-ci ildə qəbul edilsə də, hələ ki, tətbiqinə başlanılmayıb. Əgər bu qanunun tətbiq edilsə, o zaman hər kəsin qazancının və etdiyi əməliyyatların dəqiq mənbəyi bilinər. Bununla yanaşı MMX tərəfindən bəzi qərarlara yenidən baxılması vacibdir. Çünki insanlara sərbəstlik verilməlidir ki, onlar öz vəsaitlərini daha rahat idarə edə bilsinlər. Bundan həm dövlət, həm banklar, həm də vətəndaşlar qazanclı çıxar”.
Surxay Atakişiyev, Bizim.Media































































































